Əli Kərimlinin müavini Sevinc Osmanqızıya dişinin dibindən çıxanları dedi

Sədrləri Əli Kərimlinin göstərişi ilə AXCP üzvləri Sevinc Osmanqızının youtube kanalını boykot ediblər. Bundan sonra Sevinc Əli Kərimliyə, AXCP və Milli Şuraya sözün əsl mənasında cəbhə açıb. O, faktiki olaraq AXCP liderlərini öz verilişlərində aşağıladır, təhqir etdirir və özü də bir çox hallarda ƏIi Kərimlini ələ salır. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Sevinc Osmanqızının partiyasına hücumlarına “Azadlıq qəzeti” adlı Facebook səhifəsində cavab verib.

Fuad Qəhrəmanlı “Sevinc Osmanqızı niyə müxalifətlə dava salır” başlıqlı məqaləsində yazır:

“Axı Sevinc xanımı bu qədər narahat edən, onu müxalifətə qarşı bu qədər qəzəbli edən səbəb nədir, əcaba niyə, o, vaxtı ilə bir səngərdə olduğu dostlarına qarşı bu gün belə asi olub? Görünür hörmətli Sevinc xanım özü də bu sualın hər kəsdə yarana biləcəyini bildiyi üçün dönə - dönə deyir ki, onun AXCP və Milli Şuraya qarşı belə acıqlı çıxışlar etməsinin, verdiyi sözə rəğmən susa bilməməsinin səbəbi onların seçkiləri baykot qərarına görədir. O zaman Sevinc xanım desin görək onun keçmiş dostları olan cəbhəçilər 2015 - ci ildə parlament, 2018- ci ildə prezident seçkilərini və referendumu, 2020 - ci ildə yenə parlament seçkilərini baykot edəndə, bəs niyə indiki kimi müxalifətə qarşı müxalifətçilik etmirdi? Əksinə, o ərəfədə öz efirində deyirdi ki, AXCP - nin mətbuat xidməti olmaqla fəxr edir. Təkcə biz yox, o da özünü bizə o qədər yaxın sayırdı ki, Natiq Adilov dura - dura tamamilə haqlı olaraq özünü qürurla AXCP - nin mətbuat xidməti adlandırırdı”.

AXCP sədrinin müavini Sevinc Osmanqızını Qurban Məmmədovun yolunu getməkdə də suçlayır:

“Ardınca da ölkədə "müxalifət butaforiyadır, yoxdur" deyəndə eyni ilə Qurban Məmmədovun dediklərini öz jurnalist üslubu ilə təkrarlamış olur”.

Fuad Qəhrəmanlı Sevinc Osmanqızı ilə bağlı bəzi “mətbəx bilgiləri” də açıqlayıb:

“Ötən günkü çıxışında deyir ki, 2 il öncə mənə şərt qoyurdular ki, filankəsləri efirinə çıxarma. Onun bu şərt dediyi, əslində o zaman özümüzdən biri kimi baxdığımız Sevinc xanımla söhbətlər əsasında hakimiyyətin "avtobus müxalifətini" cəmiyyətə sırımasına imkan verməmək istiqamətində dostcasına deyilən fikirlər olub. Bu sadəcə rejimin müxalifətlə bağlı planlarının qarşısını almaq istiqamətində adi bir fikir bölüşməsi idi. Çünki o zaman Sevinc xanım İqbal Ağazadəni, Tural Abbaslını, Qüdrət Həsquliyevin partiyasından olan Bakir adlı birini- (BAXCP rəhbərliyində belə bir şəxs yoxdur- RED.) və s.- ni real müxalifət rəhbərlərinin tez- tez çıxış etdiyi efirə çıxarmaqla hakimiyyətin bu adamları cəmiyyətə real müxalifət kimi sırımaq planlarına yardım etmiş olurdu. Biz də düşünürdük ki, siyasətçi olmadığı üçün belə səhf edən dostumuza məsələni izah etmək lazımdır. Xatırlayırsınızsa bir dəfə mən özüm efirdə kimlər olduğunu bilmədən "Osmanqızı" kanalında canlı yayıma çıxdım və orada Tural Abbaslını, həmin Bakir adlı şəxsi görüb etiraz edib efiri tərk etdim. Belə çıxır ki, biz dostcasına Sevinc xanıma hakimiyyətin oyuncaq müxalifətini efirə çıxarmasının düz olmadığını deyəndə onun söz azadlığını boğmuşuq. O, zaman Sevinc xanım buyursun, indi bu adamları çıxarsın öz efirinə, əgər çıxara bilmirsə, o zaman”.

Fuad Qəhrəmanlı AXCP sədri postunda gözü olduğuna da eyham vurub:

“Sevinc xanımın da bilmək haqqı var ki, Əli Kərimli yalnız öz qərarı ilə deyil, biz cəbhəçilərin seçimi, gizli səsverməsi ilə partiyanın sədri olub. Sevinc xanım heç olmasa bir məsələdə narahat olmasın ki, biz partiya olaraq öz maraqlarımızı ondan az düşünmədiyimizə görə, partiyada daha güclü lider meydana çıxarsa, o zaman seçki yolu ilə Əli bəyi də yola salacağıq. Mən başa düşürəm, ola bilsin ki, Sevinc xanım elə bilir ki, vaxtı ilə uğursuz Əli Əliyev nümunəsində olduğu kimi istədiyin vaxt kimdənsə lider düzəltmək olur, ancaq hörmətli Sevinc xanım gərək fərqində olsun ki, bu sadəcə istəklə, adamı tez- tez öz efirinə çıxarmaqla əmələ gələn bir iş deyil. Məhşur "Uzaq Sahillərdə" filmində partizanların komandiri Ferrero dediyi kimi, "yenə eyni dalğa, yenə eyni kordinatlar". Nə deyək, yəqin Karanti yenə iş başında. Ancaq buna baxmayaraq yenə də Sevinc xanıma xatırlatmağı mənəvi borc bilirəm ki, müxalifətçi olmaq üçün AXCP- nin verdiyi arayışla, Mill Şuranın qoyduğu gömrük postundan keçmək lazım deyil. Belə çıxır ki, hörmətli Sevinc xanım o qədər əmək qoyduğu Əli Əliyevin nəinki lider, hətta müxalifətdə qala bilməməsinin günahını da bu gün bizdə görür hesab edir ki, biz imkan vermədik o qabağa çıxsın”.

Əli Kərimlinin müavini Osmanqızını namərdlikdə də ittiham edib:

“Hörmətli Sevinc xanım yəqin ki, sevimli "ekspertiniz" Beydulla Manaf indi həbsdə olan, özünü müdafiə etmək iqtidarında olmayan Tofiq bəyin insan kimi sizə güvənib atdığı səsini saxlayıb sonra da onu yarımçıq formada efirə verib əleyhinə fikir yaratmağa çalışmağınızın heç də mərd, adil bir davranış olmadığını sizə deməyəcək” .

AzNews.az