DİALOQDAN KONSENSUSA, KONSENSUSDAN YENİ SİSTEMƏ - ŞƏRH

Dialoq və müzakirə olmadan konsensus formalaşdırmaq mümkün deyil

Demokratiya nədir?

Bu suala bizim kimi ölkələrdə, yəni istehsal ənənəsi, sərbəst bazarı olmayan, son bir neçə yüz ildə fəlsəfə yaratmayan, sosial differensiasiyası zəif ölkələrdə cavab tapmaq müşkül məsələdir.

Nə edirsənsə et, intellektual müzakirələr getmir, gedə bilmir bu məmləkətdə, söhbət hara hərlənsə, gəlib populist müstəviyə çıxır.

Demokratiya kimi, onun bir cərəyanı, hətta tarixin sonunu gətirəcək cərəyanı olduğu iddia edilən liberalizm də nədir, nə deyil, bizim toplum üçün maraqlı olmayıb heç zaman.

Qos-qoca sovet imperiyası 70 il boyunca milyonlar, milyardlar xərcləyib Azərbaycanda “sarsılmaz” hesab etdiyi partiya qurmuş, on minlərlə təşviqatçı, sosializm və kommunizm ideologiyasına "könüldən bağlı" fəallar yetişdirmiş, onlara hər yerdə “yaşıl işıq” yandırmışdı.

Bu gün Azərbaycanda nəinki kommunist partiyasının, bütövlükdə sol cərəyanların təəssübkeşləri liberallardan da qat-qat azdır.

Azərbaycanda sağ da, sol da, hətta mərkəzçilik də ideoloji baxımdan iflasa uğrayıb, amma bunun bir səbəbi olmalı.

Səbəb isə sadədir: siyasət hər zaman cəmiyyətin iqtisadi mühərriki ilə çalışır.

1988-ci ildən başlayan milli azadlıq hərəkatı hər nə qədər Topxana harayına yığışılması görüntüsünə malik olsa da, alt qatda çökmüş sovet iqtisadi sisteminin üzə çıxardığı dalğa idi.

Hazırda Azərbaycanda sosial-iqtisadi islahatlar aparılır və heç şübhəsiz, korrupsiya mexanizmlərinin aradan qaldırılmasını hədəfləyən reformalar özünəməxsus risk qrupları da yaradır.

2019-cu ilin noyabrında Mədəniyyət və Turizm nazirinin sabiq müavini Ədalət Vəliyev Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunanda həmin risk qruplarının ölkənin siyasi partiyalar sisteminə mümkün təsir axtarışının ən güclü olduğu zaman idi.

Ötən müddətdə proseslərin təbii inkişafı Ədalət Vəliyevin üzərinə Administrasiya məmuru kimi daha bir neçə yük qoydu.

Əvvəla, 2020-ci ilin may-iyun aylarından etibarən II Qarabağ savaşının başlayacağı bütün ciddi analitiklərə gün kimi aydın idi və elə bu səbəbdən də ölkənin siyasi spektrində konsensus əldə edilməsi tarixi zərurət idi.

II Qarabağ savaşının nəticəsi artıq məlumdur: Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını 44 gün ərzində uğurla həyata keçirərək, tarixi zəfər qazanıb.

Ölkəni ZƏFƏRə aparan yolda irili-xırdalı siyasi partiyaların mütləq əksəriyyətinin Ali Baş Komanda mənəvi, siyasi, təşviqat dəstəyi verməsi heç də xırda məsələ deyil.

İlham Əliyev 44 günlük savaşda təkcə yüksək sərkərdəlik məharəti göstərmədi, eyni zamanda cəmiyyətin bəzi narazı kəsimlərini islahatlar, bəzilərini isə Qarabağ ideyası ətrafında toparlayaraq düşmənin başına DƏMİR YUMRUQ endirdi.

Savaşdan sonra Azərbaycanda yeni situasiya yaranıb.

Bu situasiya həm 1988-89-cu illərin Qarabağ hadisələri fonunda siyasətə gəlmiş qüvvələr, həm də 10 noyabr 2020-ci ildə Ermənistanı kapitulyasiyaya imza atmağa məcbur etmiş Azərbaycan hakimiyyəti üçün də fərqli reallıqdır.

Ölkədə sosial-iqtisadi islahatlar dərinləşməsi, regional kommunikasiyanın yeni xəritəsi formalaşdırması, nəhayət Rusiya və Türkiyənin Qarabağdakı hərbi mövcudluğu YENİ SİYASƏT, YENİ SİSTEM, YENİ CƏRƏYANLAR üzə çıxaracaq.

Bu tendensiya Azərbaycan dövlətindən YENİ KONSENSUS, YENİ İCTİMAİ MÜQAVİLƏ, YENİ SİYASİ SİSTEM tələb edir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə bu yaxınlarda keçirilən videokonfrans da şəxsən mənim üçün ilk növbədə bu rakursdan maraqlı idi.

Konfransdan məlum oldu ki, Ədalət Vəliyev dövlət idarəçiliyindəki yaxşı təcrübəsi ilə prezidentin ona həvalə etdiyi vəzifələrin- söhbət təkcə administrativ postdan getmir- öhdəsindən bacarıqla gəlir.

Bəli, dialoq və müzakirə olmadan konsensus formalaşdırmaq mümkün deyil.

Konsensus əldə edilməyəndən sonra isə yeni ictimai müqavilə və yeni siyasi sistemə keçiddən danışmağa dəyməz.

Odur ki, “Siyasi dialoqun Azərbaycan modeli” çeşidli siyasət adamlarının, politoloqlarının, analitiklərin video-konfransından daha çox, gələcəyə yönəlmiş bir beyin həmləsi idi.

Geniş baxsaq, “Azərbaycan modeli” bütövlükdə demokratik inkişaf baxımından yaxşı nümunəyə çevrilir ona görə ki, sadəcə, siyasi partiyalar və ekspertlər mühiti üçün deyil, bütün vətəndaşların onları maraqlandıran məsələlərə çözüm tapması və rasional bir məxrəcə vara biləcəkləri ictimai meydan genişlənir.

ABŞ filosofu Con Rauls (1921-2002) yazırdı:

“MÜZAKİRƏÇİ DEMOKRATİYA “məqbul, lakin uyuşmaz dini, fəlsəfi, əxlaqi doktrinalarla dərindən fərqliləşmiş azad və bərabər vətəndaşlar uzun müddət davam edəcək istiqrarlı və adil bir topluma necə sahib ola bilərlər” sualına cavab aramaqdır.

Bu cavab, əlbəttə, nə bir toplantıda, nə də qısa bir müddətdə tapılmayacaq.

Ancaq cavabın tapılması üçün sualların səslənməsi, mövqelərin ifadə olunması, ən başlıcası, axtarış prosesinə start verilməsi mütləq vacibdir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru