Elxan Şahinoğlu: “Böyük dövlətlər artıq beynəlxalq təşkilatlara əhəmiyyət vermirlər” Elxan Şahinoğlu: “Böyük dövlətlər artıq beynəlxalq təşkilatlara əhəmiyyət vermirlər”

“Özləri qəbul etdiyi qətnaməni həyata keçirə bilmirlər”

Elxan Şahinoğlu: “Böyük dövlətlər artıq beynəlxalq təşkilatlara əhəmiyyət vermirlər”

BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların dünyadakı nüfuzu günü-gündən ciddi şəkildə azalır. Artıq ABŞ və İsrail YUNESKO-dan çıxdıqlarını elan ediblər.

Bəs, bu təşkilatlar niyə nüfuzlarını itirir, bəlkə dünyanın yenidən təşkilatlanmağa ehtiyacı var?

Mövzunu politoloq Elxan Şahinoğlu ilə davam etdirdik. O, AzNews.az-a açıqlamasında bildirdi ki, elə Qarabağ münaqişəsinə münasibətdən də beynəxlaq təşkilatların fəaliyyətsiz olduğu açıq-aşkar görünür:

“Özlərinin qəbul etdikləri qətnamələri həyata keçirə bilmirlər. BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsi 25 ildir ki, kağız üzərində qalıb. Bu da bizi narahat edir. Amma görünən odur ki, böyük dövlətlər də artıq beynəlxalq təşkilatlara əhəmiyyət vermirlər. ABŞ dünyanın bir çox ölkəsində hərbi əməliyyatlar keçirəndə heç BMT-dən razılıq istəmir. Çünki məsələ BMT-də müzakirəyə çıxarıldıqda hərə öz mövqeyindən çıxış edəcək və istənilən nəticə alınmayacaq. Başqa bir misal kimi Avropa İttifaqını göstərmək olar. Buradakı 27 ölkə üçün vahid qərar qəbul etmək çox çətin olur. Ona görə də Böyük Britaniya Avropa İttifaqını tərk etmək barədə qərar verdi”.

E.Şahinoğlu hesab edir ki, ABŞ kimi bir dövlətin YUNESKO və digər beynəlxalq təşkilatları tərk etməsi həmin təşkilatlara böyük bir zərbədir. Çünki ABŞ dünyanın super dövlətidir, o, hansısa bir təşkilatı tərk edirsə, həmin təşkilatın nüfuzu aşağı düşür. Həmçinin, məsələnin maliyyə tərəfi də var. ABŞ bu təşkilata illik üzvlük haqqı verirdi. Daha onu verməyəcək. Yaxud, ABŞ hansısa təşkilatı tərk edirsə, onun müttəfiqi olan ölkələr də eyni addımı atırlar.

Politoloqa görə, beynəlxalq nüfuzun zəifləməsi o demək deyil ki, bu təşkilatlar tamamilə ortadan qaldırılacaq və ya yerində başqaları yaradılacaq:

“Çörçil demiş, demokratiya o qədər də mükəmməl idarəetmə üsulu deyil, amma ondan da yaxşısı icad olunmayıb... Eləcə də BMT, ATƏT, Avropa İttifaqı və digərləri... Ona görə bu təşkilatlar öz fəaliyyətlərinə davam edəcəklər, başqa alternativləri yoxdur”.

“Bu təşkilatları nüfuzdan salan ikili standartlar deyilmi?” – sualına E.Şahinoğlu cavab verdi ki, onlar ikili standartlardan imtina edə bilməzlər. Çünki bu təşkilatlarda hər bir tərəfin nümayəndəsi təmsil olunur. Hərəsi də bir mövqe ilə çıxış edir. Ona görə bu təşkilatlar gələcəkdə də öz təsirsiz fəaliyyətlərini olduğu kimi davam etdirəcəklər.

Elgün
AzNews.az