Anti-terror əməliyyatından əvvəl xarici ictimaiyyət ciddi şəkildə məlumatlandırılmalıdır - Fuad Abbasov

Son yayılan görüntülər göstərir ki, ermənilər bölgədəki Rusiya sülhməramlıların dəstəyi ilə Qarabağa silah daşıyır. Bundan başqa digər xarici güclər də gizli yollar ilə separatçılara silah daşıyaraq onları müharibəyə hazırlaşdırır.

Azərbaycan qarşı tərəfin müharibə hazırlıqlarını anti-terror əməliyyatları ilə darmadağın edə bilər?

"Əlbəttə ki, xarici güclərin və Rusiya sülhməramlılarının yardımı ilə Qarabağda müharibəyə hazırlanan erməni separatçılara qarşı anti-terror əməliyyatı aparmaq Azərbaycanın həm konstitusiya haqqıdır, həm beynəlxalq hüquqdan yola çıxaraq edəcəyi hərəkətdir".

Bu sözləri mövzu ilə bağlı AzNews.az-a açıqlama verən bloqer, jurnalist Fuad Abbasov bildirib.

"Bunun üçün çox ciddi addımlar atmaq lazımdır. Yəni biz görüntüləri yayınlayırıq, Azərbaycan ictimaiyyəti bunu çox yaxşı bilir. Amma biz bunu dünya ictimaiyyətinə yayınlamalıyıq ki, həm Birləşmiş Millətlər Təşkilatı, həm Avropa Birliyi, həm də bu münaqişədə vasitəçilik etmək istəyən digər qüvvələr bunun şahidi olsunlar. Görsünlər ki, əgər müharibə və yaxud anti-terror əməliyyatı başlayacaqsa, buna səbəb nədir? Yəni elə bil ki, birinci atəş o tərəfdən gəlməlidir, yoxsa biz müəyyən yazıları yayınlayırıq, daxili auditoriyanı məlumatlandırırıq".

F. Abbasov onu da vurğulayıb ki, hər hansı bir anti-terror əməliyyatına başladığımız zaman dünya ictimaiyyətinə, ələlxüsus ermənilərin daha çox yaşadığı Amerika, Fransa və Rusiya ictimaiyyətini qane edəcək məlumat verməliyik.

"Əks təqdirdə dünya ictimaiyyətində belə bir təəssürat yaranacaq ki, sanki Azərbaycan ermənilərə qarşı növbəti soyqırımı həyata keçirir. Niyə? Çünki ermənilər bunu bütün dünyaya belə göstərəcəklər. Onun üçün hər hansı bir anti-terror əməliyyatı başlamamışdan əvvəl xarici ictimaiyyət çox ciddi şəkildə məlumatlandırılmalıdır".

Ayan Rzayeva