"Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır"

"İtaliya müəssisələri Azərbaycana cəlb olunur"

"İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Burada mən, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın üçillik sədrliyini qeyd etmək istəyirəm. Azərbaycan bu öhdəliyi öz üzərinə götürmüşdür və bu, onun beynəlxalq sahədəki işini daha da gücləndirəcək. Mən bu işdə cənab Prezidentə uğurlar arzulayıram".

AzNews.az xəbər verir ki, bu fikirləri İtaliya Respublikasının Prezidenti Sercio Mattarella fevralın 20-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

"Biz iqtisadi-ticari sahədə çox intensiv əlaqələrə malikik, çox böyük inkişafla irəli gedirik. İtaliya müəssisələri Azərbaycana cəlb olunur, bir çoxları işləyir və bundan sonra digərləri də bu sahəyə cəlb olunacaqlar.

Bundan başqa, cənab Prezident və bütün hökumət ölkənin iqtisadi-siyasi həyatının şaxələndirilməsi ilə bağlı bir çox planlar reallaşdırır. Biz bu işə dəstək olmaq üçün hər zaman hazırıq. Bugünkü görüşlər zamanı bir neçə sahə üzrə imzalanmış sazişlər mübadilə olunacaq. Bu, bizim iqtisadi, siyasi sahələrdə inkişaf edən əməkdaşlığımızın bariz göstəricisidir. Bundan əlavə, Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək istərdim. Artıq TAP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq.

Mən Azərbaycanın beynəlxalq məsələlərə müsbət baxışını qeyd etmək istərdim. Azərbaycan enerji sahəsində hər zaman hamı ilə əməkdaşlıq etməyə açıq bir ölkədir. Mən bir daha qeyd etməliyəm ki, Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır. Bundan başqa, bir qədər öncə biz cənab Prezidentlə qeyd etdik ki, ölkələrimiz arasında mədəni sahədə də inkişaf gedir. Bugünkü görüşlər zamanı bu sahədə də bir çox sazişlərin imzalanması gözlənilir və bütün bu sazişlər çox mühümdür. Lakin mən onların içərisində ən mühümlərindən birini xüsusi qeyd etmək istərdim. Azərbaycanın Azərkosmos şirkəti ilə İtaliyanın tərəfdaş şirkəti arasında gələcək əməkdaşlıq və yüksək texnologiyanın tətbiqi ilə bağlı saziş mübadilə olunacaq", - dövlət başçısı qeyd edib.