"Brexit"in qəbulu niyə təxirə salınır? - Politoloq şərh edir

"Baş nazır Tereza Meyi istefaya göndərmək istəyən qüvvələr çoxdur"

Dünən Böyük Britaniya parlamentinin İcmalar palatası “Brexit”in təxirə salınmağı ilə bağlı qanun layihəsini təsdiqlədi. Bununla da Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasını nəzərdə tutan “Brexit” növbəti dəfə rəsmən təxirə salındı.

Yayılan məlumatlara görə, “Brexit”in təxirə salınmağını baş nazir Tereza Mey xahiş edib. Qəbul edilmiş layihə də birbaşa Meyin xahişinə dəstək addımı sayılır.

Belə olduqda bir neçə sual yaranır: “Brexit” nə üçün ortalığa atıldı və onun qəbulu niyə müşkülə çevrilib?

Məsələ barədə politoloq Fikrət Sadıqovla danışdıq. O, AzNews.az-a bildirdi ki, Böyük Britaniyada bir qüvvə Avropa Birliyindən çıxmaq istəyir, digəri isə bu ittifaqda qalmaq niyyətindədir:

“Bu, məsələnin bir tərəfidir, digər tərəfi də ondan ibarətdir ki, görünür, Baş nazır xanım Tereza Meyi istefaya göndərmək istəyən qüvvələr də çoxdur və “Brexit” prosesindən istifadə edərək bu niyyətlərinə çatmaq istəyirlər. Çünki bu barədə Böyük Britaniya parlamentində bəzi deputatlar artıq açıq şəkildə çıxışlar etməyə başlayıblar”.

Politoloq vurğuladı ki, son məlumatlara görə Avropa İttifaqının rəhbərliyi Böyük Britaniyaya hələ bir il də vaxt verib ki, bu “Brexit” məsələsinə aydınlıq gətirsinlər, amma vaxtın uzanması hər bir halda Avropa İttifaqından çıxmaq istəyənlər üçün də bir təhlükədir:

"Çünki vaxt uzandıqca Avropa İttifaqında qalmaq istəyən qüvvələr güclənir. Eyni zamanda, bu, bir il ərzində Britaniyada mövcud fikirlərin dəyişəcəyi heç də istisna deyil, bəlkə də yeni bir Baş nazir gəldi və tam başqa istiqamətdə addımlar atılmağa başlanıldı".

Elgün
AzNews.az