Cəzasının yarıdan çoxunu çəkmiş şəxs azadlığa çıxmaq istəyir Cəzasının yarıdan çoxunu çəkmiş şəxs azadlığa çıxmaq istəyir

Tanınmış şirkətin satış meneceri yenidən hakim qarşısında

Cəzasının yarıdan çoxunu çəkmiş şəxs azadlığa çıxmaq istəyir

"Mur-Ay" Məhdud Məsuliyyətli Cəmiyyətin satış üzrə meneceri işləyən Ağayev Səhriyar Meyxoş oğlu həbsdən azad olunmaq üçün yerli rayon məhkəməsinə müraciət edib.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.3.2 və 178.3.1-ci maddələri ilə məhkum olunan S.Ağayevin məhkəmə prosesinə Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov sədrlik edəcək.

Qeyd edək ki, 2013-cü il may ayının 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Mur-Ay" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov, sədr müavini Bəybala Sultanov, "Azərbaycan" Nəşriyyatında direktor müavini vəzifəsində işləyən Qalib Məmmədbəyli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Elxan Hüseynov barəsində 15 il, Qalib Məmmədbəyli - 10 il, Bəybala Sultanov - 13 il, Seyfəddin Səfərov - 10 il, Şəhriyar Ağayev - 11 il, Vaqif Söhbətov - 12 il və Novruz Muxtarov barəsində 11 il həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, "Mur-Ay" MMC-nin sədri Hüseynov Elxan Balaxan oğlu, "Azərbaycan" Nəşriyyatında direktor müavini vəzifəsində işləyən Məmmədbəyli Qalib Məmməd oğlu və qeyrilərinin qabaqcadan əlbir olub mütəşəkkil dəstə yaradaraq, Cəmiyyət tərəfindən Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək Bakı şəhəri sakini Quliyeva Elmira Tofiq qızı və başqalarına qarşı dələduzluq etmələri faktı üzrə 4 noyabr 2010-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Bundan başqa, Səbail rayon məhkəməsinin qərarı ilə Cəmiyyət tərəfindən vergi qanunvericiliyinə əməl edilməsi vəziyyətinin yoxlanılması Vergilər Nazirliyinə həvalə edilib. 14 fevral 2011-ci il tarixdə mütəşəkkil dəstənin üzvləri "Azərbaycan" Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Məmmədbəyli Qalib Məmməd oğlu, "Mur-Ay" MMC-nin sədr müavini Sultanov Bəybala Qabil oğlu, "Mur-Ay" MMC-də mühasib vəzifəsində işləyən Muxtarov Novruz Şükür oğlu, Cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Söhbətov Vaqif Mehdixan oğlu, Cəmiyyətdə satış üzrə menecer işləyən Ağayev Səhriyar Meyxoş oğlu, Səfərov Seyfəddin Ədalət oğlu və şirkətin sədri Elxan Hüseynov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Azər
AzNews.az