İran həm müsbət, həm də neqativ tərəflərə malikdir - AÇIQLAMA

“Pezeşkianla səmimi görüşlərin keçirildiyi bir vaxtda, bu gün Azərbaycan və İran münasibətlərində müəyyən pozitiv dinamika müşahidə olunur. Lakin hələlik Bakı, Tehran və Ankara oxunun formalaşması məsələsinə skeptik yanaşıram. Çünki Bakı ilə Tehran arasında, eləcə də İran daxilindəki siyasi dairələrdə ciddi mövqe fərqləri mövcuddur. Regional proseslərlə bağlı ikitərəfli münasibətlərdə də fikir ayrılıqları qalmaqdadır. Azərbaycanla İranı bir-birinə yaxınlaşdıran əsas amillər qonşuluq, ortaq tarix, mədəniyyət və ticarət-iqtisadi əlaqələrdir. Bu faktorlar mühüm rol oynayır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə fəal iştirakı, eləcə də Azərbaycan və Türkiyə liderləri ilə səmimi görüntüləri maraqla qarşılandı. Pezeşkianın Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanla söhbəti, Xankəndidən yayılan görüntülərlə birlikdə beynəlxalq aləmdə diqqət çəkdi. Ekspertlər bunu Bakı-Tehran-Ankara münasibətlərinin yeni geosiyasi reallıqlar fonunda yenidən tənzimlənməsi kimi qiymətləndirirlər.

Siyasi şərhçi bildirib ki, İranın zaman-zaman regional geosiyasi oyunlara əl atması və Zəngəzur dəhlizi ilə bağlı qeyri-adekvat mövqe sərgiləməsi iki ölkə arasında münasibətlərin sağlam şəkildə inkişafına mane olur.

“Hazırda Azərbaycan İran üçün, xüsusilə Şimal və Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olaraq strateji əhəmiyyət daşıyır. Lakin İran bu dəhliz üzrə üzərinə götürdüyü öhdəlikləri hələ də tam şəkildə yerinə yetirməyib. Rəşt-Astara dəmir yolu layihəsi uzun illərdir ki, İran tərəfinin mövqeyi səbəbindən gecikməkdədir. İrana Azərbaycanın lazımlı olması həm geosiyasi mövqeyinə, həm də ticarət və iqtisadi əməkdaşlıq baxımındandır. Azərbaycan üçün də İranla əməkdaşlıq vacibdir. Xüsusilə nəqliyyat, logistika və iqtisadi sahələrdə bu əlaqələrin inkişafı əhəmiyyətlidir. Lakin burada İranın geosiyasi mövqeyi də önəmlidir və bu mövqe təəssüf ki, hər zaman sabitliyə və inkişafa xidmət etməyib. Digər tərəfdən, Pezeşkianla qurulan müsbət münasibətlər İranın ali rəhbərliyi ilə problemlərin aradan qalxdığı anlamına gəlmir. Çünki İranda əsas siyasi qərarlar ali dini rəhbərlik tərəfindən verilir. Ayətullah Əli Xamenei və Ali Dini Şuranın rolu bu baxımdan həlledicidir. Onların Azərbaycana qarşı yönəlmiş bəyanatları, eləcə də onların təyin etdiyi səfirlərin – məsələn, Mehdi Sobhaninin – Ermənistan səfiri ilə oxşar ritorikadan istifadə etməsi, İstanbulda qəbul olunmuş İslam Əməkdaşlıq Təşkilatı nazirlərinin bəyanatına etiraz etməsi və Zəngəzurla bağlı verdiyi sərsəm açıqlamalar bir daha göstərir ki, İran həm müsbət, həm də neqativ tərəflərə malikdir. Bu isə, təbii ki, ikitərəfli münasibətlərə təsirsiz ötüşmür”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az