BAXCP sədri: "Kamal bəy deputatla dövlət qulluqçusunun funksiyalarını bilmir" BAXCP sədri: "Kamal bəy deputatla dövlət qulluqçusunun funksiyalarını bilmir"

"Kamal Cəfərov öz dediyini mənə aid edir” - Qüdrət Həsənquliyevdən gənc deputata tövsiyyələr

BAXCP sədri: "Kamal bəy deputatla dövlət qulluqçusunun funksiyalarını bilmir"

Parlamentin bugünkü iclasında deputatlar Qüdrət Həsənquliyev və Kamal Cəfərov arasında yaranmış fikir ayrılığı, kiçik mübahisə sonradan mediada davam etdirilir.

Xatırldaq ki, “Dövlət Qulluğu Haqqında” Qanuna dəyişiklik edilərkən, Qüdrət Həsənquliyev deputat Kamal Cəfərovun dövlət qulluqçusunun funksiyalarını bilmədiyini söyləyib:

"İnsanlar işlədikləri dövrdə təcrübə qazanırılar. Bununla bağlı yeni seçilən deputatlara da üzümü tutdum. Dedim ki, ilk seçilənlə indiki arasında onların təcrübəsi xeyli artıb. Kamal müəllim isə mənim sözümü tuturmuş kimi dərhal dedi ki, onsuz da deputatlar da 5 il müddətinə seçilir. Təəssüf edirəm ki, Kamal bəy deputatla dövlət qulluqçusunun funksiyalarını bilmir. Millət vəkili qanunlar qəbul edir. Yəni doğrudan da millət vəkili ilə dövlət qulluqçusunu bu şəkildə müqayisə etmək nə dərəcədə doğrudur bilmirəm. Amma qanunu təqdim edən şəxslərin bir məsələ ilə bağlı tam əminliyi yoxdursa, onunla bağlı fikir söyləməsinlər”.

K.Cəfərov isə buna cavabında Q.Həsənquliyevin təklifinin korrupsiyaya yol aça biləcəyini deyib.

Q.Həsənquliyev bu fikrə münasibətini belə açıqlayıb:

- Qüdrət bəy, “Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik edilərkən layihəni təqdim edən Kamal Cəfərovla fikir ayrılığınız oldu, o, “AzPolitika”ya açıqlamasında bildirib ki, Sizin dövlət qulluğuna qəbulun müsahibə yolu ilə həyata keçirilməsi barədə fikirləriniz qəbul olunarsa, bu, korrupsiyaya yol aça bilər. Fikir ayrılığınız nədən qaynaqlanır?

- Parlamentdə fikir ayrılığının olması çox normaldır. Demokratik ölkələrdə eyni partiyanı təmsil edən deputatlar arasında da məsələlərə bəzən fərqli yanaşma olur. Fikir ayrılığı ilə bağlı onu deyə bilərəm ki, mən dövlət qulluğuna qəbulun sadələşdirilməsi təşəbbüsü ilə çıxış etdim və bəyan etdim ki, Prezident də qanunların humanistləşdirilməsini tövsiyə edir, hər beş ildən bir dövlət qulluqçusunun imtahan verib yenidən sertifikat almasına nə ehtiyac var? Dövlət qulluğuna qəbul zamanı müsabiqənin müsahibə mərhələsinə ehtiyac olmadığını söylədim. Qeyd etdim ki, müsahibə zamanı verilən suallar testə daxil edilə bilər. Bəyan etdim ki, qanunu tətbiq edən şəxslər kimi zamanla onlar daha təcrübəli olurlar. Fikrimi əsaslandırmaq üçün ilk dəfə seçilmiş və qanuna səs verəcək deputatlara üzümü tutub dedim ki, yəqin etiraf edərsiniz ki, Sizlər seçiləndən bir il sonra parlamentdə daha rahat və təcrübəlisiniz. Məndən sonra söz alan Kamal Cəfərov bildirdi ki, inkişaf etmiş ölkələrdə dövlət qulluğuna qəbul zamanı müsahibəyə daha çox üstünlük verirlər və deputatlar da beş ildən bir seçilir.

Ona görə də 3-cü oxunuş zamanı vurğuladım ki, əgər Kamal müəllim deyirsə ki, inkişaf etmiş ölkələrdə müsahibə yolu ilə dövlət qulluğuna qəbula üstünlük verirlər, onda gəlin biz də müsahibə yolu ilə qəbulu həyata keçirək. Eyni zamanda təəssüfümü bildirdim ki, Kamal müəllim dövlət qulluğuna qəbulla deputat seçilməsi arasındakı fərqi görmür, yaxud bilmir. Bu təəssüratı o, apardığı uğursuz müqayisə ilə yaratmışdı. Mən dövlət qulluğuna qəbulun yalnız testlə olmasını təklif etmişəm, yenə də təəssüf edirəm ki, o, öz dediyini mənə aid edir və bunun korrupsiyaya yol açacağını söyləyir. Mən, sadəcə qəbulun bir mərhələdən ibarət olması üçün onun müsahiə yolu ilə qəbul təklifinin də məqbul ola biləcəyini söyləmişəm.

Yeri gəlmişkən onu da söyləyim ki, dövlət qulluğuna qəbulu nə qədər çətinləşdirsək də, həmin sahədə olan problemlər bununla öz həllini tapmayacaq. Problemlər məmurların savadsız olmasından qaynaqlanmır. İclasda da qeyd olundu, məmurların müdafiəsi gücləndirilməlidir. Məmurlar öz rəhbərlərinin qanunsuz tapşırıqlarını (o cümlədən rüşvət almaqla bağlı) yerinə yetirməkdən imtina edə bilmələri üçün onlar məhkəmələrə güvənməlidirlər. İnanmalıdırlar ki, qanunsuz işdən çıxarılacaqları halda işə bərpa oluna biləcəklər və qanunsuzluq edib onları incitmiş rəhbərini cəzalandıra biləcəklər. İkincisi, məmurlara onların layiqli həyatını təmun edəcək qədər maaş verilməlidir./Azpolitika.info