- Siyasi müzakirə
- 14 İyul 14:50
- 1 868
Zəngəzur dəhlizi ilə bağlı konkret qərarlar yaxınlaşır – Zaur Məmmədov

“Ola bilər ki, Gorus və ətraf ərazilərdən Cənub-Şərq istiqamətində bəzi yaxınlaşmalar baş versin və bu istiqamətlər üzrə müəyyən qərarlar qəbul olunsun. Bildiyiniz kimi, Abudabi istiqamətində də bir sıra məsələlər müzakirə olunub. Bu mövzuların bir hissəsi delimitasiya və demarkasiya proseslərinə, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsinə aiddir. Həmin məsələlər, regionda nəqliyyat əlaqələrinin bərpası və sərhədlərin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Demarkasiya məsələsi geniş və detallı şəkildə müzakirə olunub. Bu, təkcə texniki xəritəçəkmə prosesi deyil, həm də siyasi həssaslıqlarla bağlı məqamları ehtiva edir”.
Bu fikirləri Aznews.az-a siyasi şərhçi Zaur Məmmədov deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və hakim partiya nümayəndələri iyulun 12-də Azərbaycanla sərhəddə yerləşən Gorus rayonuna səfər ediblər. “Gorus” otelində keçirilən toplantıya təxminən 200 nəfər qatılıb. Əbu-Dabidə Azərbaycan Prezidenti ilə görüşdən sonra Paşinyanın sərhədə səfəri diqqət çəkib.
Siyasi şərhçi bildirib ki, bu istiqamətdə işçi qrupu da formalaşdırılıb və tərəflər arasında mütəmadi təmaslar davam etdirilir.
“Zəngəzur istiqamətində, görüşə qədər bu məsələlər aktiv şəkildə gündəmdə olub və tərəflər müəyyən ilkin razılaşmalara da gəliblər. Hazırda həmin “paket” çərçivəsində müxtəlif istiqamətlərin dəqiqləşdirilməsi və müzakirəsi prosesi davam edir. Bu, həm sahə üzrə ekspertlərin işi, həm də siyasi iradənin paralel şəkildə uzlaşmasını tələb edən bir prosesdir. Hər halda, prosesin irəlilədiyi görünür. Əgər bu mərhələdə yekun razılıq əldə olunarsa, yaxın vaxtlarda artıq konkret qərarların və sənədlərin ortaya qoyulduğunu görə bilərik. Bu sənədlər regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın əsasını təşkil edə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az