“Böyük Qayıdış” zamanı məcburi köçkünlərin məşğulluq məsələsi diqqət mərkəzindədir

Məcburi köçkünlərin istək və niyyətlərinin öyrənilməsi çox önəmlidir.

44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalında olan torpaqlarımızı azad etdik. Artıq dövlətimiz “Böyük Qayıdış”a hazırlaşır. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışının səmərəli şəkildə təşkil olunması hökumətin strateji hədəflərindən biridir.

Azərbaycan hökuməti repatriasiya prosesinin səmərəli təşkilindən ötrü məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənməyə qərar verib. Bu məqsədlə məcburi köçkünlər arasında sorğular keçirilir, tədqiqatlar aparılır.

ADA Universitetindən bildirilib ki, onlardan biri də “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat layihəsidir.

Layihənin tədqiqat qrupunun üzvlərindən biri, AMEA İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın verdiyi məlumata görə, bu layihə çərçivəsində 5 sorğunun (onlayn və intervyu formatında) keçirilməsi nəzərdə tutulur. Onlayn sorğu fevralın 22-dən etibarən məcburi köçkünlər üçün açıqdır. Sorğu siyasi xarakter daşımır və respondentlər üçün heç bir öhdəlik yaratmır.

R.S.Abdullayeva qeyd edib ki, “Böyük Qayıdış” zamanı mühüm olan məsələlərdən biri də məcburi köçkünlərin məşğulluğunun təmin olunmasıdır. Otuz ilə yaxın dövr ərzində öyrəşdikləri həyatı, o cümlədən iş yerini dəyişmək bu insanlar üçün, təbii ki, müəyyən çətinliklər yaradacaq. Hazırda məskunlaşdıqları yerdə onlar müxtəlif sahələrdə çalışırlar. Məcburi köçkünlər arasında şəxsi biznesini quranlar da var. Odur ki, bu insanların “Qayıdış”dan sonrakı dövrdə məşğulluğunun səmərəli şəkildə təmin olunması xüsusi yanaşma tələb edir. Bu baxımdan, məcburi köçkünlərin istək və niyyətlərinin öyrənilməsi çox önəmlidir.

Buna görə də keçirilən sorğularda məcburi köçkünlərin hazırkı məşğulluq vəziyyətinin öyrənilməsi və “Böyük Qayıdış”dan sonrakı dövrdə onların məşğulluğunun təmin olunması ilə bağlı suallar da yer alır. Bu sorğularda təkcə respondentin özünün deyil, həmçinin onun ailə üzvlərinin təhsil və məşğulluq vəziyyəti öyrənilir.

Sorğu anketlərində, respondentlərə ünvanlanan suallar içərisində onların hansı şəhər, kənd, qəsəbə və s. yaşayış massivlərinə üstünlük vermələri də soruşulur. “Qarabağa qayıdacağınız halda nə cür işlə məşğul olmaq istəyərdiniz?”, “Qarabağa qayıdacağınız halda hansı sahədə işləməyi planlaşdırırsınız?” və s. suallar məşğulluq xarakterlidir. Bu suallar vasitəsilə məcburi köçkünlərin hansı sektorda (dövlət və ya özəl), hansı sahədə (sənaye, kənd təsərrüfatı, tikinti, turizm, ticarət, səhiyyə, təhsil və s.) işləmək arzusunda olduqları öyrəniləcək.

Sorğunun nəticələri əsasında Qarabağda sahə və ərazilər (şəhər və kəndlər) üzrə potensial işçi qüvvəsi müəyyənləşdiriləcək.

Bununla yanaşı, bu sorğu tədqiqat qrupuna Qarabağda iqtisadiyyatın hansı sahələrinin (kənd təsərrüfatı, sənaye, tikinti, xidmət sektoru və s.) inkişaf etdirilməsinin zəruriliyini müəyyənləşdirməyə imkan verəcək. Beləliklə də, məcburi köçkünlərin istəklərinə uyğun iş yerlərinin yaradılması və onların işlə təminatı həyata keçiriləcək.

R.Abdullayeva bildirib ki, məcburi köçkünlər https://sorgu.ada.edu.az ünvanına daxil olub, bu sorğuda iştirak etməklə “Qayıdış”dan sonrakı dövrdə məşğulluqla bağlı islahatların həyata keçirilməsinə öz töhfələrini verə bilərlər.(AZƏRTAC)

AzNews.az