- Siyasi müzakirə
- 14 İyul 20:25
- 2 366
Ekspert: “Zəngəzur dəhlizi Rusiyanın bölgədəki mövqeyini zəiflədir”

“Əbu-Dabidə keçirilən görüş zamanı müzakirə olunan məsələlər sırasında sülh prosesi ilə yanaşı, Zəngəzur dəhlizi məsələsi də yer alırdı. Xüsusilə strateji baxımdan böyük əhəmiyyətə malik olan bu dəhlizin açılmasında yalnız Azərbaycan maraqlı deyil. Burada Rusiya, Avropa İttifaqı, eləcə də ABŞ-ın da müəyyən maraqları var. Rusiya bu dəhlizin öz nəzarətində açılmasını istəyir, lakin Qərb və Ermənistan buna qarşı çıxır. Zəngəzur dəhlizi Qərbdən Şərqə nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və bu istiqamətdə infrastrukturun inkişafına töhfə verməklə yanaşı, Qərb üçün Rusiyanı kənarda qoyacaq alternativ yol kimi qiymətləndirilir. Bu alternativ yolun istifadəsi isə dolayısı ilə Rusiyanın zəiflədilməsi məqsədini daşıyır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Xatırladaq ki, Əbu-Dabidə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəldiyi iddia olunur. Erməni mənbələrinə görə, görüşdən sonra İrəvan kommunikasiyaların açılmasına dair müsbət mesajlar verib və dəhlizi Bakı və Ankaraya təhvil verməyə hazırlaşır. Ekspertlər hesab edir ki, bu prosesdə həm Rusiya, həm də İranın kənarda qalma ehtimalı var və hər iki ölkənin təxribatlara əl atması istisna edilmir.
Siyasi şərhçi bildirib ki, bu dəhliz Azərbaycan üçün Naxçıvan və Türkiyə ilə birbaşa quru bağlantısının yaradılması baxımından strateji əhəmiyyət daşıyır.
“Türkiyə üçün isə bu layihə Qafqaza və Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirmək deməkdir. Bu səbəbdən də Zəngəzur dəhlizi hazırda ciddi müzakirə mövzusudur və Əbu-Dabi görüşündən sonra Ermənistan tərəfindən verilən bəzi mesajlar, bu məsələdə müəyyən razılaşmanın əldə olunduğunu göstərir. Lakin Ermənistanın bu razılaşmanı praktik olaraq yerinə yetirib-yetirə bilməsi sual altındadır. Ermənistan rəhbərliyi zaman-zaman müxtəlif ölkələrin təsiri altında destruktiv mövqe sərgiləyib — bu, məlum məsələdir. Hazırda da Ermənistanın bu məsələdəki mövqeyinin sabit qalacağına heç kim zəmanət verə bilməz. Amma əgər İrəvan öhdəliklərinə sadiq qalarsa, razılaşdırılmış gündəliyə uyğun şəkildə kommunikasiyaların açılması prosesinə real töhfə verməyə çalışarsa, bu halda Zəngəzur dəhlizinin qısa zamanda açılması mümkündür. Bu baş verdiyi təqdirdə isə İran və Rusiya müəyyən mənada oyundankənar vəziyyətdə qala bilər. Bu isə həmin ölkələrin bölgədə müxtəlif növ təxribatlara əl atması ehtimalını artırır. Hazırda da Rusiyanın Ermənistanı qarışdırmağa çalışdığının şahidi oluruq. Müxtəlif dini və siyasi qrupların, o cümlədən erməni kilsəsi və müxalif qüvvələrin vasitəsilə Paşinyan hakimiyyətini zəiflətməyə cəhd edilir. Bu səbəbdən Ermənistan daxilində müəyyən həbslər baş verib. Məsələn, Rusiya ilə əlaqəli erməni oliqarx Samvel Karapetyan və bəzi din xadimləri həbs olunub. Qarşıda Azərbaycan və Ermənistan arasında yeni görüşlərin keçirilməsi gözlənilir. Hesab edirəm ki, bu təmaslar davam edəcək. Həm bu görüşlər, həm də bölgənin geosiyasi konfiqurasiyası və regional güclərin maraqlarının toqquşması Zəngəzur dəhlizinin gələcəyinə birbaşa təsir göstərən əsas amillərdən biridir”.
Siyasi şərhçi əlavə edib ki, İran da daxil olmaqla, bir sıra ölkələr Zəngəzur dəhlizinin açılmasında maraqlıdır:
“Lakin bu layihənin uğurla reallaşması üçün Ermənistanın qısa müddət ərzində Türkiyə və Azərbaycanla kommunikasiyaların açılmasına, münasibətlərin bərpasına və verdiyi vədlərə sadiq qalmasına ehtiyac var. Zəngəzur dəhlizinin açılması məsələsində ABŞ-ın vasitəçiliyi də gündəmdədir. Bildirilir ki, Amerika şirkəti dəhliz üzərində nəzarəti öz üzərinə götürə bilər. Qeyd etmək lazımdır ki, əvvəlki razılaşmaya əsasən, bu nəzarət Rus sərhədçilərinə həvalə olunmalı idi. Hazırda Ermənistan bununla razı deyil və ABŞ şirkətinin dəhlizə nəzarət etməsi artıq Rusiyanın bölgədəki maraqlarına ziddir. Məhz bu səbəbdən Rusiya müxtəlif vasitələrlə bu layihənin reallaşmasına qarşı çıxmağa çalışacaq. ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrack da bu barədə məlumat verib. O bildirib ki, lazım gəldiyi halda Amerika şirkəti Zəngəzur dəhlizində təhlükəsizlik və maneəsiz hərəkətin təmin olunmasına yardım göstərməyə hazırdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az