- Siyasi müzakirə
- 30 İyul 17:58
- 2 170
Rusiya zəiflədikcə Çin mövqelərini gücləndirir - Həşim Səhrablı

“Əslində “Rusiya–Çin ittifaqı” deyilən rəsmi bir razılaşma mövcud deyil. Yəni, bu iki dövlət rəsmən müttəfiq sayılmır. Sadəcə maraqların toqquşduğu və üst-üstə düşdüyü məqamlar var. Xüsusilə okean siyasətində bu iki dövlət bir-birinin rəqibi kimi çıxış edir. Amma Mərkəzi Asiya siyasətində, fikrimcə, bu iki dövlət müəyyən nöqtələrdə hətta düşmən də sayıla bilərlər. Lakin qlobal siyasətdə, xüsusilə ABŞ-a qarşı mübarizədə bu iki dövlət bir-birinə ehtiyatdan doğan bir tərəfdaşlıq münasibəti ilə yaxınlaşıblar. Bu tərəfdaşlığın sona çatdığını düşünmürəm. Əksinə, gələcəkdə ABŞ hegemoniyasına qarşı Çinin Rusiyaya və ya Rusiyanın Çinə dəstəyi həlledici və vacib olacaq”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Çinin Rusiya ilə bağlı mövqeyi dünya mediasında yenidən müzakirə mövzusuna çevrilib. Qlobal güc kimi Çin, Pakistan-Hindistan, İsrail-İran və Rusiya-Qərb qarşıdurmalarında susqunluğunu qoruyur. Pekin Moskva ilə yaxın əlaqələrə malikdir. Ukrayna müharibəsində Rusiyaya gizli yardımlar göstərdiyinə dair iddialar olsa da, Çin rəsmi səviyyədə heç bir dəstək bəyan etməyib. Eyni mövqe Çinin Pakistana və İrana yardımı ilə bağlı xəbərlərdə də müşahidə olunur.
Siyasi şərhçinin fikrincə, bu baxımdan hər iki dövlətin ABŞ-la ayrı-ayrılıqda qarşıdurmaya getməsi, əslində, onların hər birini zəiflədə bilər.
“Ona görə də, Rusiya Çini və ya Çin Rusiyanı meydanda tək qoymaq lüksünə sahib deyil. Bu bir seçimdən çox, zərurətdir. Dediyim kimi, tərəflər bir-birini ehtiyatla müşahidə edir. Bəs, niyə Çin bu gün Rusiya siyasətində səssizliyini qoruyur? Çünki Vladimir Putin Ukrayna siyasətində ikinci dəfə səhv edib. Birinci səhv nədən ibarət idi? O, düşünürdü ki, Ukraynaya müharibə elan olunmadan, işğal prosesi qısa müddətdə başa çatacaq. Kreml elitası və Rusiya ictimai elitası iddia edirdi ki, Ukrayna bir neçə günə təslim olacaq, hərbi müqavimət göstərməyəcək. Amma bu iddiaların hamısı yanlış çıxdı. Rusiya vaxtında anlamalı idi ki, Qərb həm Rusiyanı, həm də Ukraynanı uzunmüddətli bir bataqlığa çəkəcək və bu bataqlıqdan çıxmaq asan olmayacaq. Bu da Rusiyanın qlobal maraqlarına ciddi zərbə vuracaq. Putinin ikinci böyük səhvi isə Donald Trump məsələsində oldu. Əslində, Trump Rusiya üçün ciddi fürsət idi. Çünki o, Ukraynanı bir müddət silahsız saxladı. Zəlenskiyə sülhə razı olmaq, ərazi güzəştlərinə getmək üçün təzyiq göstərdi – istər iki ölkə arasındakı münasibətlərdə, istərsə də beynəlxalq arenada. Hətta Zəlenskinin bəyanatlarında da torpaq güzəştlərinə razılaşmağa yaxın durduğu görünürdü. Lakin Putin daha çox istəyirdi. O, Trump-a yaxın olan bu fürsəti də boşa çıxardı. Trump-ın son çıxışlarında da onun bu prosesdən məyus olduğu hiss olunur”.
Siyasi şərhçi əlavə edib ki, məhz bu səbəbdən Çin indi anlayır: Ukrayna münaqişəsində beynəlxalq ictimaiyyətin nəzərində müharibəni davam etdirməkdə israrlı və təcavüzkar tərəf Rusiyadır:
“Buna görə də Çin artıq Rusiyanı açıq şəkildə, yaxud da getdikcə daha açıq bəyanatlarla dəstəkləməyin öz maraqlarına zidd olduğunu anlayır. Çünki bu gün dünyada sivil dövlətlər və beynəlxalq münasibətlər sistemi mövcuddur. Həmin sistemə hörmət edən və daha sivil dünya istəyən aktorlar Çinlə münasibətlərinə yenidən baxa bilərlər. Ümumiyyətlə, Çin özü də işğalı dəstəkləyən bir dövlət imicinə düşə bilər. Ona görə də Çin bu gün susmaq xəttini tutur. Bu o demək deyil ki, Rusiyanı tək qoyacaqlar və ya ABŞ-ın Ukraynanı sürətlə silahlandırmasına mane olacaqlar. Amma Çin də bu proseslərə tam səssiz qalmayacaq. İnanmıram ki, Çin Rusiyanın Qərbə qarşı mübarizəsində tam məğlub olmasına imkan verəcək. O, hələ də Rusiya ilə gizli əməkdaşlıq edəcək. Amma bu münaqişə Çin üçün də bir fürsətə çevrilir. Bu fürsət nədən ibarətdir? Çin hesab edir ki, Rusiya özünü bir odun içinə atıb və Putinin səhvləri bu alovu daha da şiddətləndirir. Çin anlayır ki, bu alov bir gün onu da yandıra bilər. Ukrayna artıq bir bataqlığa, xarabalığa çevrilib və Rusiya bu mübarizədə güc və resurs sərf etməklə zəifləyəcək. Buna görə də Çin bu gün “üçüncü tərəf” kimi oynamağa üstünlük verir. Yəni bu iki güc arasında daha radikal qarşıdurma baş verməsi Çin üçün sərfəlidir”.
Siyasi şərhçi sonda vurğulayıb ki, məhz bu səbəbdən Çin heç bir tərəfi açıq diplomatik bəyanatlarla dəstəkləmir:
“Amma Rusiya indi daha çox və daha sərt şəkildə Qərbə zərbə vurmaqla məğlubiyyətinin tam məğlubiyyətə çevrilməsinin qarşısını almağa çalışır. Çin isə planlaşdırır ki, Rusiya Qərbə zərbələr vursun, özünün də zəifləməsi ilə nəticələnsin və bu şəkildə Çin heç bir ciddi güc sərf etmədən əsas rəqiblərini zəiflətmiş olsun”.
Rəfiqə Namazəliyeva,
AzNews.az