"İran uzun müddətdir təcrid şəraitində fəaliyyət göstərir və buna əvvəlcədən hazırdır" – Siyasi şərhçi

"İrana qarşı təcrid siyasəti yeni deyil. Yaxın Şərqdə müharibə başlamazdan əvvəl də belə bir proses mövcud idi. İran öz iqtisadiyyatını və fəaliyyət mexanizmlərini məhz bu şəraitə uyğunlaşdırıb. Lakin Yaxın Şərqdəki müharibədən sonra İranın zəiflədiyi, eyni zamanda hakimiyyətin toxunulmazlığını və mövqelərini qorumağa xidmət edən bəzi mexanizmlərin əvvəlki effektivliyini itirdiyi müşahidə olunur. Bununla əlaqədar olaraq, beynəlxalq səviyyədə İranın daha sərt şəkildə təcrid olunmasına yönələn təşəbbüslər də mövcuddur. Xüsusilə ABŞ İrana qarşı iqtisadi və ticarət blokadasını daha da sərtləşdirmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirir. Yəqin ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən addımların atıldığının şahidi ola bilərik".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, İranın regional və beynəlxalq siyasəti ilə bağlı narahatlıqlar diplomatik müstəvidə daha qabarıq şəkildə özünü göstərir. 29 ölkənin xarici işlər nazirlərinin Tehrana qarşı təxribatlar, kiberhücumlar və digər hibrid fəaliyyətlərlə bağlı ittihamlar səsləndirməsi ölkəyə yönələn təzyiqlərin mümkün nəticələrini gündəmə gətirib. Beynəlxalq səviyyədə bu cür mövqenin formalaşması İranın xarici əlaqələrinə, iqtisadi imkanlarına və diplomatik manevr imkanlarına təsir edə bilər. Bununla yanaşı, əsas sual artan təzyiqlərin rəsmi Tehranın mövcud siyasətində dəyişiklik yaradıb-yaratmayacağıdır.

Siyasi şərhçi bildirib ki, İranın beynəlxalq təcrid təhlükəsindən narahat olduğunu düşünmək doğru olmaz.

"Çünki İran onsuz da uzun müddətdir beynəlxalq təcrid şəraitində fəaliyyət göstərir. Üstəlik, ölkənin ən yaxın qonşuları ilə münasibətləri belə gərgin və ziddiyyətli xarakter daşıyır. Bu baxımdan, İranın beynəlxalq təcridə və bu istiqamətdə mümkün təzyiqlərə əvvəlcədən hazırlaşdığını ehtimal etmək olar. Belə bir vəziyyətin rəsmi Tehranın, daha dəqiq desək, İrandakı radikal hakimiyyət dairələrinin geri çəkilməsinə səbəb olacağı isə inandırıcı görünmür. Çünki mövcud hakimiyyət hər hansı təzyiq qarşısında geri addım atarsa, bu, ölkə daxilində də əks-səda doğura və hakimiyyətin öz mövqelərini qorumasını daha da çətinləşdirə bilər. Bu səbəbdən, hansı təzyiqlərin və ya təcrid tədbirlərinin həyata keçirilməsindən asılı olmayaraq, İranın hazırkı mövqeyini israrla qorumağa çalışması daha real görünür".

Rəfiqə Namazəliyeva,

AzNews.az