Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib

Siyasi partiyaların maliyyələşdirilməsi belə aparılacaq

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” qanuna təklif edilən dəyişikliklər barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

AzNews.az xəbər verir ki, dəyişikliyə əsasən, artıq vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin ən azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional qaydada bölünəcək. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünəcək. Vəsaitin 50 faizi Milli Məclisin say tərkibinə (125) bölünəcək və bunun nəticəsində alınan məbləğ Milli Məclisdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılacaq.

Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da nəzərdə tutulmuş qayda tətbiq olunacaq. Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılacaq.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.