- Siyasi müzakirə
- 16:46
- 948
Azər Həsrət: “Rusiya artıq əvvəlki gücdə deyil və riskli gedişlər edir”

“Rusiya bu addımı ilə nə qədər zəif duruma düşdüyünü bir daha təsdiqləmiş olur. Xüsusilə də Ukraynaya qarşı başladığı təcavüzkar və işğalçı müharibədən sonra Rusiya artıq anlayır ki, əvvəlki qüdrətə malik deyil. Bu reallığı gizlətmək üçün müxtəlif üsullara, vasitələrə və yollarə əl atır: xaricdən hərbi qüvvələr cəlb edir, hərbi yardımlar alır. Hətta Şimali Koreyadan döyüşçülər gətirərək Rusiya ordusunda Ukraynaya qarşı vuruşdurur. Paralel olaraq, yaxın xaric ölkələrin vətəndaşlarını da orduya cəlb etmək üçün müxtəlif addımlar atılır. Yaxın günlərdə Qırğızıstanın Oş şəhərində yerləşən və guya rus dili və mədəniyyətinin təbliği ilə məşğul olan “Rus evi”nin əslində qanunsuz şəkildə Qırğızıstan və Özbəkistan vətəndaşlarını Rusiya ordusuna cəlb etməsi ilə bağlı məsələ ictimaiyyətə məlum oldu”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, Rusiyada vətəndaşlığı olmayan şəxslərin orduda müqavilə əsasında xidmət etməsinə imkan verən yeni qərar Prezident Vladimir Putin tərəfindən imzalanıb. Bu qərar Azərbaycanda narahatlıqla qarşılanıb. Ekspertlər bildirirlər ki, bu, xüsusilə Rusiyada yaşayan azərbaycanlı əmək miqrantları üçün ciddi təhlükə yarada bilər. Hətta onların müəyyən hallarda məcburi şəkildə müharibəyə cəlb edilə biləcəyi iddia olunur.
Siyasi şərhçi bildirib ki, bu fakt cəmiyyətdə ciddi rezonans doğurub və Rusiyanın həm hərbi, həm də siyasi baxımdan nə qədər acınacaqlı durumda olduğunu bir daha üzə çıxarıb.
“İndi isə xarici ölkə vətəndaşlarının müqavilə əsasında Rusiya ordusuna cəlb edilməsi məsələsi gündəmdədir. Texniki baxımdan bu addım anormal görünməyə bilər. Lakin Rusiyanın indiki siyasi davranışını və məqsədlərini nəzərə alaraq, bu, ciddi təhlükə mənbəyidir. Birincisi, miqrantlar müəyyən təzyiqlərlə zorla orduya yazıla bilər. İkincisi, bizim regionda, o cümlədən Azərbaycanda da müəyyən təbliğat kampaniyaları apararaq, insanları Rusiya ordusuna cəlb etməyə çalışa bilərlər. Əlbəttə, azərbaycanlıların kütləvi şəkildə Rusiya ordusuna qoşulacağı ehtimalı azdır. Azərbaycan vətəndaşları kifayət qədər ayıqdır. Lakin istisna hallar da mümkündür. Tək-tük şəxslər, xüsusilə də müxtəlif kriminal ünsürlər və ya Azərbaycandan qaçaraq Rusiyada gizlənənlər, özlərini leqallaşdırmaq məqsədilə Rusiya ordusuna yazıla və Ukraynaya qarşı vuruşa bilərlər. Bütün bu proseslər Rusiyanın nə qədər təhlükəli gedişlər etdiyini göstərir. Hesab edirəm ki, Azərbaycan və digər qonşu dövlətlər, xüsusilə türk dövlətləri bu məsələyə ciddi yanaşmalı, birgə şəkildə həyəcan təbili çalmalı və vətəndaşlarını bu cür hallardan uzaq tutmağa çalışmalıdırlar”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az