Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür -DEPUTAT ŞƏRHİ

“Şuşa Bəyannaməsinin imzalanmasından artıq iki il ötür. Bu qardaşılq sənədi olduqca vacib bir bəyannamədir. Beləliklə hər iki ölkə rəhbəri Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir sənədə qol çəkməklə tarixi münasibətlərin yeni mərhələsinə qədəm qoydu”.

Bu sözləri AzNews.az-a açıqlamasında deputat Vüqar İskəndərov belə deyib.

“Qardaş ölkə ilə aramızdakı münasibətlər, müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.Əlbəttə bəyannamədən sonra bu münasibətlər daha da möhkəmlənib və ən yüksək səviyyəyə qalxıb. Şuşa Bəyannaməsinin əhəmiyyəti olduqca böyükdür. Əvvəla əhatəli sülhə yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün də əlavə imkanlar yaradır. Bu gün Qarabağımızda böyük işlər görülür. Sürətlə quruculuq işləri aparılır. Bu baxımdan Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini də stimullaşdırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olur. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları mövcud resurslardan istifadə etməklə daha da genişləndirilir”.
Deputat qeyd edib ki, bizi türk qardaşlarımızla onsuz da tarixi bağlar birləşdirir, qan qardaşlığımız var. “Bəyannamə bizim gələcək münasibətlərimizi də tənzimləyir. Sənəddə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev qeyd etmişdi ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Əlbəttə bu ideologiya bu dahi siyasətçilərin kəlamları bizim hər birimiz üçün mayak rolunu oynamaldır”.

AzNews.az