- Siyasi müzakirə
- 13 May 21:04
- 1 756
"Qlobal diplomatik boşluğu kim dolduracaq? – Türkiyə ön planda"

“Türkiyə Xarici İşlər naziri Hakan Fidan ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan son telefon danışığı regionda yeni diplomatik dinamikanın formalaşmaqda olduğunu göstərir. Tərəflər Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sonlandırılması üçün mümkün addımları geniş şəkildə müzakirə ediblər. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin “İstanbul platforması” çərçivəsində danışıqlara açıq olduğunu bəyan etməsi diqqət çəkir və Ankara tərəfindən irəli sürülən diplomatik təşəbbüslərin artıq real siyasi gündəmdə yer aldığını təsdiqləyir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Tərəflər Rusiya–Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səyləri müzakirə ediblər. Rusiya Prezidenti Vladimir Putinin “İstanbul platforması” çərçivəsində danışıqlara açıq olduğunu bildirməsi fonunda prosesin sürətləndiyi müşahidə olunur.
Siyasi şərhçiyə görə, bu proses Türkiyənin həm regionda, həm də qlobal miqyasda diplomatik nüfuzunun artdığını göstərir.
“Ankara uzun illərdir həm NATO üzvü olaraq Qərb strukturlarında yer almağı, həm də Rusiya ilə strateji dialoqu qorumağı bacaran nadir aktorlardan biri kimi fərqlənir. Xüsusilə geosiyasi gərginliyin və iqtisadi təzyiqlərin artdığı bir dövrdə Türkiyənin balanslı mövqe saxlamaq qabiliyyəti diplomatik çevikliyin nümunəsi kimi qiymətləndirilə bilər. Türkiyənin irəli sürdüyü “İstanbul platforması” təkcə texniki vasitəçilik təşəbbüsü deyil, həm də beynəlxalq münasibətlər sistemində alternativ diplomatik format kimi çıxış edir. Mövcud beynəlxalq mexanizmlərin tıxandığı bir vaxtda bu cür təşəbbüslər, praktik nəticələr doğurma potensialı ilə diqqət mərkəzinə çevrilir. Digər tərəfdən, ABŞ-ın bu məsələdəki passivliyi Vaşinqtonun qlobal diplomatik təşəbbüskarlığını itirməsi barədə müzakirələri gücləndirir. Müharibənin ilk mərhələsində liderlik iddiası ilə çıxış edən ABŞ, daxili siyasi və iqtisadi problemlər səbəbilə bu roldan qismən geri çəkilib. Avropa İttifaqı isə hələ də sülh prosesi ilə bağlı konsolidə olunmuş mövqe ortaya qoya bilmir. Brüssel daxilindəki fərqli yanaşmalar Avropanın vahid diplomatik xətt müəyyənləşdirməsinə əngəl törədir”.
Siyasi şərhçi əlavə edib ki, hələlik Ukraynanın danışıqlara hansı şərtlərlə qoşulacağı məlum deyil:
“ Kiyev administrasiyası Qərbin dəstəyinə arxalanmaqda davam etsə də, həmin dəstəyin davamlılığı artıq sual altındadır. Rusiya üçün isə mümkün danışıqlar eyni zamanda tətbiq edilən sanksiyaların müəyyən səviyyədə yumşaldılması baxımından da önəmli imkan hesab olunur. Əgər Türkiyə həm Rusiya, həm də Ukrayna tərəfindən etimad qazanan tərəf kimi çıxış edə bilsə, bu, yalnız münaqişənin çözümünə deyil, regionda təhlükəsizlik və iqtisadi sabitliyə töhfə verəcək dönüş nöqtəsinə çevrilə bilər. Bu proses eyni zamanda Ankaranın geosiyasi ambisiyalarını konkret nəticələrlə əsaslandırması üçün mühüm fürsətdir. Nəticə olaraq, diplomatik boşluqlar heç vaxt uzun müddət davam etmir. Bu boşluğu doldurmağı bacaran aktorlar isə yeni oyun qaydaları müəyyənləşdirir. Mövcud mərhələdə isə bu təşəbbüsü irəli aparmaq gücünə və iradəsinə sahib yeganə ölkə kimi Türkiyə ön plana çıxır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az