Oqtay Qasımov: 'Rusiya postsovet məkanını yenidən nəzarətə almağa çalışır'

“Rusiyanın prezidenti keçmiş SSRİ-nin dağılmasını faciə hesab edir. O, hakimiyyətinin ilk dövrlərindən etibarən Sovet İttifaqının süqutunu böyük geosiyasi fəlakət adlandırıb. Əslində, keçmiş SSRİ-nin müəyyən formada bərpası Rusiya prezidenti üçün əsas strateji planlardan biridir və bunu düşünmək heç də əsassız deyil. Ukraynaya edilən hücum da məhz bu məqsədlə həyata keçirilib. Nəzərə almaq lazımdır ki, hələ 1997-ci ildə amerikalı siyasətçi Bjezinski “Böyük şahmat taxtası” adlı əsərində qeyd edirdi ki, Rusiyanın imperiya kimi qalması və ya dağılması üç ölkədən asılıdır: Azərbaycan, Ukrayna və Özbəkistan. Yəni, əgər Rusiya bu üç ölkəni öz təsir zonasına sala bilsə, imperiyanı yenidən qurmasının qarşısında ciddi maneə qalmayacaq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Xatırladaq ki, Rusiya Prezidentinin postsovet məkanındakı iddiaları və Ukrayna müharibəsində üstünlük qazanmaq cəhdi regionda narahatlıq doğurur. Kreml məqsədinə çatarsa, MDB ölkələrinə təzyiqlər arta bilər. Politoloqlara görə, Rusiya Ukraynada qalib gəlsə, yeni təsir zonası yaradacaq. Azərbaycan isə strateji mövqeyi ilə bu prosesdə vacib rol oynayır və qarşısında risklər var.

Politoloq qeyd edib ki, Ukrayna ilə başlanan müharibənin əsas məqsədi post-sovet məkanının, heç olmasa bir hissəsinin, Rusiyanın təsir dairəsinə qaytarılmasıdır.

“Müharibə başladığı vaxtdan etibarən biz dəfələrlə qeyd etmişik ki, əgər Rusiya Ukraynada müəyyən uğurlar əldə edərsə, növbəti mərhələdə diqqətini post-sovet məkanına, ilk növbədə Azərbaycana yönəldəcək və təzyiqlər etməyə çalışacaq. Hazırda da bu prosesin şahidiyik. Artıq keçmiş SSRİ məkanına daxil olan ölkələr 35 ilə yaxındır ki, müstəqildirlər. Bu ölkələr müstəqillik yolunda ciddi addımlar atıblar və bir çoxu beynəlxalq aləmdə nüfuzlu dövlətlər kimi tanınıblar. Onları sadəcə olaraq təsir altına salmaq və onların ərazilərində təsir zonası yaratmaq nə realdır, nə də Rusiya üçün asandır. Rusiya üçün Ukraynada asan qələbə qazanmaq düşüncəsi də reallıqdan uzaqdır. Moskva, Ukraynanın böyük hissəsini nəzarət altına alacağını və orada marionet bir hakimiyyət quracağını planlaşdırsa da, artıq üç ildən çoxdur ki, bu müharibənin bataqlığında ilişib qalıb. Əgər Qərb Ukraynanı Rusiya qarşısında tək buraxarsa, bu, əlbəttə, Kremlin iştahasını daha da artıra bilər. Lakin ABŞ prezidentinin ziddiyyətli mövqeyinə baxmayaraq, Qərbin Ukraynanın asanlıqla təslim olmasını istəmədiyi və ona dəstəyi davam etdirəcəyi aydındır. Bu baxımdan, Rusiyanın post-sovet məkanındakı bütün ölkələri tam şəkildə nəzarət altına alması real görünmür”.

Politoloq əlavə edib ki, Azərbaycanla son dövrlərdə yaşanan gərginliyin mərkəzində məhz bu məsələ dayanır:

“Bir daha qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini artıq sübut etmiş dövlətdir. Öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş və bu gün çox ciddi və güclü strateji müttəfiqlərə malik bir ölkədir. Ona görə də proseslərin Rusiyanın istədiyi ssenari ilə gedəcəyi düşüncəsi yanlışdır. Rusiyanın Ukraynada düşdüyü mövqe göstərir ki, post-sovet məkanındakı ölkələrdə Rusiyaya qarşı ciddi antipatiya formalaşıb. Hətta zamanında Rusiyanın forpostu hesab olunan Ermənistan belə artıq Rusiyanın hegemoniyasına qarşı müqavimət göstərməyə başlayıb. Moskvanın son illərdə Ermənistanla bağlı həyata keçirmək istədiyi bir çox planlar da iflasa uğrayıb ki, bu da Kreml tərəfindən narahatlıqla qarşılanır. Bütün bunlar göstərir ki, Rusiyanın bu planlarını həyata keçirməsi kifayət qədər çətin və problemlidir. Ölkələrin bu məsələyə reaksiyası isə artıq açıq şəkildə bəllidir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az