İranın Azərbaycanı hədəf alan yüzlərlə troll səhifəsi bloklanıb

Facebook və Instagram-ın ana şirkəti olan Meta Platforması 2026-cı ilin birinci rübü üçün "Düşmən Təhdidi" hesabatını açıqlayıb. Hesabatda Azərbaycanı hədəf alan İranla əlaqəli koordinasiyalı şəbəkənin hesablarının silindiyi açıqlanıb .

Hesabata görə, şəbəkə ictimai müzakirələrə təsir göstərməyə yönəlmiş əlaqələndirilmiş qeyri-səmimi davranışlarla məşğul olan saxta hesablardan ibarət imiş. Meta sosial şəbəkə siyasətlərini pozduğuna görə bu səhifələrə qarşı tədbir görüb.

Şirkət bildirib ki, “Qaydaları pozan 367 Facebook hesabı, 3 səhifə və 360 İnstaqram hesabı bloklanıb. Şəbəkə daxilində reklamlara təxminən 400 dollar xərclənib”.

Hesabatda qeyd olunur ki, şəbəkənin əsas məqsədi Azərbaycanda siyasi sabitliyi pozmaq, İranın regional maraqlarını təşviq etmək və Qərbin bölgədəki təsirini zəiflətməkdir.

Qeyd edək ki, Meta platformaları arasında əlaqələndirilmiş təsir əməliyyatlarını müəyyən etmək və ləğv etmək səylərinin bir hissəsi olaraq müntəzəm olaraq düşmənçilik təhdidləri barədə hesabatlarını dərc edir.

AzNews.az