Cücələr yemsiz qalacaq? - İş adamından AÇIQLAMA

Hazırda yerli istehsal ölkənin quş ətinə olan tələbatını tam təmin etməyə imkan verir

Ötən həftə Dünya Quşçuluq Təşkilatı dövlət başçılarına müraciət etmişdi ki, hava nəqliyyatının fəaliyyətini məhdudlaşdırması quşçuluq sektoruna ciddi zərər vura bilər. Belə ki, yumurtadan təzə çıxmış cücələrin bir ölkədən digərinə daşınması üçün maksimum müddət 72 saatdır. Buna görə də cücələr əksər hallarda təyyarələrlə daşınır. Hava nəqliyyatının fəaliyyəti məhdudlaşdıqda isə cücələri təyinat nöqtəsinə vaxtında çatdırmaq mümkün olmayacaq.

Belə bir təhlükə Azərbaycan quşçuları üçün də varmı?

AzNews.az bildirir ki, Aqrar sahədə istehsalla məşğul olan “Xəmsə” MMC-nin rəhbəri, iş adamı Mürvət Həsənlinin musavat.com-a dediyinə görə, Azərbaycandan xaricə cücə ixrac olunmur: “Bizə cücələr Türkiyə və Rusiyadan idxal olunur. Buna görə də avtomobil nəqliyyatı ilə maksimum 46-48 saata ölkəyə gətirmək mümkündür deyə bu sahədə problem olacağı gözlənilmir. Bizim üçün əsas təhlükə yem və yem qatqıları ilə bağlı yarana bilər. Ümid edirəm ki, bu məhsulların ehtiyatları var ölkədə. Çünki koronavirus infeksiyasına qarşı bütün dünyada tətbiq olunan sərt karantin tədbirləri yem və yem qatqılarının ölkəyə gətirilməsinə problem yaradacaq. Bilmirəm, hazırda ölkədə bu məhsulların ehtiyatı nə qədərdir, amma məndə olan məlumata görə, quşçuluq təsərrüfatlarının çoxunda yem və yem qatqıları 1-2 həftəyə bitəcək. Əgər idxal təmin olunmasa, ciddi problemlər yaşana bilər”.

İş adamı bildiri ki, quşçuluq təsərrüfatları uzunmüddətli yem bazası formalaşdırmaqda çətinlik çəkirlər: “Vəsaitimiz olsa, 3-6 aylıq yem və yem qatqılarını alıb qoyarıq, yeni mövsüm məhsulu gələnədək. Banklar qısamüdətli dövrdə - yarımillik kreditlər ayırsalar, çox böyük dəstək olar bizə. Bu kreditlərin maksimum faizi 5 olmalıdır ki, payızda biz onu qaytara bilək. Bundan artıq faiz olarsa, payızda onu qaytarmaq çətin olar. Bu baxımdan, dövlətin faizlərə verdiyi dəstək elə olmalıdır ki, quşçuluqda ümumi faiz 5-dən yuxarı qalxmasın. Əks halda, kreditlərin effekti olmayacaq”.

M.Həsənli bank xidmətlərinin bahalı olduğunu deyir: “Banklar biznesin qiymətləndirməsinə kreditin 1-1,5 faizi qədər xidmət haqqı müəyyənləşdiriblər. Bu isə çox yüksək bir məbləğdir. Bundan əlavə, kredit sənin bank hesabına köçəndən sonra oradan xərcləmələrdən də bank xidməti haqqı tutulur. Bu da böyük məbləğdir – 500 min manata 20-30 min manat pul itkisinə səbəb olur. Ötən il Prezidentin fərmanı ilə əhalinin kredit borcları dövlət tərəfindən kompensasiya olundu və hər banka 100-120 milyon manat vəsait köçürüldü. İndi banklar bu vəsaitlərdən daha aşağı faizlə biznesə kredit vermək istəmirlər. Ən aşağı faiz 16-dır. Onun üstünə qeyd etdiyim xərclər də gələndə 20 faizə gəlib çıxır kredit. Bu baxımdan, hesab edirəm ki, tətbiq olunacaq dövlət dəstəyi mexanizmlərindən biri olaraq faizlərə dəstək bizim üçün əlverişli vəziyyət yaradacaq”.

İş adamı onu da vurğuladı ki, hazırda yerli istehsal ölkənin quş ətinə olan tələbatını tam təmin etməyə imkan verir.