- Siyasi müzakirə
- 23 Dekabr 2020 13:15
- 4 747
"İndiki halda o, Putini tərifləyən ismarıclar, bəyanatlar verir"
Digər tərəfdə, aktiv şəkildə Paşinyanın hakimiyyətdən getməsində maraqlı olanlar dayanır
"Bu gün biz Ermənistan daxilinə nəzər salsaq görərik ki, orada cəmiyyət iki hissəyə ayrılıb. Bir tərəfdən qərbpərəstlər, Rusiyanın köməyi ilə Ermənistanın xilas olmasını istəyən qüvvələr, hansı ki, onların içərisində çox sayda tələbələr, qeyri-hökümət təşkilatlarının nümayəndələri yer alır. Digər tərəfdə, aktiv şəkildə Paşinyanın hakimiyyətdən getməsində maraqlı olanlar dayanır".
Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Zaur Məmmədov son günlər Ermənistanda baş verən hadisələrə münasibət bildirən zaman deyib.
O qeyd edib ki, hazırda vəziyyət o qədər paradoksaldır ki, hətta Qarabağda döyüşən əsgərlərin valideynləri belə iki hissəyə ayrılıb: "Onlar nə edəcəklərini, kiminlə Ermənistanın gələcəyini gördüklərini də başa düşmürlər. Ermənistan cəmiyyəti bu gün Qarabağ probleminin nəhayət ki, öz gündəliklərindən çıxmasını istəyir. Qarabağ erməniləri ilə, Ermənistan erməniləri arasında olan ziddiyyətlər də özünü göstərir.
Mən düşünürəm ki, Paşinyan üçün əsas hədəf Ermənistanı Rusiyanın çərçivəsi altından çıxartmaq və eyni zamanda Ermənistanı Qarabağdan bir qədər məsafədə saxlamaq, ayırmaq olacaq. Amma indiki halda o Putini tərifləyən ismarıclar, bəyanatlar verir. Amma hazırda o, hakimiyyətinin güclənməsini gözləyir. Belə bir çətin vaxtda təbii ki, anti-Rusiya bəyanatları verə bilməz.
Ümumilikdə, Ermənistanda hakimiyyətdə kim olursa, olsun o başa düşməlidir ki, münaqişənin həlli olmadan, Azərbaycanla mülayim dil tapmadan, torpaqlarımıza göz dikmədən bu dövlət yaşamalı, aqressiyaya, işğalçılığa, özgə torpaqlarını qəsb etmək kimi hədəflərdən qaçmalıdır. Əgər belə olarsa, Ermənistanın hakimiyyətindən söhbət gedə bilər. Hər bir halda Azərbaycan bu 30 ildə sülh danışıqları zamanı sülhə dəvət edirdi. Lakin Ermənistan siyasətçilərinin sülhü seçməməsi nəticəsində onlar daha çox itkiyə məruz qaldılar. Biz müharibə yolu ilə sülh danışıqlarında müzakirə edilənlərdən də daha böyük uğura imza atdı. Bundan sonra da bizim xəbərdarlığımız olub ki, Qarabağla bağlı məsələlərdə Ermənistandakı müxtəlif dairələr təxribata getməməlidir".
Zaur Məmmədov onu da əlavə edib ki, əgər gələcək perspektivdə biz Qarabağda Azərbaycana qarşı hansısa təxribatları görəcəyiksə, o zaman öz tarixi torpaqlarımızı da onların yadına salacağıq: "Azərbaycan tam əminliklə Zəngəzur, Göyçə istiqamətində torpaqlarının işğaldan azad olunmasını təmin edə bilər. Çünki vaxtilə 1920-ci illərdə Zəngəzur və Göyçə verilərkən tamamilə qeyri-leqal şəkildə Azərbaycanın tarixi torpaqları ruslar tərəfindən verilmişdi. Ona görə yaxşı olardı ki, Ermənistan bu gün öz sərhədlərini qoruyub saxlamağı düşünsün".
Səidə
AzNews.az