Aparıcı olduğuma görə atam evdən qovdu, dörd ay kirayədə qaldım... Aparıcı olduğuma görə atam evdən qovdu, dörd ay kirayədə qaldım...

Xarabalıqdan çıxan milyonçuyam - Aparıcı Zaur həyatı haqda ilk dəfə danışdı

Aparıcı olduğuma görə atam evdən qovdu, dörd ay kirayədə qaldım...

"Xəzər" televiziyasının tanınmış aparıcısı Zaur Nəbioğlu AzNews.az saytına müsahibə verib.

- Zaur bəy, "Olduğu kimi" verilişinin aparıcısınız. Yeni mövsümdə verilişin formatında dəyişiklik edəcəksiniz?

- Hələlik efirimiz belə davam edir. Sentyabrda isə verilişi daha rəngarəng etmək üçün formatında və studiyanın dekorunda dəyişiklik etmək istəyirik.

- Bir aparıcı kimi rəqabət apardığınız həmkarınız var?

- Bir zamanlar bütün aparıcılarla rəqabət aparırdım. Sonra bilmədiyim və yazılmamış qayda-qanun gördüm. Və buna görə rəqabət dayandı.

- Məsələn, kiminlə rəqabət aparırdınız?

- Bu gün məşhur kimi tanıdığınız bütün aparıcılarla. Amma sonra anladım ki, yalnız dildə eşitdiyimiz "İncəsənət qurban tələb edir" cümləsi həyat üçün də keçərlidir. Doğrudan da incəsənət qurban tələb edir. Məsələn, elə müqəddəs şeylər var ki, ondan keçməlisən. Bu, ailə ola bilər. Tamaşaçılara maraqlı olmaq üçün ailəni efirə gətirməlisən, sevgilisənsə, bunu bildirməlisən. Mənim sənət aləmində münasibətdə olduğum xanım olub, amma bu haqda heç yerdə məlumat verməmişəm.

- Sevgili olduğunuz xanım müğənni yoxsa aparıcı olub?

- Aparıcı da, müğənni də olub (gülür). Heç zaman şəkil, foto ilə bunu bildirməmişəm. Bəzi müğənnilər və aparıcıların özləri haqda xəbərləri sifarişli yazdırdığını düşünürəm. Məsələn, özləri deyir ki, məni vur. Antireklam da reklamdır. Sizin televiziyada etdiyiniz layihələrin bir çoxunu bu gün tanınmış aparıcılar belə edə bilməyiblər. Zeynəb Xanlarova, Fidan və Xuraman Qasımovalar bacıları verilişinizdə qonaq olublar.

Mərhum sənətkar Habil Əliyev kamanı 20 ildən sonra ilk dəfə bizim verilişdə ifa elədi və dedi ki, Zaur bunu sənə görə edirəm.

- "Rəngarəng" verilişindən sonra efirdən bir müddət uzaqlaşdınız.

- Bəli, " Rəngarəng" verilişindən sonra bir il fasilə verdim. Çünki başqa bir kanal dəvət etmişdi. Maliyyə məsələsində razılaşa bilnədiyimizə görə alınmadı. Hətta veriliş çəkilmişdi. Sonra "A-dan Z-yə" verilişimiz ANS-də davam etdi.

- Zaur bəy, sosial şəbəkədə tənqidlərdən danışdınız. Siz İnstagramda sadəcə işinizə aid şəkillər paylaşırsınız.

- Bir neçə gün öncə Şəbnəm Tovuzlu ilə rəqs edərkən çəkilən video haqda bir-iki sayt yazdı ki, çox səmimi idilər. Videoya yazılan müəyyən şərhlər xoşuma gəlmədi. Əvvəl də həmkarlarımla məclislərdə oynamışam. Bununla yanaşı Könül Muxtarova ilə rəqsimizi də videoya çəkiblər ki, ehtiraslı rəqs ediblər. Saytlar reytinq üçün müəyyən başlıqlar qoyurlar, xəbərin içini heç kim oxumur. Yazırlar ki, utanmırlar, evli adamdırlar və s.

- Axı, bu sizi deyil, daha çox Şəbnəm Tovuzlunu, Könül Muxtarovanı narahat etməlidir.

- Xeyr, sizinlə razı deyiləm. Elə bilirsiniz ki, ismət-abır yalnız qadına məxsusdur. Atam məni polis, hüquqşünas görmək istəyirdi. Polis Akademiyasına sənət vermək adıyla İncəsənət Universitetinə gəldim. Aparıcılığa başlayarkən evdə dedim ki, aprelin 1-də "Rəngarəng" verilişi yayımlanacaq. Mənə inanmadılar və aprelin 1-i gülüş günü olduğuna görə elə bildilər ki, zarafat edirəm. Aparıcı olduğuma görə atam evdən qovdu, dörd ay kirayədə qaldım...

- Bəs, o zaman maliyyə məsələlərini necə həll edirdiniz?

- Ümumiyyətlə, mən heç zaman ata pulundan istifadə etməmişəm.

- Məşhur olmaq həyatınızda heç nəyi dəyişmədi?

- Dəyişdi.

- Nəyi?

- Həyatımı. Atamın mən yaşda olanda (30 yaşım var) 10 yaşında oğlu var idi. Atamla aramda 20 yaş fərq var. Atam daha çox sabahını, mən isə bu günümü düşünən insanam. Xarici görünüşümüz də atamla çox oxşayır.

- Bildiyimə görə, uşaqlığınızda bir çox çətinliklər yaşamısınız. Amma sizin haqda əksini düşünürdük.

- 1997-ci ildə indiki Təhsil Nazirliyi yaxınlığında "semişka" satmışam. Məni "semişka" satdığıma görə lağa qoyurdular, salam vermirdilər. Bir qız sevirdim, deyirdi ki, get "semişkanı" sat. Sevilən uşaq olmamışam. Düşünə bilməyəcəyiniz qədər kasıb olmuşuq. Valideynlərim yeməyi yemirdilər ki, uşaqlar yesinlər. Sonra atam yüksək vəzifədə işlədi. Amma bu pilləyə öz sayəmdə gəlmişəm. Ofisiant, fəhlə də işləmişəm. İlk iş yerim ATV kanalı olub. Gecələr işlədiyimə görə işə gecikirdim və ona görə işdən çıxardılar. Sonra aparıcı kimi fəaliyyətə başladım.

- İllər sonra xarizmatik və tanınmış bir aparıcı oldunuz."Get "semişka"nı sat" deyənlərdə xəyal qırıqlığı yaratdınız.

- Tanındıqdan sonra 2013-cü ilə qədər şorgöz olmuşam (gülür). Bu psixoloji bir hal idi. Çünki uşaqlıqda paltarım, ayaqqabım cırıq olub. Ona görə də heç bir qızın məndən xoşu gəlmirdi. Hətta bir xatirəni danışım. Bir qıza sevdiyimi demişdim, o isə məni şikayət edərək "Semişka satan mənə sataşıb" demişdi. Məni ona görə döymüşdülər. Sonra çox xanımlarla münasibət qurdum. Bu bəlkə də uşaqlığımda yaşadığıma acıq idi. Amma daim dürüst və fədəkarlıq etməyi bacardım. Amma münasibətlərim 2015-ci ilə qədər oldu. Sonra bir xanımla ciddi münasibət yaşadım.

- Röya Ayxanla münasibətiniz necə idi?

- Biz Röya ilə dost olmuşuq. İlk dəfə efirə Röyanın rəhbərliyi ilə çıxmışam. "Rəngarəng" verilişi Röyanın rəhbərlik etdiyi "Ulduz" prodakşında çəkilib. Onunla çox yaxın olmuşam. Amma indi danışmırıq. Aramızı vurdular.

- Aygün Kazımova ilə dostluğunuzdan sonra Röya Ayxanla aranızı vurdular?

- Xeyr, səbəb başqa idi.

- 2015-ci ildən xarakterinizin dəyişdiyini qeyd etdiniz. Buna səbəb nə oldu?

- Bir xanım məni dəyişdi. Onu çox sevdim.

- Televiziya sahəsindən idi?

- Xeyr. Sözün əsl mənasında həyatımda sevgini o qızla yaşamışam. Onunla münasibətimiz üç il davam etdi.

- Bu sual digər həmkarlarınıza da ünvanlanıb. Ümumiyyətlə, boşanmış xanımla ailə qurarsınız?

- Həyat yoldaşından ayrılan xanımlar bəzi qızlardan qat-qat yaxşıdır. Evlənmərəm deyən insanın sabah bacısı, qohumu da ayrıla bilər. Çox adamın ağzı isti yerdədir.

- Mental düşüncəyə görə valideynlər subay bəyin boşanmış xanımla evlənməsini yaxşı qəbul etmirlər.

- Mental düşüncəyə görə qızlara qaş almaq olmaz, amma indi hamı qaşını alır. Mental dəyərləri qoruyan oğlan bacısına niyə demir ki, qaşını niyə almısan? Niyə qısa ətək geyinib şəhərə çıxırsan? Hər bir boşanmada bir arqument var. Əxlaqı, namusu, isməti yerindədirsə, niyə də olmasın.

- Bir çoz xanımlarla münasibət yaşadığınızı qeyd etdiniz. Münasibətinizə siz yoxsa qarşı tərəf son qoyub?

- Adətən, mən ayrılmışam, amma məni də atıblar (gülür). Amma heç zaman evlənməyə söz verməmişəm.

- Necə xanımları sevirsiniz?

- Qara, uzun saçlı qızları sevirəm.

- İlk baxışdan sevgiyə inanırsınız?

- Bəli.

- Bəlkə sarışın qıza aşiq oldunuz.

- Qara buğdayı qızlardan daha çox xoşum gəlir.

- Bu günə qədər sizə yox deyən xanım olmayıb?

- Xeyr. Hətta Bodrumda istirahət edərkən imkanlı bir şəxsin qızın məndən xoşu gəlmişdi.

- Çox səmimisiz. Nə yaxşı hansısa sualıma kapriz göstərmədiniz.

- Niyə kapriz göstərməliyəm? Bir sənətçi var idi, mənə dedi ki, səni televiziyadan silərəm. Dedim ki, qalxdığım yerdən aşağı salmayacaqsan ki. Mən hind kinosunda deyildiyi kimi xarabalıqdan çıxan milyonçuyam.

Rəqsanə

AzNews.az