- Siyasi müzakirə
- 15:26
- 1 013
"İndi top İrəvanın meydanındadır, məsələ onu hansı istiqamətə vurmaqdır" – AÇIQLAMA
"Azərbaycanla Ermənistan arasında sülh prosesində artıq əsas məsələ kimin nə dediyi deyil, kimin nə etdiyi məsələsidir. Nikol Paşinyanın sülh müqaviləsinin paraflanması, imzalanması və təsdiqlənməsinin vacibliyindən danışması müsbət mesajdır. Ancaq diplomatiyada niyyətlə nəticə arasında bəzən böyük məsafə olur. Azərbaycan öz siyasi iradəsini və sülhə hazırlığını konkret addımlarla nümayiş etdirib. İndi əsas məsuliyyət Ermənistanın üzərinə düşür".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin paraflanması, imzalanması və təsdiqlənməsinin vacibliyini vurğulaması İrəvanın sülh prosesinə dair növbəti mesajı kimi diqqət çəkir. Bununla belə, Ermənistan rəhbərliyinin bəyanatlarının real siyasi addımlarla nə dərəcədə müşayiət olunacağı, xüsusilə də konstitusiya dəyişikliyi məsələsində konkret irəliləyişin nə zaman baş verəcəyi açıq sual olaraq qalır. Sülh prosesinin davamlılığı yalnız siyasi bəyanatlardan deyil, tərəflərin üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsindən də asılıdır.
Deputatın sözlərinə görə, Paşinyan əslində iki fərqli siyasi reallıqla üz-üzədir.
"Bir tərəfdə Azərbaycanla münasibətləri normallaşdırmaq, regional kommunikasiyaları açmaq və Ermənistanı uzun illərin təcridindən çıxarmaq imkanı var. Digər tərəfdə isə revanşist dairələrin təzyiqi, daxili siyasi rəqabət və cəmiyyətin müəyyən hissəsində hələ də mövcud olan köhnə stereotiplər dayanır. Paşinyan məhz bu iki reallıq arasında seçim etməlidir. Konstitusiya məsələsi isə prosesin ən mühüm siyasi və hüquqi sınağıdır. Azərbaycan üçün Ermənistanın daxili siyasi quruluşu deyil, onun əsas qanununda ölkəmizin ərazi bütövlüyünə qarşı iddialara hüquqi istinad yaradan müddəaların aradan qaldırılması prinsipial əhəmiyyət daşıyır. Sülh müqaviləsi imzalanacaqsa, onun gələcəkdə hüquqi mübahisələrin girovuna çevrilməyəcəyinə təminat olmalıdır. Burada bir məqamı da unutmayaq. Ermənistanın daxili siyasi problemləri Azərbaycanın üzərinə qoyula bilməz. Seçkilər, siyasi reytinqlər, müxalifətin təzyiqləri İrəvanın daxili məsələsidir. Azərbaycan öz milli maraqlarını başqa ölkədəki seçki təqviminə uyğunlaşdırmaq məcburiyyətində deyil. Hesab edirəm ki, Paşinyan sülhün Ermənistan üçün alternativsiz strateji seçim olduğunu anlayır. Lakin bunu anlamaqla həmin seçimin siyasi məsuliyyətini daşımaq fərqli məsələlərdir. Qarşıdakı siyasi proseslər Ermənistan rəhbərliyinin nə qədər ardıcıl və qətiyyətli olduğunu göstərəcək. Prosesin uzanması ehtimalı qalır, amma bu, Ermənistanın özünün itirəcəyi imkanların da artması deməkdir. Azərbaycan üçün sülh sadəcə diplomatik sənəd deyil, regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasıdır. Bakı bu istiqamətdə mövqeyini aydın ifadə edib və prinsipial şərtlərini ortaya qoyub. İndi top İrəvanın meydanındadır. Ancaq məsələ topu nə qədər saxlamaq deyil, onu hansı istiqamətə vurmaqdır. Ermənistan ya keçmişin siyasi girovluğundan çıxaraq gələcəyini quracaq, ya da gələcəyini yenidən keçmişin girovuna çevirəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az