Aprel ayından etibarən hazırki tarixədək 86659 monitorinq keçirilib və 10268 nöqsan aşkar olunub Aprel ayından etibarən hazırki tarixədək 86659 monitorinq keçirilib və 10268 nöqsan aşkar olunub

"Sərnişin daşımalarında 80 %-dək azalma müşahidə edilib" -DANX rəsmisi

Aprel ayından etibarən hazırki tarixədək 86659 monitorinq keçirilib və 10268 nöqsan aşkar olunub

“Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi çərçivəsində, avtomobil nəqliyyatı ilə yük daşımaları, taksi xidmətləri və avtobusla şəhərdaxili müntəzəm sərnişin daşımaları ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb”.

AzNews.az xəbər verir ki, bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi avtomobil nəqliyyatı vasitəsilə daşımaların vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələri barədə məlumat verərkən deyib:

“Statistik məlumatlara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsi çərçivəsində normal rejimdə gün ərzində daşınan sərnişinlərin sayı təxminən 2 milyon 56 min nəfər təşkil edirdi. Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin 3 mart tarixində tətbiq olunan təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı məhdudiyyətdən sonra 4 mart tarixində avtobusla şəhərdaxili, rayondaxili və şəhərlərarası, rayonlararası sərnişin daşımalarında artıq orta hesabla təxminən 21%-lik azalma müşahidə olunaraq gün ərzində daşınan sərnişinlərin ümumi sayı təxminən 1 milyon 624 min nəfər təşkil edib. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 23-də qəbul edilmiş qərar əsasında Azərbaycan Respublikasında 24 mart tarixindən etibarən 20 aprel tarixinədək xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında daşımalar istisna olmaqla ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti tam dayandırıldığından və əhalinin “icazə” tətbiq edilməklə hərəkəti məhdudlaşdırıldığından aprel ayı ərzində sərnişin daşımalarında stabil azalma olub. Normal rejimlə müqayisədə sərnişin daşımalarında təxminən 80 %-dək azalma müşahidə edilib”.

Nuridə Allahyarovanın sözlərinə görə, normal iş rejimində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları üzrə sərnişin daşımaları 12 hüquqi şəxs və 13 nəfər fiziki şəxs tərəfindən yerinə yetirilirdi:

“Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 68 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 66 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 61 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 195 avtobus istismar edilirdi. Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında sərnişin axını azaldığı üçün istismar olunan avtobusların sayı da sərnişin axınına uyğunlaşdırılıb. Buna müvafiq olaraq sərnişin daşımaları 7 hüquqi şəxs və 13 fiziki şəxs tərəfindən davam etdirilib. Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 32 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 53 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 54 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 139 avtobus istismar edilir.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları ilə aprel ayı üzrə 497885, may ayı üzrə 674310, iyun ayı üzrə 590020 sərnişin və iyul ayı üzrə 417070 şərnişin olmaqla, ümumilikdə 2179285 nəfər sərnişin daşınıb.

Aprel ayından etibarən hazırki tarixədək 86659 monitorinq keçirilib və 10268 nöqsan aşkar olunub. Aparılan monitorinqlər işəgötürənin işçilərini qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla təmini (monitorinq sayı 18106, nöqsan sayı 956), dayanacaqlarda və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada gəzməyi və məsafə saxlamağı təşviq edən maarifləndirici plakatların yerləşdirilməsi (monitorinq sayı 10581, nöqsan sayı 1045), vətəndaşlardan tibbi maska taxmalarını tələb edən və sosial məsafənin saxlanılmasının zəruriliyini bildirən maarifləndirici məlumatlar yerləşdirilməsi (fəaliyyətinə icazə verilən 8 avtovağzal və avtostansiyada monitorinq sayı 95, nöqsan sayı 6), avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün daşıyıcılar tərəfindən şəffaf arakəsmələrin quraşdırılması (monitorinq sayı 11868, nöqsan sayı 1015), taksilərdən istifadə edən müştərilərin yalnız arxa oturacaqlarda oturmasının təmini (monitorinq sayı 12844, nöqsan sayı 3257), taksi sürücüsü ilə arxadakı oturacaqlar arasında şəffaf, hava keçirməyən arakəsmələrin quraşdırılması (monitorinq sayı 12790, nöqsan sayı 1790) və avtobusların və taksi minik avtomobillərinin fasilələr zamanı daşıyıcılar tərəfindən dezinfeksiya edilməsi (monitorinq sayı 20375, nöqsan sayı 2199) ilə bağlı məsələləri əhatə edib".

O bildirib ki, mart ayının 4-dən başlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (012) 566-52-58 qaynar xətti 7/24 rejimində fəaliyyət göstərir:

“ Eyni zamanda, zəruri materialların operativ qaydada təqdim edilməsi məqsədilə “WhatsApp” xətti istifadəyə verilib. Mart ayının 4-dən bu günə qədər qaynar xətt vasitəsilə ümumilikdə 4 min 168 müraciət daxil olub. Müraciətlərin ən çox daxil olduğu vaxt Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərarların qəbul edildiyi tarixə təsadüf edir. Hazırda qaynar xətt vasitəsilə gün ərzində orta hesabla 25-30 müraciət daxil olur”.

Səidə Vahid

AzNews.az