Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücüyə 13,6 il həbs cəzası verildi

O, mayın 11-də tutularaq istintaqa cəlb edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən İlham Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib, Təqsirləndirilən şəxsin vəkili və təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.

Müşavirədən sonra hökm elan edib. Hökmə əsasən, İ.Həsənov 13 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində, 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi “Mercedes” markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobil toqquşub. “Mercedes” markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.