Tural Gəncəliyev: "Zəfər Gününü Xankəndidə qeyd edəcəyik"

“Qarşıdan gözəl bayramlarımızdan biri olan Zəfər bayramımız gəlir. Biz bu günləri səbrsizliklə gözləyirdik. Çünki ilk dəfə bu bayramları torpaqlarımızın üzərində suverenliyimizi tam bərpa etdiyimiz tarixdən sonra ürəkdən, şərəflə qeyd edəcəyik. Təbii ki, bu qələbədə Azərbaycanın Ali Baş Komandının rəhbərliyi altında Ordumuz tarix yazdı. Şəhidlərimiz öz qanları, canları bahasına qələbəni əldə etdilər. İlk dəfə olaraq biz Xankəndili, Xocalılı, Ağdərəli bayram keçiririk”.

Bu sözləri AzNews.az-a şuşalı deputat Tural Gəncəliyev Zəfər günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

O qeyd edib ki, bir azərbaycanlı olaraq həddən artıq qürurludur.

“Yaxın Şərqdə, müsəlman dünyasında, türk dünyasında suverenliyini bərpa edərək separatizm üzərində tam qələbə çalmış demək olar ki, ikinci bir halı misal gətirmək münkün deyil. Bu bizim üçün görün nə qədər xoş səslənir. Biz artıq Ali Baş Komandanın rəhbərliyi altında yeni bir Azərbaycan yaratmışıq. Azərbaycan bu gün Cənubi Qafqazda ən güclü ölkə olmaqla yanaşı türk dünyasının vuran nəbzidir. Bu gün Azərbaycan Orta Dəhliz üzərində yerləşən Şərqlə Qərbi, Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən açar ölkədir. Artıq Azərbaycan orta güc ölkəsi kimi artıq meydana çıxıb. Eyni zamanda Avropa İttifaqı ilə Türk Dövlətləri Təşkilatları kimi dünyəvi müxtəlif geosiyasi mərkəzlərdə hörmətlə sayılıb-seçilən və öz siyasətini əzmlə, müdrikliklə müdafiə edən dövlətdir".

Millət vəkili əlavə edib ki, həmçinin Azərbaycan Avropa ittifaqının enerji təhlükəsizliyinə ciddi kontribusiya verir.

"Bütün bunların hamısı bizim zəfərimizdən sonra əhəmiyyətini daha da artırmışdır. Artıq yeni bir mərhələyə qədəm qoymuşuq ki, Azərbaycanın əraziləri bütövləşmiş və öz enerjisini, resurslarını daha çox tanınması istiqamətlərinə yönəldəcək. Bizdə bu potensial var. Zəngin təbii sərvətlərimizlə yanaşı ciddi insan kapitalı mövcuddur ki, bütün bu hallar bizə gələcəkdə daha böyük hədəfləri həyata keçirməyə imkan verir. Azərbaycan Zəfər gününü dünyada təlatümlü hadisələrin getdiyi dövrdə qeyd edir. Bütün dünyanın xaos içərisində olduğu vaxtda Azərbaycan beynəlxalq münasibətlərdə öz sözünü deyir".

T. Gəncəliyev sonda hər kəsi Zəfər Günü münasibəti ilə təbrik edib: "Azərbaycan hələ bundan sonra da tarix yazmağa davam edəcək”.

Rəfiqə NAMAZƏLİYEVA