Mübariz Göyüşlü: “Yeni sabitlik modelini Azərbaycan diktə edir”

“Son illərdə Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqlar regionda baş verən siyasi transformasiyalara ciddi təsir göstərir. Qarabağ probleminin həll olunması təkcə Azərbaycanın daxilində deyil, bütövlükdə Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcını qoyub. Yeni reallıqlar fonunda öz məsuliyyətini dərk edən və regionda sabitlik üçün zəruri olan nəqliyyat dəhlizlərinin reallaşmasında əsas rol oynayan bir Azərbaycan formalaşıb. Lakin bu situasiya bəzi xarici güc mərkəzləri tərəfindən birmənalı şəkildə qəbul edilmir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Xatırladaq ki, Cənubi Qafqazda 2020-ci il İkinci Qarabağ müharibəsi mühüm dönüş nöqtəsi oldu. Müharibədən sonra yaranan yeni vəziyyət regionda sülh və sabitliyin təmin olunmasını daha da önə çıxardı. Bu baxımdan, Azərbaycan və Ermənistan liderlərinin üçüncü ölkədə keçiriləcək növbəti görüşü beynəlxalq vasitəçiliklə bağlı ümidi artırır.

Siyasi şərhçi bildirib ki, uzun illər ərzində bəzi qüvvələr Qarabağ probleminin mövcudluğundan istifadə edərək Azərbaycanla Ermənistan üzərində nəzarəti saxlamağa çalışırdılar.

“Münaqişənin davam etməsi həmin mərkəzlərin regiona təsir imkanlarını qoruması üçün bir vasitə idi. Azərbaycanın bu problemi həll etməsi ilə həmin güc mərkəzlərinin əlindən təsir rıçaqları, yəni “Qarabağ kartı” alınmış oldu. Hazırda həmin mərkəzlər — istər Rusiya, istər İran, istərsə də ABŞ və Qərb dairələri — Cənubi Qafqaz siyasətlərini yenidən formalaşdırmağa məcbur qalıblar. Azərbaycanın yaratdığı reallıqlar fonunda regiondakı gərginliklərin idarə olunması və yeni sabitlik modelinin qurulması artıq məcburi bir prosesə çevrilib. Gözlənti odur ki, bu güc mərkəzləri də yeni reallıqları qəbul etməli olacaqlar. Zamanla regionda qüvvələr balansı yenidən formalaşacaq, maraqlar daha şəffaf şəkildə uzlaşdırılacaq və proseslər daha sabit və idarəolunan bir məcraya yönələcək”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az