Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb - DEPUTAT

Milli Məclisin deputatı Fatma Yıldırım Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünü və Azərbaycan Prezidenti İlham Əliyevin sammitdəki çıxışını şərh edib.

O, AzNews.az-a bildirib ki, dövlət başçısının bu çıxışı Azərbaycanın haqq səsinin növbəti dəfə beynəlxalq müstəvidə ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır. Millət vəkilinin sözlərinə görə, xüsusilə Ermənistanın həyata keçirdiyi mina terrorunun ifşa olunması və beynəlxalq ictimaiyyətə çağırış edilməsi bu çıxışın əsas məqamlarındandır.

“Cənab Prezident çıxışında bildirdi ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında yalnız dağıntılar törətməyib, həm də bu əraziləri geniş şəkildə minalayıb. Rəsmi rəqəmlərə əsasən, Ermənistan bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Bu faktların dilə gətirilməsi çox önəmlidir. Çünki mina terroru Ermənistanın hərbi cinayətlərinin və sistemli təxribatlarının bariz nümunəsidir”, – deyə Fatma Yıldırım qeyd edib.

Deputat bildirib ki, ermənilər yalnız işğal zamanı deyil, hətta 2020-ci ilin noyabrında Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən belə əlavə minalar yerləşdiriblər. Bu isə bölgədə sülh və əməkdaşlığın qurulmasına mane olan davranışdır.

“Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faizdir. Bu isə işğaldan azad olunmuş ərazilərə keçmiş köçkünlərin qayıdışını ciddi şəkildə ləngidir. Prezident İlham Əliyev çıxışında bu problemin təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalı olduğunu vurğuladı. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri və insan hüquqları ilə məşğul olan qurumlar mina probleminə laqeyd qalmamalı, Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Bu, həm də beynəlxalq hüququn tələblərindən irəli gəlir,” – deyə millət vəkili əlavə edib.

Fatma Yıldırım qeyd edib ki, minaların dəqiq xəritələrinin təqdim olunması və Azərbaycanın mina təmizləmə səylərinə dəstək göstərilməsi beynəlxalq həmrəyliyin vacib imtahanıdır: “Mina terroru təkcə keçmiş münaqişənin qalığı deyil, həm də post-müharibə dövrünün təhlükəsidir və buna qarşı sükut – cinayətin davamına razılıqdır.”

AzNews.az