- Siyasi müzakirə
- 15 İyul 17:45
- 1 276
Abutalıb Səmədov: “Krım və dörd vilayət üzərində son mərhələdir”

“Trampın dünən səsləndirdiyi bəyanat Rusiya işğalının qarşısının alınmasını istəyənləri məyus etdi. Putinə əlavə 50 gün verildi ki, o, yeni Ukrayna torpaqlarını işğal etsin və Ukraynanı sülhə məcbur etmək daha asan olsun. Tamamilə mümkündür ki, 50 gündən sonra Rusiya sülh sazişi imzalamaq şərtlərini qəbul edəcək. Çünki əsas hədəf Krım və dörd vilayətin qalan hissəsini işğal etməkdir və orada artıq çox böyük ərazi qalmayıb. Ancaq ola bilər ki, razılaşmasın, ən azı bir müddət bu prosesi uzatsın və Tramp da vəd etdiyi sanksiyaları tətbiq etmək məcburiyyətində qalsın. Bu necə olacaq? Təbii ki, bununla bağlı ayrıca izahat verilməlidir. Çünki Rusiyanın ticarət tərəfdaşları həddindən artıq çoxdur və onların hamısına qarşı sanksiya tətbiq olunması mümkün deyil”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Xatırladaq ki, Donald Tramp ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini, xüsusilə Rusiyanın ticarət tərəfdaşlarına “ikinci dərəcəli” sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Siyasi şərhçi qeyd edib ki, ABŞ da Rusiyanın ticarət tərəfdaşları arasındadır.
“Görünür, əsas hədəf Rusiyadan neft və neft məhsulları alan Hindistan, Çin və Braziliyadır və onlara qarşı 100 faizdən başlayan rüsumlar tətbiq ediləcək. Baxmayaraq ki, Senatda müzakirə olunan layihədə 500 faizlik rüsumdan da söhbət gedir. Azərbaycan bu dövlətlərin içərisində ola bilməz. Azərbaycan yalnız Rusiyadan taxıl, ağac məhsulları, maşın və bir sıra digər məhsullar alır və onlara qarşı sanksiyalar nəzərdə tutulmur. Bu səbəbdən 50 gündən sonra tətbiq olunacaq sanksiyaların Azərbaycana hər hansı təsirindən söhbət gedə bilməz. Əsas hədəf Çindir, Hindistandır, Braziliyadır. Bu dövlətlərin Rusiyadan neft və neft məhsulları almasının qarşısı alınarsa, bu, Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq. Eyni zamanda, Avropa Birliyi də Rusiyadan ən çox neft, neft məhsulları və qaz alan ölkələr sırasındadır. Müharibə başlayandan indiyə qədər Rusiya Avropa Birliyi ölkələrindən 200 milyard dollardan artıq vəsait alıb. Nəticədə kimlərə qarşı sanksiyaların tətbiq olunacağı və bu tədbirlərin əhatə dairəsi barədə əlavə açıqlamalar vermək lazımdır. Lakin ilkin olaraq aydındır ki, Çin, Hindistan və Braziliya əsas hədəf ölkələrdir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az