Müşavirədə bələdiyyə seçkiləri ilə bağlı hazırlıq müzakirə olunub Müşavirədə bələdiyyə seçkiləri ilə bağlı hazırlıq müzakirə olunub

Əli Əhmədov YAP-ın Qaradağ rayonu üzrə təşkilat sədrlərini bir araya topladı

Müşavirədə bələdiyyə seçkiləri ilə bağlı hazırlıq müzakirə olunub

Bizi narahat edən odur ki, Azərbaycanda bəzi qüvvələr tərəfindən siyasi proseslərdə normal seçki texnologiyalarından tamamilə fərqli formada istifadə etmək təcrübəsi yayılmağa başlayıb.

Bunu YAP Sədrinin müavini – icra katibi, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon ərazi ilk təşkilat sədrlərinin müşavirəsində deyib.

Ə.Əhmədov bildirib ki, dekabrda növbəti bələdiyyə seçkisi keçiriləcək.

İcra katibi qeyd edib ki, bugünkü müşavirədə bələdiyyə seçkiləri ilə bağlı hazırlıq müzakirə olunacaq:

“YAP hər zaman seçkilərə yüksək səviyyədə hazırlaşır. İndiyə qədər qazandığımız qələbələr də bunun bariz nümunəsidir. Eyni zamanda, YAP qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. İnanırıq ki, bu seçki də YAP namizədlərinin qalib gəlməsi ilə başa çatacaq”.

YAP icra katibi qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar siyasi həyatda bir canlanma müşahidə olunduğunu qeyd edib:

“Azərbaycan son illər böyük inkişaf yolu keçib. Həyatımızda böyük irəliləyişlər baş verib. Bu inkişaf prosesləri hər birimizin gözü önündə baş verib. Azərbaycanın inkişafını digər ölkələrin inkişaf templəri ilə müqayisə etsək, Azərbaycan ən sürətli inkişaf edən ölkələrdən biridir. Azərbaycan ən uğurlu gənc dövlətlərdən biri hesab olunur. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşması fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır. Xüsusən, ayrı-ayrı ölkələrdə sığınacaq alanların fəaliyyəti narahatlıq doğurur”. (Trend)