Elşad Mirbəşiroğlu: Azərbaycanla Rusiya arasındakı dialoq regional sabitlik üçün zəruridir

“Azərbaycan həm siyasi münasibətlərdə, həm də iqtisadi əməkdaşlıq sahəsində daim etibarlı tərəfdaş olduğunu sübut edib. Hesab edirəm ki, Rusiya da daxil olmaqla, dünyanın heç bir ölkəsinin bu baxımdan Azərbaycana qarşı sualı və ya şübhəsi yoxdur. Xarici siyasətimizin əsas prinsiplərindən biri ondan ibarətdir ki, dünya ölkələri, xüsusilə də region dövlətləri ilə dinc, konstruktiv və mehriban münasibətlər quraq, əməkdaşlığımızı genişləndirək. Əgər qarşı tərəf də bu mövqeni bölüşürsə, münasibətlərin qorunması və inkişaf etdirilməsi hər iki tərəf üçün maraqlıdır. Rusiya bizim yaxın qonşumuzdur. Həmişə qeyd edirəm ki, orada həm Rusiya vətəndaşlığı olan, həm də Azərbaycan vətəndaşı kimi Rusiyada yaşayan və çalışan çox sayda soydaşımız var. Onlar orada həyatlarını qurublar, eyni zamanda Azərbaycandakı qohumlarına da dəstək göstərirlər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu deyib.

Qeyd edək ki, son günlər Rusiya rəsmilərinin bəyanatları Azərbaycan ictimaiyyətində bu ölkə ilə münasibətlərdə yumşalma və barışıq niyyəti kimi qiymətləndirilir. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov və XİN sözçüsü Mariya Zaxarovanın çıxışlarında Azərbaycanın suverenliyi və regional əməkdaşlığa dair ehtiyatlı, lakin müsbət vurğular diqqət çəkir.

Siyasi şərhçi qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirilməsi önəmlidir və bunun üçün hər iki tərəfdə siyasi iradə və qarşılıqlı istək olmalıdır.

“Azərbaycanla Rusiya arasında zaman-zaman gərginlik yaşanan hallarda bir daha şahid olduq ki, dövlətimiz və cənab Prezidentimiz hər bir vətəndaşının yanındadır. O, bütün azərbaycanlıların Prezidenti olduğunu daim nümayiş etdirir. Hər bir azərbaycanlı bilir ki, onun sığınıb arxalana biləcəyi dövləti, ana vətəni, Prezidenti var. Rusiya tərəfi də dəfələrlə Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hadisələrin başlanğıcında bu məsələ ilə bağlı rəsmi mövqeyini ifadə edərək qeyd etdi ki, Rusiya Azərbaycanla münasibətlərin daha da yaxşılaşmasında maraqlıdır. Bu, Rusiyanın siyasi mövqeyini əks etdirir. Çünki Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan yüksək potensiala sahib olan, strateji əhəmiyyət daşıyan bir dövlətdir. Eyni zamanda, Azərbaycan etibarlı tərəfdaşdır. Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın da Azərbaycanla münasibətlərə dair müsbət fikirlər səsləndirməsi, bu əlaqələrin perspektivinə dair nikbinlik yaradır. Zaxarova qeyd edib ki, Azərbaycanla Rusiya arasında siyasi və diplomatik təmaslar davam edir, yeni dialoq kanalları açıqdır. Bu da iki ölkə arasında münasibətlərin xarakterindən xəbər verir və onu göstərir ki, bu əlaqələr xalqlarımızın maraqlarına cavab verir”.

Siyasi şərhçi əlavə edib ki, Rusiya, Türkiyə və Avropa İttifaqından sonra Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır:

“Bu baxımdan, münasibətlərin gərginləşməsindən çəkinmək, ortaya çıxan suallara dialoq və qarşılıqlı anlaşma yolu ilə cavab axtarmaq, problemləri müzakirə əsasında həll etmək region üçün vacib olduğu qədər, Rusiya üçün də maraqlıdır. Çünki Cənubi Qafqaz regionu kifayət qədər həssas və gərgin bir məkan olaraq qalır. Kənar dairələrin bu gərginliyi artırmaqda maraqlı olduğu indiki şəraitdə, region ölkələri arasında etibarlı və davamlı dialoq mühiti formalaşdırmaq hər kəsin maraqlarına xidmət edir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az