- Siyasi müzakirə
- 22 Yanvar 2025 23:38
- 2 041
"Tramp böyük şirkət və təşkilatlara qarşı sərt mövqeyini davam etdirəcək" - Turab Rzayev
“Düşünürəm ki, Tramp daha çox ölkə daxili siyasəti ilə bağlı verdiyi vədlərlə yadda qalacaq. O, vergiləri azaltmaq, enerji resurslarına — neft və şist qazına qoyulan məhdudiyyətləri aradan qaldırmaq və enerji istehsalını artırmaq istiqamətində çalışacaq. Bundan əlavə, yerli istehsalı qorumaq məqsədilə xarici ölkələr üçün gömrük və idxal tariflərini artıracağını bildirib. Bu tariflər, böyük ehtimalla, Kanada, Meksika və xüsusilə Çin kimi ölkələrə qarşı tətbiq ediləcək. Tramp eyni zamanda böyük şirkətləri məcbur edəcək ki, istehsalı ölkə daxilində saxlasınlar. O, daha əvvəl də avtomobil və texnologiya şirkətləri üçün bu cür addımlar atmışdı. Bundan başqa, beynəlxalq şirkətlərə və beynəlxalq təşkilatlara qarşı sərt mövqeyini davam etdirəcək”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi qeyd edib ki, Trampın diqqət yetirəcəyi əsas məsələlərdən biri də münaqişə bölgələrində sabitliyi təmin etmək olacaq.
“Təsadüfi deyil ki, andiçmə mərasimindən əvvəl o, HƏMAS və İsrail arasında atəşkəsə nail olmaq üçün cəhdlər etdi. Eyni şəkildə, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına da çalışacaq. Digər tərəfdən, Rusiya və Ukrayna arasında sülh müqaviləsinin imzalanmasını təşviq edəcək. Tramp, var gücü ilə çalışacaq ki, ən azından tərəflər arasında atəşkəs təmin edilsin. Bununla bağlı artıq ilkin addımlar atılıb. Çünki beynəlxalq maliyyə yardımları arasında Ukrayna ən çox dəstək alan ölkələrdən biri idi. Həmçinin, Tramp ilk dəfə olaraq Putini açıq şəkildə tənqid edib və Ukraynaya uzun mənzilli raketlərin verilə biləcəyini açıqlayıb. Bununla o, Rusiya üzərində təzyiqi artıraraq sülh müqaviləsini məcburi hala gətirmək istəyir”.
“Düşünürəm ki, Trampın hakimiyyəti dövründə həm Cənubi Qafqazda, həm də dünyada nisbi sabitlik yaranacaq və əsas diqqət iqtisadi inkişaf, sosial rifah və təhlükəsizlik məsələlərinə yönələcək. Bununla yanaşı, Trampın xarici siyasətdə təsir imkanlarını genişləndirmək məqsədilə müəyyən ərazilər üzərində nəzarəti gücləndirmək istədiyi də görünür. Məsələn, Çinlə strateji mübarizədə Panamanı Çinə yaxınlaşmaqdan çəkindirmək, Kanadaya iqtisadi təzyiqləri artırmaq və Qrenlandiyada hərbi iştirakını genişləndirmək kimi addımlar atmağa çalışacaq. O, Arktikada ABŞ-nin mövqeyini gücləndirməklə qlobal liderlik uğrunda, xüsusilə də Çinlə siyasi və iqtisadi rəqabətdə üstünlük qazanmağa çalışır”.
Rəfiqə NAMAZƏLİYEVA