Parlamentin yaz sessiyasında 123 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu, növbədənkənar sessiyada isə 35 qanun və qərar qəbul edilib Parlamentin yaz sessiyasında 123 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu, növbədənkənar sessiyada isə 35 qanun və qərar qəbul edilib

Milli Məclis yaz və növbədənkənar sessiyalar ərzində uğurla fəaliyyət göstərib

Parlamentin yaz sessiyasında 123 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu, növbədənkənar sessiyada isə 35 qanun və qərar qəbul edilib

Məlum olduğu kimi, iyunun 30-da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Qeyd edək ki, VI çağırış yeni tərkibli parlament həm yaz, həm də növbədənkənar sessiyalar ərzində qarşıda duran vəzifələri layqincə yerinə yetirib. Belə ki, VI çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilib. İyunun 30-da keçirilmiş parlamentin növbədənkənar sessiyasının son iclasında isə spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 8 iclası keçirilib, 35 qanun və qərar qəbul edilib. Sahibə Qafarova əminliklə qeyd edib ki, bu qanunvericilik aktları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə kömək edəcək.

AzNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, parlament həm yaz, həm də növbədənkənar sessiyalar dövründə uğurla fəaliyyət göstərib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi üçün parlamentdə ardıcıl tədbirlər görülüb. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən əsaslı və hərtərəfli islahatların tərkib hissəsi kimi parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların təmsilçilərinin yer alması siyasi sistemin yeni konfiqurasiyasının formalaşması baxımından mühüm əhəmiyyətə malik olub. “Azərbaycan Prezidentinin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışı məzmun etibarilə konseptual, çağırışlar etibarilə tarixi çıxış idi. Əslində, bu çıxışda irəli sürülən fikirlər və vəzifə kimi müəyyənləşdirilə biləcək tövsiyələr siyasi sistemimizdə və ictimai münasibətlər sistemimizdə yeni tarixi mərhələ yaradacaq keyfiyyət mərhələsinin başlanğıcı da hesab edilə bilər. Çünki Prezident İlham Əliyev siyasi sistemimizin möhkəmləndirilməsi, siyasi proseslərin sağlam zəmində gücləndirilməsinin vacibliyi, genişmiqyaslı siyasi islahatların aparılması və yeni siyasi konfiqurasiyadan danışdı. Bunlar önümüzdə nə qədər dərin və məzmunlu islahatların həyata keçiriləcəyinin anonsu, bu islahatları təmin edəcək siyasi iradənin qətiyyəti idi. Elə yeni parlamentin tərkibi və parlament rəhbərliyinin çoxpartiyalı əsaslarda formalaşması da bunun əyani sübutudur. Çünki bu vaxta qədər parlamentarizm tariximizdə Milli Məclisin Sədr müavinlərinin müxalifət və bitərəf deputatlardan təşkil olunması təcrübəsi yox idi və altıncı çağırışda bu, bir ilk oldu. Paralel olaraq komitə sədri və müavinlər səviyyəsində də müxalif və bitərəflərin iştirakçılığının təmin olunması artıq Milli Məclisdə yeni siyasi konfiqurasiya yaratdı ki, bu da ayrıca bir yenilikdir”, - deyə millət vəkili söyləyib.
Hikmət Babaoğlu yaz sessiyasının ilk günlərindən Milli Məclisin strukturunda islahatlar həyata keçirilməsinin də mühüm əhəmiyyətə malik olduğunu deyib: “Hazırda Azərbaycanın indiki inkişaf mərhələsində elə inkişafın özünün gətirdiyi yeni şərtlər formalaşıb ki, bu da yeni milli və qlobal çağrışlar kontekstində daha dinamik və daha səmərəli fəaliyyət tələb edir. Ölkəmizdə köklü islahatlar həyata keçirilir və bu islahatlar kompleks xarakter daşıyır. Milli Məclisdə həyata keçirilən islahatları da bu kontekstdə qiymətləndirmək lazımdır. Məlumdur ki, Milli Məclis Aparatında islahatlar nəticəsində 9 şöbə, İşlər İdarəsində isə 4 şöbə yaradılıb. Yeni bir şöbə - İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb ki, bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. İslahatlar parlamentin işinin daha səmərəli surətdə təşkil və təmin edilməsinə öz müsbət təsirini göstərir”.

Millət vəkili deyib ki, Milli Məclisin sessiyaları ərzində Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə Müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabat və məruzələri dinlənilib: “Parlamentin fəaliyyətində yeni tendensiyalardan biri qanun layihələri ilə bağlı ictimai dinləmələrin keçirilməsinə geniş yer verilməsi olub. Təcrübə göstərir ki, bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin həll edilməsinə və nəticə etibarilə layihələrin keyfiyyətinin yüksəlməsinə kömək göstərir”.

Deputat Milli Məclisin pandemiya şəraitində öz işini səmərəli şəkildə təşkil etdiyini söyləyib. Bu dövrdə parlamentdə xüsusi iş qaydası tətbiq edilib. Komitələrin iclasları onlayn rejimdə keçirilib. Onun sözlərinə görə, bu dövrdə mühüm tədbirlərdən biri də yaz sessiyası ərzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanmış qanvermə aksiyasında Milli Məclisin deputatlarının və əməkdaşlarının fəal iştirakı olub.

Millət vəkili deyib ki, koronavirus pandemiyası Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyinə müəyyən təsir göstərsə də, parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimiz öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar.
Hikmət Babaoğlu hesab edir ki, bütövlükdə yaz və növbədənkənar sessiyalar ərzində qəbul olunmuş qanunlar ölkəmizin gələcək inkişafına, islahatlar prosesinə mühüm töhfələr verəcək.

Milli Məclisin deputatı Fatma Yıldırım isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin, sistemli və kompleks islahatların həyata keçirilməsində hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan dərin və geniş islahatlar kursuna uyğun olaraq 2020-ci ildə qanunverici orqanda da islahatlar həyata keçirildi və xalqımızın azad, demokratik seçimi əsasında Milli Məclisin yeni tərkibi formalaşdı. Ölkəmizin möhtəşəm siyasi gücü olan Yeni Azərbaycan Partiyası bu seçkilərdə də parlaq qələbə qazandı”.
F.Yıdırım qeyd edib ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” oldu, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi: “Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Yeni parlament də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub”.

Millət vəkilinin sözlərinə görə, Sahibə xanım Qafarovanın Milli Məclisin sədri seçilməsi parlamentimizdə, xüsusilə də qadın millət vəkillərinin fəaliyyətində canlanma yaratdı və stimul verdi: “Parlamentin yeni rəhbər və komitə sədrlərinin müxtəlif partiyaları, siyasi təşkilatları təmsil etməsi Milli Məclisdə demokratik ab-havanı daha da gücləndirdi. Sahibə xanımın rəhbərliyi altında parlament öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirdi. Milli Məclisin qanunvericilik təşəbbüsləri artdı. O cümlədən parlamentdə qadınların və gənclərin geniş təmsil olunması demokratik inkişafın mühüm göstəricisi kimi qanunvericilik fəaliyyətinə də öz töhfələrini verməkdədir”.

Deputat qeyd edib ki, ötən dörd ay ərzində Milli Məclis kifayət qədər məhsuldar fəaliyyət göstərib: “Həm yaz, həm də növbədənkənar sessiyaları uğurla başa çatdı. Yeni parlament pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, davamlı və fasiləsiz surətdə öz işini davam etdirdi, qanun layihələrinin geniş müzakirələrini təşkil etdi. Bu müddət ərzində ölkəmizin sosial-iqtisadi, siyasi inkişafı ilə bağlı bir çox mühüm qanunlar qəbul edildi. Faydalı diskussiyalar şəraitində dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə və rifahına xidmət edən mühüm dövlət sənədlərinə, məcəllə və hüquqi aktlara müvafiq dəyişikliklər olundu. Milli Məclisin yaz və növbədənkənar sessiyaları çərçivəsində deputatların xaricdəki həmkarları ilə videokonfrans formatında bir sıra görüşlər keçirməsi, müxtəlif məsələlərlə bağlı məhsuldar danışıqlar aparması parlamentimizin diplomatik uğurlarda mühüm rol oynadığını təsdiqlədi. Bütünlüklə, bu konteksdə Milli Məclisin ötən dövr üzrə fəaliyyətini qənəatbəxş hesab etmək olar. Yeni parlamentin deputatları qanunvericilik fəaliyyətində fəal iştirak etməklə bərabər, daim öz seçiciləri ilə sıx təmasda oldular, onlarla davamlı görüşlər keçirildi, vətəndaşları narahat edən məsələlər dinlənildi və onların problemləri Milli Məclisin iclaslarında qaldırıldı, aidiyyəti orqanların rəhbərlərinə çatdırıldı. Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili kimi onu bildirmək istərdim ki, partiyamızın tövsiyələrinə əsasən, bütün sahələrdə fəaliyyətimizi səmərəli təşkil etmək üçün əlimizdən gələni etməyə çalışdıq və bundan sonra da eyni həvəslə işimizi davam etdirəcəyik”.