“Kişi kimi deyirəm…” “Kişi kimi deyirəm…”

Prokuror Rövşən Əkbərov cəza istədi, general çıxış etdi

“Kişi kimi deyirəm…”

Həbs edilən general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Proses Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutur.

Prosesdə hadisə vaxtı Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi “Sikora” kafesinin işçilərinin ifadələri elan edilib.

Onlar hadisə günü Rövşən Əkbərovun səfirlikdə və restoranda olduğunu təsdiqləyiblər.

Bildirilib ki, hadisə günü mərhum Elçin Əliyev restoranda başqa masada olan Rövşən Əkbərovun şərəfinə “Cənab zabit” mahnısını sifariş edib.

Mübahisəyə səbəb isə Elçin Əliyevin R.Əkbərova “mən səfirliyə gələndə siz samovar qaynadırdız” deməsi olub. R.Əkbərov isə cavabında “mən sənin üçün çayxanaçı deyiləm” deyib. Sonra da qətl hadisəsi baş verib.

Generalın vəkilləri şahidlərin yalan danışdığını, əvvəlki ifadlərinin fərqli olduğunu bildiriblər.

Prosesin davamında general Rövşən Əkbərov da ifadə verib. O, ifadəsində aşağıdakıları bildirib:

"2001-ci il mayında Ukraynadakı səfirlikdə "Azərbaycan günləri" keçirilirdi. Orada hərbi atteşe kimi iştirak edirdim. Gecə səfirliyin işçisi olan Səbuhidən anam və qızımı aparmasını istədim. O da apardı, sonra da mən oğlumu da götürərək evə getdim. Səhəri gün Yalçın Qocayev zəng etdi ki, bizi səfirliyə çağırırlar. Bildirdi ki, Elçinlə Qüdrəti vurublar. Mən də səfirliyə getdim. Orada eşitdim ki, Azərbaycandan nümayəndə heyəti gəlir, Nazim İbrahimov da onların arasındadır.

Bakıda qəzetlərdə şəkilimi qoyaraq Rövşən Əkbərovun olduğu yerdə qətl törədilməsini yazıblar. Bundan sonra bildirdilər ki, Nazim İbrahimov Elçin Əliyevin ailəsinə zəng edib və deyib ki, onu Rövşən Əliyev öldürüb. Mən də Nazim İbrahimovun harada olduğunu soruşdum. Ondan belə bir hadisədə mənim adımı niyə hallandırmasını soruşdum. Nazim İbrahimov bildirdi ki, nə danışırsız, siz iqtidarın adamısız. Mən elə bir söz deməmişəm.

Bakıya gələndə tədbirdə Nazim İbrahimovu gördüm. Orada yanımızda çox adam var idi. Nazim İbrahimova dedim ki, adam kişi olar, üzdə bir söz deyirsiz, arxada başqa söz. Nazim İbrahimov da həmin vaxt mənə dedi ki, o başqa heç nə deməyib. Mən burada olduğum vaxt bir nəfər deyən olmadı ki, gəl söhbət edək, görək sənin adın niyə bu işdə çəkilir".

O kafedə olmamışam. Mənə ayıb olardı ki, general formasında kafeyə gedim. Bu qətlin mənə aidiyyatı yoxdur. Onların kiminləsə problemi var, bunu araşdırsınlar. Kişi kimi deyirəm ki, bu qətllə əlaqəm yoxdur. Nəyə desən and içə bilərəm”,- deyə o bildirib.

Hadisə günü kafedə olmadığını deyən R.Əkbərov kurs keçmək üçün Ukraynaya getdiyini bildirib.

Prokuror çıxışında cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və maddələri ilə təqsirli bilinməsini istəyib. Prokuror
Əkbərovun 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Mərhum Elçin Əliyevin vəkili isə R.Əkbərova 15 il cəza verilməsini istəyib.

Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.