“AXCP o vaxt elə bir gücdə deyildi ki, Heydər Əliyev onunla ...”

AXCP sədrli Əli Kərimli “Azadlıq” radiosuna müsahibəsində sensasion açıqlamar səsləndirib.

Jurnalistin AXCP-nin 2000-ci illərdə hakimiyyətlə əməkdaşlıq etməsinə dair iddialarla bağlı sualına cavabında Əli Kərimli deyib ki, o zaman beynəlxalq vasitəçilər belə bir təşəbbüslə çıxış ediblər: "O zaman beynəlxalq vasitəçilər hakimiyyətlə və mənimlə belə bir söhbət aparıb. O zaman söhbət AXCP-yə 5 nazirlik postunun verilməsi və mənim spiker olmağımdan gedirdi. Sonradan biz bu məsələni Rəyasət Heyətində müzakirəyə çıxardıq. Müzakirələrin nəticəsi olaraq, bundan imtina etdik". Qeyd edək ki, 2000-ci il parlament seçkilərində proposianal yolla parlamentdə bir neçə mandat qazanan AXCP o zaman müxalifətin hədəfində idi. Belə ki, onun hakimiyyətlə sövdələşmə nəticəsində parlamentdə yer qazandığı iddia olunurdu. Bununla da bağlı suala cavabında AXCP sədri deyib ki, o zaman hakimiyyətə real rəqib olan AMİP və Müsavatla müqayisədə rəhbəri olduğu partiya zəifləmişdi: "Hakimiyyət bizə də mane ola bilərdi. Ona görə mane olmadı ki, bizi zəif hesab etdi". Ə.Kərimli özünə qarşı hakimiyyətin sərgilədiyi sərt mövqeni məhz onların təklifini geri çevirdiyi ilə izah edir. Ə.Kərimlinin bəhs etdiyi zaman mərhum prezident Heydər Əliyevin idarəçiliyi dönəminə təsadüf edir. Artıq YAP hakimiyyətinin dayaqlarının möhkəmləndiyi həmin dönəmdə Heydər Əliyevin müxalifətin Ə.Kərimli qanadı ilə əməkdaşlığa getməsi ona nə verə bilərdi? Həmin dönəmdə doğrudan da Ə.Kərimli qanadına müxalif dairələrdə hakimiyyətlə sıx əməkdaşlıqda olan çevrə kimi baxılırdı. İddia olunurdu ki, belə əməkdaşlığın təməli AXCP sədri Əbülfəz Elçibəyin Kələkidə olduğu dönəmdə qoyulub. Sədrin Bakıda olmadığı dönəmdə o vaxt ölkənin geniş sosial bazaya malik olan müxalif partiyasının daxilində ciddi nüfuz savaşı gedirdi. Mübarizə aparan bir qrupun başında o vaxt Ə.Kərimli dururdu. Həmin çevrəni hətta çox adam AXCP yox, "Yurd" adlandırırdı. Qarşıdakı tərəf isə "Klassiklər" kimi tanınırdı və Elçibəyə "Yurd"çulardan bir köynək yaxın sayılırdı. Həmin dövrü yaxından izləyən adamlar xatırlayarlar ki, Ə.Kərimlinin lideri olduğu fraksiya asanlıqla parlamentə yol tapdı, hakimiyyət onlara çox iri məbləğdə xarici qrantların əldə olunmasında heç bir maneçilik yaratmırdı. Təbii ki, bütün bunlardan hakimiyyətlə gizli əməkdaşlığın iyi gəlirdi. Ola bilər ki, hakimiyyət həqiqətən də AXCP-ni parlamentə burxamaqla bir qədər konstruktiv mövqeli müxalif qüvvənin formalaşmasında maraqlı olub. Əgər bu, razılıq əsasında baş veribsə, deməli, razılığa imza atanlardan biri də AXCP olub. Əli Kərimli isə 2003-cü ildə ölkədə baş verən dəyişiklikdən sonra özünü daha güclü sayaraq oyun qaydalarını pozmuş oldu. Hesab etdi ki, o öz potensialı ilə yenicə hakimiyyətə gələn İlham Əliyevi üstələyə bilərsə, niyə konstruktiv müxalifət rolunu oynamalıdır? Məhz bu səbəbdən də hakimiyyətlə bağları kəsilən Ə.Kərimlinin ətrafında maraqlı proseslər cərəyan etməyə başladı. Onun partiyası çox katastrofik səviyyəydə parçalandı. Həmin vaxtdan sonra AXCP parlament mandatına həsrət qalıb. Mərhum prezident Heydər Əliyevin Ə.Kərimliyə əmkdaşlıq fonunda koalision hökumət təklifini etməsi də inandırıcı görünmür. Əvvəla Ə.Kərimli həmin vaxt o gücdə deyildi ki, onunla bu səviyyədə hesablaşılsın. İkincisi isə Heydər Əliyev mahir siyasətçi olduğu üçün, belə təklifləri elə parlamentdə radikal müxalif liderlərə açıq şəkildə edirdi. Hamı televiziya vasitəsilə translyasiya edilən həmin iclaslardan eşidib ki, Heydər Əliyev Etibar Məmmədov və Rəhim Qazıyevə vəzifələr təklif etdi. Sonra özü də dedi ki, onlar elə səlahiyyət istəyirlər ki, bu, ölkə rəhbərinə bərabərdir. Belə olan təqdirdə, mərhum Heydər Əliyev niyə Ə.Kərimliyə bu yöndə olan təklifləri beynəlxalq vasitəçilərlə göndərirdi? Ümumiyyətlə, Ə.Kərimlinin bu açıqlamasını nə dərəcədə əsaslı saymaq olar? Əliməmməd Nuriyev: "Mənim iştirakımla belə bir müzakirə keçirilməyib" Həmin vaxt AXCP Rəyasət Heyətinin üzvü və katibi olan Əliməmməd Nuriyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, 1994-cü ildən AXCP Ali Məclisinin üzvü, 1996-cı ildən isə Rəyasət Heyətinin üzvü və katibi olub: "O vaxtdan iclaslarda aparılan müzakirələrlə bağlı yekun protokolları mən tərtib etmişəm. Düzünü deyim ki, mən belə bir məlumata malik deyiləm. Yəni mənim iştirakımla belə bir müzakirə keçirilməyib. Həmin vaxt bizim Rəyasət Heyətinin iclasları həm də audio formada yazılırdı. Əminəm ki, belə bir səs yazısı da yoxdur. Düzü, keçmişlə bağlı səslənən təhrif edilmiş məlumatlar məni dərindən təəccübləndirir. Axı bu adamlar niyə fikirləşmirlər ki, danışdıqları hadisələr elə də uzaq deyil, yaxın keçmişə təsadüf edir. Həmin hadisələrin iştirakçıları axı hələ sağdır. Mən belə bir halın, hətta belə bir söhbətin aparıldığının heç vaxt şahidi olmamışam. Bir də AXCP o vaxt elə bir gücdə deyildi ki, Heydər Əliyev onunla hakimiyyəti bölməyə razılıq versin. Axı 2000-ci ildə güclü olan bir hakimiyyət niyə belə zərurət hiss edə bilərdi? Mənim özüm çox hadisələrin şahidi olmuşam, amma hər detalı da açıb danışmaq olmur. Siz sual verdiyiniz üçün, buna cavab verməyə məcbur oldum".(Baki-xeber.com) AzNews.az