Müsavatda başqan qalmaqalı: İsa Qəmbərin seçimi Yadigar Sadıqlını özündən çıxardı

Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür

“İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır”.

AzNews.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanlığa namizədi Yadigar Sadıqlı partiyanın lideri İsa Qəmbərin Arif Hacılını dəstəkləməsi ilə bağlı fikirlərinə münasibətində deyib. O, qeyd edib ki, İsa Qəmbərin nüfuzu partiyada böyükdür:

“Məhz mənim və Tofiq Yaqublunun Müsavat başqanlığına namizədliyimizi irəli sürməyimiz son illər ərzində ilk dəfə doğma partiyamızı gündəmə çevirdi. Son 20 gün ərzində vətəndaşlarımızın Müsavat sevgisinin yenidən təzahür etməsini gördüm. Halbuki neçə vaxtdır mən bu təzahür üçün təşnə idim. Ancaq iradlar, ittihamlar, etimadsızlıqla üzləşirdim. Belə münasibət məni çox ağrıdırdı. Canım Müsavat buna layiq deyildi. Namizədliyimi bəyan edəndə isə gördüm ki, yox, insanımız Müsavatı sevir, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istəyir. Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş sözlər oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir. Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavatın tarixində tamamilə yeni bir səhifə açacaq.

Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür. Bununla belə, mən sona qədər namizədliyimdə qalacağam, mübarizə aparıb qalib gəlməyə çalışacağam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmasa "bacardığımı etdim" deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm, "bəlkə..." sualı qarşısında əzab çəkmək istəmirəm”.

Qeyd edək ki, Müsavat Partiyasının lideri İsa Qəmbər qurultayda səs verəcəyi namizədin adını açıqlayıb. İsa Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılıya səs verəcəyini deyib. O, bütün Müsavat Partiyasının üzvlərini və qurultay nümayəndələrini Arif bəyə səs verməyə səsləyib.

Bahar RÜSTƏMLİ

AzNews.az