Bakıda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlandı

Hazırda araşdırmalar davam etdirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, M. Ə. Sabir küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Arif Oruc oğluna məxsus evdə “Daşkəsən balı” əmtəə nişanı adı altında saxta bal məhsulunun qablaşdırılması müəyyən olunub.

AzNews.az xəbər verir ki, agentliyin əməkdaşları sözügedən ünvana baxış keçirilib, baxış zamanı bal məhsullarının sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadan yaşayış evinin həyətində qablaşdırılaraq satışa çıxarıldığı aşkarlayıb.

Qablaşdırılan bal məhsulundan nümunələr götürülərək laborator analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.