- Qanundan kənarda
- 5 May 2022 12:46
- 8 868
Şirkətin pulunu mənimsəyən şəxsə elektron qolbaq taxılıb
O, şirkətin 15 849 manat məbləğində pulunu mənimsəyib
Bakıda mənimsəmədə təqsirləndirilən Fariz Orucova hökm oxunub və o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib
Bu barədə hökm Binəqədi Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
İttiham aktına əsasən, F.Orucov "Trion Trade" MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, 3 sentyabr 2019-cu il tarixdən 15 yanvar 2021-ci il tarixədək olan dövr ərzində şirkətin 15 849 manat məbləğində pulunu mənimsəyib.
F.Orucovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-ci (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.