Hələ də yaşayan xəyanətkarın son arzusu PUÇ OLDU

“Şuşa gedərsə, başıma güllə çaxacam” və hələ də abırsız-abırsız yaşayan Rəhim Qazıyev yaşının ahıl vaxtında belə mahiyyətindən əl çəkmir. Qozbeli qəbir düzəldər məsəli... Amma Azərbaycan torpaqlarının düşmən tapdağında olmasının baiskarlarından biri olan bu qozbelin heç qəbirdə də düzələsi tərəfi yoxdur. Çünki bir ayağı qəbirdə olan Rəhim Qazıyev satqınlığından əl çəkmək istəmir.

İyulun 12-də erməni hərbi birləşmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində təxribat hücumunun qarşısı ordumuz tərəfindən alındı. Düşmənin xain hücumu nəticəsində şəhid verdik. Silahlı Qüvvələrimizin adekvat cavabı isə işğalçı ölkə üçün ağır nəticələrə səbəb oldu. Ermənistan rəsmiləri itkiləri gizlətməyə çalışsa da, sosial şəbəkələrdə erməni istifadəçilər yüzlərlə ölü və yaralının olmasından bəhs edirlər. İyulun 13-də davam edən döyüşlərdə Azərbaycan ordusu nöqtə zərbələrlə düşmənin canlı qüvvəsini və hərbi texnikasını darmadağın etdi.

Azərbaycan bir gözü ilə şəhidinə ağlayarkən, o biri gözündən düşmənə vurulan zərbələrin sevinc yaşları tökülürdü.

Bəs, Rəhim Qazıyev nəyə sevinirdi?

Düşmənə vurduğumuz zərbələrə, yoxsa...

İxtisasca riyaziyyat müəllimi olan, lakin 90-cı illərin qarışıqlığında digər vəzifəlilər kimi təsadüfən müdafiə naziri olmuş Rəhim Qazıyevin səs yazısı yayıldı. Silahlı Qüvvələrimizin tarixində qara ləkə olan bu şəxs iddia edir ki, “səhih məlumatlar əldə edib” və guya itki verən ordumuz geri çəkilir. Ordumuzun əməliyyatları Rəhim Qazıyevin nə qədər “səhih” olduğunu sübut etdi.

Burada məsələ onun iddiaları da deyil, məsələ belə yalan iddiaları niyə tirajlamasıdır.

Döyüşlərin getdiyi həssas vaxtlarda informasiya ən önəmli amildir. İstənilən yalan informasiya düşmənin əlinə işləyir, necə ki, Rəhim Qazıyevin uydurmaları ermənilər üçün göydən düşmən pay oldu.

Bəzən təcrübəsiz insanlar belə dezinformasiyaların vasitəçisinə çevrilə bilirlər, amma Rəhim Qazıyev doğrudanmı ahıl yaşında təcrübəsizlikdən bunu edib? Təbii ki, xeyr. Görünür, o, 30 il öncə tam edə bilmədiyini tamamlamaq niyyətində imiş.

Birinci Qarabağ müharibəsinin bir dövründə müdafiə naziri olan Rəhim Qazıyevin Azərbaycan torpaqlarının işğalında “danılmaz rolu” var.

“Lefortovo”dan nazir postuna...

1990-cı ilin 2 mart tarixində Rəhim Qazıyev SSRİ DTK tərəfindən həbs olunur və Moskvanın məşhur “Lefortovo” həbsxanasına göndərilir. Bu həbsxanaya düşənlərin ya ölüsü çıxardı, ya da “verbovka” olunmuş dirisi. Rəhim Qazıyev də qısa müddətdə “verbovka” olunaraq, Azərbaycana göndərildi və müdafiə naziri postuna qədər yüksəldildi.

İşğal olunmuş torpaqlarımızın böyük hissəsinin onun nazirliyi dövründə baş verməsi təsadüf idimi?

Zaman təsdiqləyiq ki, Rəhim Qazıyevin missiyası bu imiş. Onun Şuşanın işğalında oynadığı rol isə Qarabağ müharibəsində həlledici amil oldu. Çünki Şuşanı almaq, bütün bölgəyə hərbi nəzarəti ələ keçirmək idi. Rəhim Qazıyev isə israrla bildirirdi ki, Şuşa müdafiə olunur, erməni heç nə edə bilməz. Bu açıqlamasından iki gün sonra ermənilər Şuşanı aldılar.

Xalq Hərəkatının fəal üzvlərindən olan Fəzail Ağamalı bildirir ki, “Xankəndindən Şuşaya gedən yoldakı minaları Rəhim Qazıyev sökdürüb”.

Beləliklə, düşmən Şuşanı, bütövlükdə Qarabağı və ətraf yeddi rayonu işğal etdi. Rəhim Qazıyev isə onu “verbovka” edənlərin yanına qaçaraq, gizləndi. İndi 30 il sonra onun bu təxribatı yarımçıq qalmış planını tamamlamaq istədiyini göstərir. Lakin nə 90-cı illərdir, nə də Azərbaycan zəif dövlətdir. Rəhim Qazıyev artıq cinayət məsuliyyətinə cəlb olunub və qanun qarşısında cavab verməli olacaq...

Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru