Erməniliyin “B” planı: Revanş cəhdi “ikinci cəbhə”dən gələ bilər - TƏHLİL

Təəssüf doğuran odur ki, bu proseslərə yenə də Avropada yerləşdirlmiş tör-töküntülər cəlb olunublar

Ermənistanın son illərdəki əsas fəaliyyəti Azərbaycnı daxildən parçalamaqla “Qarabağ məsləsinin birdəfəlik həlli” planını həyta keçirmək idi. Bu məqsədlə müttəfiqlərinin də köməyilə ölkə daxilində və xaricində çoxfunksiyalı şəbəkələrin yaradılmasına nail olmuşdu.

Ermənistan və onun havadarları (həm də digər maraqlı mərkəzlər və güclər) ölkə daxilində siyasi, sosial, etnik və dini qarşıdurma yaratmaqla xaos və iğtişaşlara nail olmaq, bu zaman cəbhə xəttində ən azı kiçik bir qələbə qazanmaqla aprel qalibiyyətininin hakimiyyət və xalq üçün yaratdığı psixoloji üstünlüyü heçə endirmək, beləliklə, ökəni daxildən sarsıtmaqla, məqsədlərini həyata keçirməyi planlaşdırırdılar.

Mən hələ 2016-cı ilin oktyabr ayının əvvəlində Varşavada keçirilən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun illik toplantısından qayıdandan sonra geniş intervü vermişdim. O zaman 50-dən artıq KİV-də yayımlanan həmin intervüdə belə bir ifadə var idi: “...Silahlı Qüvvələrimiz cəbhə xəttində ayıq-sayıq dayanır, Vətənimizin keşiyini çəkir. Azərbaycan Ordusunun gücü, düşmən üzərində sözün bütün mənalarında üstünlüyü göz qabağındadır. Belə olan vəziyyətdə düşmənlərimizə imkan verməli deyilik ki, Azərbaycanın daxilində ikinci cəbhə açsınlar”.
Təssüf ki, o zaman artıq ölkə daxilində ikinci cəbhə artıq açıllmışdı.

Əslində anti-Azərbaycan qüvvələrin, o cümlədən və əsasən Ermənistanın bu planının icrası Paşinyan inqilabından sonra daha da sürətləndi. Paşinyanın məxməri inqilabını “bizimkilər” həm də “bunu etmək mümkündür” siqnalı kimi qəbul etdilər. Bu qüvvələr ölkə daxilində Paşinyanın demokrat imicini formalaşdırmaqla “erməni də olsa, bizimkidir - demokratdır. Dil tapacağıq” mesajı verirdilər. Paralel olaraq, Ermənistanda “demokratikləşməni” təşviq edirdilər.


Xarici ölkələrdə Erməni lobbisinin və onların maraqlarını müdafiə edən qüvvələrin nüfuz agentinə çevrilən şəxslər anti-Azərbaycan fəaliyyətini görünməmiş həddə çatdırdılar. Ölkə daxilinə yönəltdikləri təbliğat peşəkar metodologiya əsasında, ilk növbədə sosial problemlər, korrupsiya mövzuları qabardılmaqla, həmçinin, “Bu hakimiyyət Qarabağı qaytarmayacaq”, “Hakimiyyət Qarabağı satıb” təbliğatı aparmaqla həyata keçirilirdi. Şəhid və qazilərin problemlərinin qabardılması, mahiyyətini bilmədikləri “uşaq pulu” mövzusu və s. əlavə olaraq kritik kütlənin formalaşmasına xidmət edirdi. Ölkədə müəyyən sosial problemlərin varlığı inkarolunmazdır. Lakin bu qüvvələr üçün sosial problemlərin qabardılması sadəcə, alət idi. Onlar sosial problemlərin dərinləşməsində maraqlı idilər, həllində yox. Pandemiyanın sürətlə yayılmasına, neftin qiymətinin düşməsinə sevinənlər bunu sosial şəbəkələrdə heç gizlətmirdilər də. Amma digər tərəfdən əhalinin, xüsusən şəhid ailələrinin, müharibə veteranlarının sosial problemlərinin həllini israrla tələb edirdilər.

Həyata keçirilən sistemli fəaliyyət planına həmçinin bunlar daxil idi:

Xarici ölkələrdə Azərbaycanın beynəlxalq nüfuzunun aşağı salınması

Ölkənin insan hüquqlarını pozan, qeyri-mədəni, totalitar obrazının yaradılması və bununla da demokratiyanın “fontan” vurduğu Ermənistanla Azərbayanı fərqli təqdim etmək, “demokratik dəyərlərə bağlı olan”, “qədim xalqın” azərbaycanlılarla birgə yaşamasının mümkün olmamasını isbat etmək. Bunun üçün erməni milyarderləri 3-cü fondlar vasitəsilə xüsusi layihələrə start vermişdilər. Bu layihələr çərçivəsində bir tərəfdən qondarma “Artsax Respublikası”nın rəsmilərinin Qərb ölkələrinə, xüsusən ABŞ-a səfərləri təşkil olunur və onlar artıq institutlaşmış, demokratik dəyərləri formalaşdırmış ölkənin təmsilçiləri kimi təqdim edilirdi; digər tərəfdən, Azərbaycandan cəlb edilmiş satqın siyasətçilər və vətəndaş cəmiyyəti nümayəndələri belə görüşlərdə “totalitarizmin qurbanları” kimi göstərilirdilər. “Bizimkilər”in qarşısında qoyulan vəzifə xarici ölkələrin parlament üzvlərinə və digər rəsmi nümayəndələrinə Azərbaycanı elə təqdim etmək idi ki, “mədəni” və “demokratik dəyərlərin daşıyıcısı” olan erməni xalqının Azərbaycan dövlətinin tərkibində birgə yaşayışının mümkün olmadığına inansınlar. “Bizimkiləri” belə layihələr tədqiqatçı, universitet müəllimi qismində cəlb edirdilər ki, onların məqsədli olması və xüsusi missiya yerinə yetirmələri kənardan görünməsin.
Burada bir haşiyəyə çıxaraq, qeyd edim ki, bu qüvvələrə həmçinin, hakimiyyət daxilində özlərinə himayəçilər qazanmaq tapşırığı da verilmişdi. Ailə üzvləri vasitəsilə hakimiyyətə yaxınlaşmaq taktikası geniş mövzudur, amma öyrənilməli və nəticə çıxarılmalı məsələdir.

Dini, etnik, və siyasi baxımdan cəmiyyətin parçalanması

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası və bir sıra mərkəzlər Azərbaycanda dini qarşıdurma yaratmaq məqsədilə mövcud ənənəvi və qeyri-ənənəvi təriqətlər içərisindən liderlər yetişdirmək üçün xüsusi layihələr icra etməyə başladılar. Həmin Komissiya öz hesabatında göstərirdi: “Azərbaycanda şərait xüsusi olaraq həssasdır. Bu, şiə çoxluğunun olduğu yeganə postsovet ölkəsidir, amma əhəmiyyətli sayda, 35% sünni azlığına malikdir. Həmçinin, şiə İranının və sünni Türkiyəsinin təsirləri bu faizlərdə özünü əks etdirə bilər. Dini müxtəliflik gücün mənbəyidir, amma bunun üçün ağıllı dövlət siyasəti olmalıdır, o isə, təssüf ki, Azərbaycanda yoxdur”.

Komissiya hazırladığı hesabatlarda ölkədə “dini azadlığın müdafiəsi” adı altında müxtəlif layihələrin davam etdirilməsini israrla tövsiyə edirdi. Belə tövsiyələrin arasında biri xüsusilə diqqəti çəkir: “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və Azərbaycandakı ABŞ Səfirliyinin proqramında dini azadlığa dair qrant kateqoriyasını və fəaliyyət sahəsini müəyyən edərək, Demokratiyaya Milli Dəstək Fondunu tolerantlıq, din və inanc üzrə vətəndaş cəmiyyəti proqramlarına qrantlar verməyə həvəsləndirmək; Radio Free Europe/Radio Liberty-nin Azərbaycan dilində buraxılışı olan Azadlıq Radiosuna və “Amerikanın Səsi”nin Azərbaycan dilində buraxılışına, dini azadlıq daxil olmaqla Azərbaycanın daxilində baş verən hadisələr barədə obyektiv məlumatın çatdırılmasını davam etdirmələri üçün ABŞ-ın kəsintisiz maliyyə dəstəyini təmin etmək”.

Azərbaycanda dini radikalizmin dərinləşməsində ABŞ-da olan erməni lobbisi xeyli maraqlı görünürdü. Lobbinin əməkdaşlıq etdiyi fondlar, xüsusən NED həvəslə bu istiqamətdəki layihələri maliyyələşdirirdi və indi də heç nə dəyişməyib.

Etnik ziddiyyətlərin dərinləşdirilməsi

Etnik zəmində separatizmin gücləndirilməsinə yönələn fəaliyyətlərdə vaxtilə Moskvada formalaşmış və sonradan Niderlandın Haaqa və digər şəhərlərində məskunlaşan Əlikram Hümbətovun, ardınca Leyla Yunusun ətrafında cəmləşən, rusiyalı “hüquq müdafiəçisi” Svetlana Qanuşkinanın kurasiyasında olan qruplaşmalar Azərbaycanda yaşayan köklü xalqların, o cümlədən, talışların, ləzgilərin və digər xalqların arasında təbliğat işini genişləndirməyə başladılar. Ermənistanda və işğal olunmuş ərazilərimizdə talış dilində yayımlanan radio açıldı.

Müttəfiqlərlə münasibətlərin pozulması

Anti-Azərbaycan qüvvələrin fəaliyyətinin digər istiqaməti ölkəmizin müttəfiqlərilə münasibətlərinin pozulmasına yönəlib. Tovuz hadisələrindən sonra (bəzi məsələlərdə buna qədər də) Belarusun prinsipial mövqeyi Azərbaycandakı “5-ci kalon”u möhkəm qəzəbləndirmişdi. Təsadüfü deyildi ki, Belarusda kənardan idarə olunan qüvvələrin təşkil etdiyi aksiyaları alqışlayanların, Lukaşenkonun devriləcəyi günü səbirsizliklə gözləyənlərin çoxu da həmin qüvvələrə bağlı olanlar idilər (reallıqları bilməyən həvəskarları nəzərdə tutmuram).

Anti-Türkiyə əhval-ruhiyyəsi yaratmaq istiqamətində fəaliyyətlər bir qədər fərqli idi. Türkiyənin region üçün təhlükə olmasını, Azərbaycala əməkdaşlığının, o cümlədən, hərbi iş birliyinin genişlənməsinin həm cəmiyyətə, həm də hakimiyyətə ünvanlanmış “Rusiyanı qıcıqlandıracaq və bizə daha pis olacaq”, ”Türkiyə Rusiyanın qarşısında tab gətirə bilməz” kimi tezislərlə şərh olunması ən yaxın müttəfiqimizlə aramızın vurulmasına yönəlmişdi.

Cəhdlər

2018-ci ilin Prezident seçkiləri üçün planlaşdırlanlar bu baxımdan ciddiliyi ilə fərqlənirdi. 2005-ci ildə Milli Məclis seçkiləri ərəfəsində və sonrakı “məxməri inqilab” imitasiyasından fərqli olaraq, 2018-ci ildə daha ciddi qüvvələrin sistemli planları var idi. Bu planların necə pozulmasdan geniş bəhs etməyə dəyməz. Sadəcə, prezident seçkiləri ərəfəsi üçün planlaşdırılan bəzi təxribatların erkən seçkidən sonra həyata keçirlməsinə uğursuz cəhdləri yada salmaq kifayətdir. Həmin vaxt baş verənlər seçki şəraitində olsaydı, əlbəttə, tamam başqa effekt verəcəkdi.

Təxribatlar 2019-cu ildə də davam etdilər. Həmin ildə bəzi proseslərin hakimiyyətdaxili qüvvələr tərəfindən stimullaşdırlması ehtimalı da istisna deyildi.

2019-2020-ci illərdə Paşinyanın provokativ fəaliyyətlərinin kökündə isə Ermənistan və ona dayaq olan qüvvələrin növbəti planı dayanırdı: “Qarabağ məsələsinin birdəfəlik Ermənistanın xeyrinə həlli”. Paşinyan nə qədər səfeh olsa belə, onun Azərbaycan ərazilərində etdiyi hərəkətlər, o cümlədən, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, Şuşada yallı getməsi, Azərbaycanın mənəvi paytaxtını qondarma erməni dövlətinin siyasi mərkəzinə çevirmək planlarının hamısı vahid metodikaya əsaslanırdı.

Nəticə belə alınmalı idi ki, Ermənistan dünyada demokratik ölkə kimi tanınır, Azərbaycan isə əksinə. Azərbaycan daxildən parçalanır və Ermənistan ölkə daxilində ikinci cəbhə açmağa nail olur. Ardınca Azərbaycana qarşı hərbi təxribat edir və kiçik də olsa, qələbə qazanır. 2016-cı il məğlubiyyətini aradan qaldırır, Azərbaycan isə əldə etdiyi qələbənin yaratdığı siyasi, hərbi və psixoloji üstünlükdən məhrum olur. Bu zaman daxildə kütləvi etirazlar başlayır və...
Tovuz təxribatı ərəfəsindəki daxili ritorikanı təhlil edəndə çox mətləblər üzə çıxır. Amma həm dövlət sərhədindəki, həm daxildəki digər təxribatlar arzu olunan nəticəni vermirlər. Niyə?

Ermənistanın əsas səhvi

Onlar özlərini inandırmışdılar ki, erməni lobbisinin çəkdiyi xərclər səmərəlidir, təbliğatları Azərbaycan cəmiyyətində dezoriyentasiya yarada bilib və xalq hakimiyyəti devirmək üçün ayağa qalxacaq. Bunun üçün vəziyyəti bir qədər də tündləşdirmək kifayətdir. Tovuz təxribatları buna hesablanmışdı.

Onlar talış dilində radio açmışdılar deyə, elə bilirdilər ki, Qafqazın ən qədim xalqlarından olan talışlarda, digər xalqlarda separatizm meyillərini artıra biliblər. Anlamırdılar ki, Azərbaycanda yaşayan talışlar da, digər köklü xalqlar da bu torpağın, o cümlədən, Qarabağın sahibidirlər və ölkənin hər yerini öz torpaqları, öz vətənləri hesab edirlər. Minillər boyu bu torpaqda yaşayanlardan öz torpağına və vətəninə xəyanət umanların təbliğatına özlərindən başqa heç kəs uymadı. Qafqaza sonuncu gələn xalq elə erməninin özüdür. Hətta malakanlar da daha əvvəl gələn etnik qurupdur.

“B” planı

Erməni xalqını bəlaya düçar edənlərin, xəstə və abstrakt arzuları nəsildən-nəslə ötürənlərın acı məğlubiyyətdən nəticə çıxaracaqlarına inam azdır. Bu xalq qazandığı pulu öz rifahına xərcləmir. Ermənistan və onun xəstə ideoloqları ərazisinin 10%-ni məskunlaşdırmağa əhalisinin çatmayacağı “Böyük Ermənistan” “yaratmaqda” davam edəcəklər. Biabırçı məğlubiyyətdən hələ özlərinə gəlməslər də, artıq “B” planına start veriblər. Bu planın Azərbaycanın daxilinə yönələn hissəsində məqsəd böyük qələbəni xalqın gözündən salmaq, insanların duyduğu şərəf hissini öldürmək, bunun fonunda sosial problemləri qabartmaqla əhval-ruhiyyəni heç olmasa 27 sentyabr ərəfəsindəki vəziyyətə qaytarmadır.

Təəssüf doğuran odur ki, bu proseslərə yenə də Avropada yerləşdirlmiş Leyla Yunus, Əlikram Hümbətov, onların tör-töküntüləri və Azərbaycandakı şəbəkəsi cəlb olunublar.

Daha pisi odur ki, Leyla Yunusun layihələrinin buradakı icraçılarının bir qismi, vaxtilə erməni lobbisinin “xalq diplomatiyası” adı altında həyata keçirdiyi təslimçilik layihələrinin icraçıları indi teleulduzlara çevrilib və sətiraltı olaraq öz murdar planlarını həyata keçirməkdədirlər. Onların çoxu 44 günlük Vətən Müharibəsi dövründə beynəlxalq informasiya müharibəsində ya susdu, ya da “sülh göyərçini” olaraq, erməni platformalarında müharibəni lənətləyənlərə qoşuldu. Hazırda onların bir qismi yavaş-yavaş “loyallaşma” xətti tutmaqla iyrənc planlarını həyata keçirmək istəyirlər.

Azərbaycan dövləti, Ali Baş Komandan və Müzəffər Ordumuz b irinci cəbhəni darmadağın etdi. Ölkənin daxilində olan ikinci cəbhə bu dövrdə zəifləsə də, yenidən baş qaldırmağa çalışır. Onlar da uduzacaqlar. Amma bunun üçün maksimum sayıq olmaq lazımdır... (Azvision.az)