Məşhur aktyor yubileyini göldə balıq tutmaqla qeyd edir

“Oktyabrda teatrda yubiley tədbiri təşkil edərik”

İyulun 19-da məşhur aktyor, Moskva Akademik Satira Teatrının bədii rəhbəri, RSFSR-in Xalq artisti Aleksandr Şirvindtin 85 yaşı tamam olur. Aktyor bu dəfə də ənənəsinə sadiq qalaraq yubileyindən “qaçıb” və hazırda Balday gölündə balıq ovlayır.

O, bunu telefonla TASS agentliyindən təbrik qəbul edərkən bildirib.

Aktyor deyib: “İndi Valdaydayam, yağış yağır, gölün sahilində oturmuşam və çapaq balıqlarının tilova nə vaxt gələcəyini gözləyirəm. Vəssalam, şüttamam! Bu da mənim bayramım”.

Aktyor “O, qonaq gözləyirmi?” sualına cavabında bildirib ki, ola bilsin, ailəsinin gənc üzvləri onu təbrik etməyə gəlsinlər. İctimai təntənələr barəsində isə qısaca deyib: “Oktyabrda teatrda yubiley tədbiri təşkil edərik”.

Satira Teatrının direktoru Məmməd Ağayev isə agentliyə müsahibəsində bildirib: “Aleksandr Aleksandroviç səs-küylü yubiley tədbirlərini sevmir. Şəxsən mən özüm onu təbrik etməyə gedəcəyəm. Şənliklərə gəldikdə isə razılaşmışıq ki, yeni mövsümdə, konkret desəm, oktyabrın 10-da üç yubileyi birdən – Satira Teatrının 95 illiyini, teatrın keçmiş bədii rəhbəri, məşhur rejissor Valentin Pluçekin anadan olmasının 110 illiyini və teatrın indiki bədii rəhbəri, misilsiz Aleksandr Anatolyeviç Şirvindtin 85 illiyini orijinal tədbirlə qeyd edəcəyik”.

Aleksandr Şirvindt 1934-cü il iyulun 19-da musiqiçi ailəsində anadan olub.

1956-cı ildə Şukinski məktəbini fərqlənmə ilə bitirib və Lenin Komsomolu adına Teatra dəvət olunub. 1968-ci ilə qədər burada çalışıb və 30 rol oynayıb. 1970-ci ildən Satira Teatrında çalışır, 2000-ci ildən doğma kollektivinə rəhbərlik edir. 1956-cı ildən kinoya çəkilir. Kinoda çox vaxt ikinci dərəcəli rollar almasına baxmayaraq, onun təkcə kadrda görünməsi həmin filmə uğur gətirib. Bunun üçün onun əfsanəvi “Taleyin istehzası” və “Ən məlahətli və cazibədar” filmlərində yaratdığı obrazları xatırlamaq kifayətdir.(AZƏRTAC)

AzNews.az