Qadınlar mütləq xəyanəti başa düşürlər Qadınlar mütləq xəyanəti başa düşürlər

Deyirlər ki, nə oldu, bəs biznesmenlə ailə qurmuşdun? - “Keyxanım”

Qadınlar mütləq xəyanəti başa düşürlər

“Keyxanım” obrazı ilə tanınan aktrisa Ülviyyə Əliyeva AzNews.az-a müsahibə verib.

- Hazırda ARB-də yayımlanan "Hüseynova bacıları" verilişinin aparıcısınız. Verilişiniz televiziya üçün əsas meyar sayılan reytinqi verirmi?

- Reytinq oynayır, amma əsas odur ki, verilişimiz baxılır, sevilir. Veriliş haqqında tamaşaçılar maraqlanır, izləyir və sevir. Mənə görə isə reytinq budur.

- Əvvəllər “ATV” və “Space” kanallarında işləmisiniz. İndi isə “ARB”-də çalışırsınız. Sizin üçün bu kanalın özəlliyi və digər telekanallardan fərqi nədir?

- Əslində, bütün işlədiyim məkanlar mənim üçün doğmadır. Bizim əsas evimiz "SOY" prodakşndır. O ailəmizlə hansı kanala gediriksə, bizə doğmalaşır. Bu kanalın rahatlığını çox sevirəm. Digər kanallar kimi mehriban kollektivi var. Həftədə bir dəfə gəlməyimə baxmayaraq mənə elə gəlir ki, hər gün bura gəlirəm.

- Siz daha çox televiziya izləyicisi, yoxsa sosial şəbəkə istifadəçisiniz?

- İşlədiyimə görə məlumatları sosial şəbəkələrdən götürürük. Amma onu da deyim ki, xoşagəlməz bəzi hadisələrin də səbəbi sosial şəbəkələrdir. Çünki əvvələr efirə çıxa bilməyən müğənnilər fəaliyyətlərini kənarda davam edirdilər. İndi isə sosial şəbəkədə istədikləri kimi piar olurlar.

Əvvəllər hər adam efirə çıxa bilmirdi. Bu gün sosial şəbəkələrdə populyar olub, özünü ulduz hesab edən müğənnilər var. Onlar musiqimizə böyük xələl gətirirlər. Sosial şəbəkələrə gəlincə İnstagramı düzgün istifadə etmək lazımdır. Məşhurların deyil, adi vətəndaşın səhifəsinə baxanda xəcalət çəkirəm.

- Tanınmış xanım olduğunuza baxmayaraq yenə də sadəliyinizi və səmimiliyinizi qoruyursunuz. Buna necə nail olursunuz?

- 21 ildir ki, bu sənətə gəlmişəm. Əziyyətimlə lazım olan pilləyə gəlmişəm.

Əlbəttə ki, arxamda ailəm də olub. Sağlam ailədə böyümüşəm. Ona görə də sənətimlə gündəmdə qalmaq istəyirəm. Amma təəssüf ki, bu gün o da yoxdur. Artıq toyumdan bir il keçib. Deməli, toyumdan altı ay keçən zaman bir jurnalist zəng etdi ki, niyə özəl gününüzdən şəkil paylaşmadınız? Dedim ki, ay qardaş, artıq toy bitib. Mən şəxsi həyatımla gündəmə gəlmək istəmirəm. Axı yaradıcılığım var. Niyə yaradıcılığım ön planda olmamalıdır? Azərbaycan Dövlət Akademik Musiqili Teatrda işləyirəm, Abdulla Şaiq adına Kukla Teatrında ilk dəfə mono tamaşa oynadım. Tamaşanı onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlar üçün oynadım. Gördüm ki, bu jurnalistə maraqsızdır.

- Axı, siz də verilişinizdə yaradacılığa yer vermirsiniz...

- Verilişin formatı budur. Amma yenə deyirəm ki, şou ilə yanaşı yaradıcılıq da var. Məsələn, müğənillər verilişə gələndə deyirlər ki, təlabat bu mahnılaradır. Deyirəm ki, dörd o tipli mahnı oxuyanda, bir dənə də yaradıcı mahnı oxuyun. Siz musiqi tariximizin davamçısınız.

- Siz və Dilarə Əliyeva ayrı-ayrılıqda veriliş aparırsınız. Bəs, həmkarınız Tünzalə Əliyevanı niyə bu kanala dəvət etmirsiniz?

- Tünzalə xanımın səhhətindəki problemə görə alınmır. Allah onu balasına bağışlasın, tezliklə sağalıb fəaliyyətinə davam eləsin.

- Ülviyyə xanım, evliliyinizi yenə də gizli saxlayırsınız?

- Bəli, axı həyat yoldaşım sənət adamı deyil. Özünə görə hörməti olan bir insandır. Ona görə də şəxsi həyatımın müzakirə edilməsini sevmirəm. Mənim üçün ailə müqəddəsdir. Yaradıcı insan mənəm. Məndən və işimdən yazın. Amma ailə toxunulmazdır. Şou xarakterli ailə qurmamışam. Hamı necə yaşayır, yaradır, karyerasını qurur, mən də elə. Şoulaşmış insan deyiləm. Sosial şəbəkədə belə çox şəkil paylaşmıram. O qədər ailə travması yaşayan, ikinci dəfə ailə qurmağa qorxan xanımlar var ki. Onlara demək istəyirəm ki, cəsarətli olun, insan daim xoşbəxt ola bilər. Xanım nağıl yaşayacağına inanmalıdır ki, onu yaşasın.

- Siz nağılı yaşadınız. Amma bir çox xanımlar ikinci dəfə ailə qura bilmirlər...

- İnsan var ki, karyera üçün yaranır. Mən ailə üçün yaranmışam. Ailəsiz yaşaya bilmərəm. Həyat yoldaşım da ailəcanlıdır. Ona görə də Allahıma şükür edirəm ki, o insanı qismət etdi.

- Həyat yoldaşınızla tanışlığınız haqda məlumat vermədiniz.

- Bu haqda danışmayacam (gülür). Həyat yoldaşım tanışlığımızdan əvvəl üç il məni sevib, amma yaxınlaşmağa qorxub. Ortaq tanışlarımız var idi. Bu insan məni iş prosesində görüb. Mən də işdə çox ciddi oluram. O, ətrafımda olub, amma görməmişəm. Bir dəfə çəkilişdə cəsarət tapdı və hisslərini bildirdi.

- Müsahibənizin birində həyat yoldaşınızın biznesi olduğunu qeyd etmisiniz...

- İş-gücü olan adamdı. İş adamı deyəndə biznesmen, villa sahibi və s. olan adam kimi düşünürlər. Hərdən deyirlər ki, nə oldu, biznesmenlə ailə qurmuşdun? Mən demişəm ki, iş adamıdır, işi olan adamdır. Yəni biznesmen deyil. Statuslarımız, ailələrimiz, qazancımız uyğundur. Eyni təbəqənin insanlarıyıq.

- Hər ikinizin ikinci evliliyinizdir.

- Bəli.

- Səhv etmirəmsə, həyat yoldaşınız Rusiyada yaşayır...

- Bakıda yaşayır, bir evdə qalırıq (gülür). İşi ilə bağlı 15-20 günlük gedib gəlir. Bunu dənizdə işləyənlər də edirlər.

- Şəxsi həyatınızı gizli saxlamaqda səbəb nədir?

- Çünki ictimailləşməsini istəmirəm. Gözəl ailə qurdum. Saytlar yazan zaman gözəl rəylər yazıldı. Amma bir-iki nəfər xoşagəlməz fikir bildirdi. Milçək bir şey deyil, ürək bulandırır. Ona görə də sosial şəbəkədə şəkil çox paylaşmıram. Niyə şəxsi həyatımdan şou yaradım?

- Ümumiyyətlə, həyat yoldaşınız mediaya meylli insandı?

- Xeyr, mətbuata çıxmağa meylli insan deyil. Həyat yoldaşım ciddi insandır və uşaq deyil ki, kamera var, gündəmə gəlim və s. kimi düşünsün. Onun da öz çevrəsi, hörməti var.

- Kişi-qadın münasibətində nəyi sevmirsiniz?

- Sevgi boş şeydir. Sevgi sonra uşağa da keçə bilər. Əsas hörmət və diqqət olmalıdır. Kişinin qadına qarşı təhqiramiz, alçaldıcı sözlər deməsi, kişinin qadına əl qaldırması mənim üçün bağışlanmaz bir haldır. Təbii ki, xəyanət də. Deyirlər ki, kişidi və xəyanət edə bilər. Bu, doğru deyil.

- Həyat yoldaşınız Moskvaya gedəndə narahat olursunuz?

- Xeyr, mənim üçün münasibətdə əsas güvəndir. İnsana güvənirəmsə, güvənirəm. Həmçinin də həyat yoldaşım mənə güvənir. Qadına hörmət edən kişi xəyanət etməz. Qadınlar mütləq xəyanəti başa düşürlər. Qadınlar var ki, uşaqlarına görə susurlar. Qorxurlar ki, həyat yoldaşı gedər. Ya da sevdiklərinə görə dözürlər.

- Ailə qurmadan öncə yəqin ki, başqa bəylər tərəfindən də evlilik təklifləri alırdınız...

- Təbii ki, hə. Xüsusilə, bəylərin anaları zəng edirdilər ki, oğlumu sizinlə evləndirmək istəyirəm. Özüm kimi insan axtarırdım. Mənim kimi ailəcanlı, mərd, zəhmətkeş olmalı və əsl kişiyə xas xüsusiyyətlərə sahib olmalı idi. Həyat yoldaşım ailəmə çox hörmət edir. Onlara görə mənim qədər narahat olur. Çox xoşbəxtəm.

Rəqsanə Həsənova

AzNews.az

image description image description image description image description