Tanıdığım insanla bir evli kimi yaşayırıq - Günay Musayeva ilk dəfə bütün gizlinləri açdı

"Hərdən aramızda belə qısqanclıqlar olur"

Türkiyədə fəaliyyət göstərən məşhur model Günay Musayeva AzNews.az saytına müsahibə verib.

- Günay xanım, yeni sezonda hansı planlarınız var?

- Yeni sezonda Nyu-Yorkda moda dəfiləsinə gedəcəyik. Orada artıq üçüncü dəfərdir ki, iştirak edirəm. Senyabrda moda ilə bağlı veriliş aparacam. Filmə çəkiləcəm. İnşallah məhsuldar bir il olacaq.

- Film hansı janrda olacaq, tərəf müqabiliniz kimlər olacaq?

- Hələ ki, bu haqda deyə bilmərəm. İnşallah yeni sezonda görəcəksiniz.

- Serial təklifləri varmı?

- Serial təklifləri də oldu. Amma veriliş aparmaqdan yanayam. Çünki serial çox vaxt aparır. Serial çəkilişi zamanı elə olurdu ki, 24 saat keçirmək məcburiyyətində qalırdım. Axı mənim özəl həyatım var.

İdman etməyə belə vaxtım olmurdu. Bu, çox üzücüdür. Bilirsiniz ki, yeddi yaşında oğlum var. Ona da vaxt ayırmaq lazımdır. Ona görə film və proqram aparmaq mənə daha çox sərf edir.

- Verilişinizi hansı kanalda aparacaqsınız?

- İnşallah, türk kanalının birində yayımlanacaq. Veriliş həftədə iki dəfə olacaq və moda ilə bağlıdır.

- Verilişinizə Azərbaycandan qonaqlar dəvət edəcəksinizmi?

- Niyə də olmasın.

- Yaxın günlərdə qeyd etdiniz ki, Bakıdan oğlunuz üçün ev almaq istəyirsiniz. Sizin eviniz yoxdurmu?

- Xeyr, Bakıda evim var. Mənzili oğlum Cahangir üçün almaq istəyirəm.

- Şəxsi həyatınızla Türkiyə mətbuatında çox müzakirə edilir. Yaxın günlərdə sevgiliniz Taha Tatlıcını bıçaqlamağınız, polisə çağrılmağınız və s. haqda xəbərlər çıxdı. Bu nə dərəcədə doğru idi?

- Elə bir şey yox idi. “Masabaşı” deyilən xəbərlər var. Ortada heç bir fakt, əsas olmadan yazılan xəbər idi. Bunun üçün artıq məhkəməyə müraciət etmişəm. "Takvim" qəzetinin jurnalistinə təzminat davası açılıb. İnşallah dava nəticələnsin. Təzminat kimsəsiz uşaqlara veriləcək. Bu “Masabaşı” yazan jurnalistlərə dərs olar və bir daha belə şey etməzlər.

- Hazırda Taha bəylə münasibətiniz necədir?

- Münasibətimiz çox yaxşıdır.

- Sizi nikah masasında nə zaman görəcəyik? Ümumiyyətlə, sizi evlənmək qorxudurmu? Yəni ki, populyarlığınız azala bilər, çərçivəyə düşə bilərsiniz və s.

- Taha ilə iki ildir ki, bərabərik. Onu çox yaxşı tanıyıram, ruh əkizimdir. Tanımadığım biri ilə evlənmişdim. Amma hazırda tanıdığım insanla bir evli kimi yaşayırıq və böyük bir sevgimiz var. Bizi belə şeylər sarsıtmır və sarsıtmayacaq.

- Amerikada üçüncü dəfə dəfilədə iştirak edəcəyinizi dediniz. Dizayner Rüfət İsmayılov Amerikada tanınır. Sizin necə orada tanınmaq, filmə çəkilmək kimi arzunuz varmı?

- Rüfət İsmayılov çox yaxın dostumdur və çox qürurverici haldır ki, Rüfət dünya starlarını geyindirir, Beyons, Cennifer Lopez və s. Mən gələcəkdə təhsil ilə bağlı Amerikaya gedəcəm. Bir müddət orada yaşamaq fikrindəyəm. Orada filmlərə çəkilməyə gəlincə bu haqda düşünməmişəm.

- Siz Türkiyədə yeganə azərbaycanlısınız ki, orada çox tanınırsınız. Bu, nə dərəcədə çətin oldu? Bunun üçün nələr etdiniz?

- Əslində, heç nə etmədim. Artıq 10 ildir ki, orada yaşayıram. Sadəcə öz işimlə məşğulam, idman edirəm. Türkiyədə model çoxdur. Onların sırasında bədən quruluşunla fərqlənmək lazımdır. Türkiyədə 34 bədən ölçüsündə yeganə modeləm. Əslində, gündəmdə qalmaq mənim üçün maraq kəsb etmir. Amma jurnalistlər məni sevirlər.

- Ətrafdan güclü xanım təsiri bağışlayırsınız.

- Əlbəttə ki, hər insanın zəif anları olur. Mən kənardan çox güclü görünürəm, amma çox duyğusal bir insanam. Hərdən olur ki, kiçik şeylər də məni ağlada bilir. Amma bunu göstərməməyə çalışıram. Məni tanıyan insanlar bilirlər ki, çöldə başqa, həyatda fərqli insanam. Dediyim kimi hər kəsin zəif anları olur. İnsan hərdən güclü olmaqdan da yorulur.

- Günay Musayeva sevgisiz yaşaya bilirmi?

- Şükürlər olsun ki, həyatımda sevgi var. Amma sevgini çox sonradan tapdım. İlk dəfə aşiq olduğum insan hazırda bərabər olduğum insandır. Yəni ki, Tahadır. Sevgi insanı həyata bağlayır. Sevgi çox gözəl hissdir. Hər kəsə sevmək, sevilmək arzu edirəm. Sevgi bizim ruhumuza yaxşı gəlir.

- Gözəlsiniz, karyeranız var. Maraqlıdır ki, Taha bəy siz qısqanır?

- Əlbəttə, qısqanır.

- Qısqanclığını necə göstərir? Yaxud da siz onu qısqanırısınız?

- Bir-birimizi qısqanırıq. Hazırda mənə yazır ki, dəfilə necə keçdi? Dəfilədən sonra nə edəcəksən? 24 saat belə şeylər olur. Sevən qısqanır. Mən dolça bürcüyəm. Çox sıxma-boğmağa dözə bilmirəm. Dolçalar ruhən sərbəst insanlardır. Hərdən mübahisə edirik. Hərdən aramızda belə qısqanclıqlar olur. Amma bu, sevgisindən irəli gəlir.

- Kim güzəştə gedir?

- Hər ikimiz güzəştə gedirik.

- Könlünüzü almaq üçün hədiyyələr alır?

- Hədiyyələrlə könlü alınacaq bir insan deyiləm. Hədiyyə, maddiyyat mənim üçün önəmli deyil. Önəmli olan dəyər vermək və sevməkdir. Mən də onun sevgisindən əminəm və çox xoşbəxtəm. Hər bir qadın xoşbəxt olmaq istəyər. Bu qədər çox sevən birinin həyatında olması özü də bir xoşbəxtlikdir. Mən bu xoşbəxtliyi bütün qadınlara arzu edirəm.

Rəqsanə Həsənova

AzNews.az