​"Moskva Ermənistana qarşı iqtisadi sanksiyalara əl atacaq" - TƏHLİL

"Ermənistanla Ukrayna arasında münasibətlər normal istiqamətdə inkişaf edir. Belə ki, bu il Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfər edib. Bu səfər Rusiyanın etirazı ilə qarşılanıb. Paşinyan isə müstəqil siyasət yürütmək niyyətində olduğunu və Ermənistanın heç bir ölkədən, xüsusilə də Rusiyadan asılı vəziyyətə düşməsinə imkan verməyəcəyini bəyan edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Qeyd edək ki, Varşava Təhlükəsizlik Forumu çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ukraynalı həmkarı Andrey Sibiqa ilə bir araya gəlib. Görüş zamanı tərəflər Ermənistan-Ukrayna münasibətlərinin mövcud vəziyyətini və əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər. Nazirlər siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd etməklə yanaşı, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması imkanları ətrafında da fikir mübadiləsi aparıblar.

Siyasi şərhçi bildirib ki, Ermənistan Ukraynaya humanitar yardım göstərməklə yanaşı, onun ərazi bütövlüyünü də dəstəkləyir.

"Göründüyü kimi, Ermənistan hökuməti Qərblə əməkdaşlıq çərçivəsində Ukrayna ilə münasibətləri də yaxşılaşdırmağa çalışır. Təbii ki, Rusiya bu yaxınlaşmanı narazılıqla qarşılayır və Ermənistan tərəfinə yenidən etirazını bildirə bilər. Eyni zamanda, Ermənistanın Ukrayna ilə münasibətlərini inkişaf etdirməsi Rusiyanın müəyyən iqtisadi addımlar atmasına səbəb ola bilər. Moskvanın bu yaxınlaşmaya cavab olaraq Ermənistana qarşı kənd təsərrüfatı və ya digər sahələrdə məhdudiyyətlər tətbiq etməsi istisna deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az