Müəlliməni intim görüntüləri ilə şantaj edənlər hakim qarşısında

Təqsirləndirilənlərdən biri, elə zərərçəkənin həmkarı olub

Qadın müəllimi intim görüntülərini ilə şantaj edən 2 nəfər 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məhkum olunan Zalov Yaqub Nazimoviç və Hümbətova Səkinə Hüseyn qızının məhkəmə prosesinin hazırlıq iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Zalov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, S.Hümbətovaya şərti cəza verilib.

Belə ki,ötən il martın əvvəllərində Yaqub Zalov paytaxt sakini olan bir qadın barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, zərərçəkmişdən 5100 manat pul alıb. Həmin ayın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Zalov təkrar, həmin qadından 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Zalov bu əməli tanışı S.Hümbətovla birgə həyata keçirib. Zərərçəkmiş qadın Bakı şəhərində, məktəblərin birində müəllimə işləyir. Belə ki, S.Hümbətovada onunla birgə həmin məktəbdə işləyib.

Azər
AzNews.az