- Siyasi müzakirə
- 4 Avqust 16:27
- 2 012
“Rusiya imperiya iddialarından əl çəkməyib” – Oqtay Qasımov

“Ukrayna savaşı bir daha göstərdi ki, Rusiya təkcə müdafiə deyil, həm də imperiya yönümlü iddialarla fəaliyyətini davam etdirir və ən azı keçmiş SSRİ məkanında özünün dominant təsir gücünü qoruyub saxlamağa çalışır. Burada xüsusilə diqqətçəkən məsələlərdən biri Baltikyanı ölkələrdir. Onlar həm SSRİ-nin dağılma prosesində ön sırada yer alıblar, həm də bu gün həm Avropa İttifaqının, həm də NATO-nun üzvü kimi fəal fəaliyyət göstərirlər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Qeyd edək ki, Estoniya Rusiya ilə sərhəddə metal çəpərlər çəkməyə başlayıb. Rəsmi açıqlamalara görə, bu addımın əsas məqsədi miqrant axınının qarşısını almaqdır. Maraqlıdır ki, paralel olaraq NATO-nun Almaniya–Hollandiya birgə korpusunu Estoniyada yerləşdirəcəyinə dair məlumatlar da yayılıb. Hər iki məsələnin Rusiyadan Estoniyaya qarşı mümkün hərbi müdaxilə ehtimallarının gündəmə gəldiyi bir dövrdə ortaya çıxması bölgədə narahatlıqları daha da artırıb.
Politoloqun sözlərinə görə, Estoniyanın Rusiyaya sərhəddə məftil çəkməsi də bu kontekstdə başa düşüləndir.
“Çünki Rusiyanın istənilən zaman sərhədlərdə təxribatlara əl atması ehtimalı istisna edilmir. Bundan əlavə, biz bir müddət əvvəl də müşahidə etdik ki, Rusiyanın təşviqi ilə Belarus–Polşa sərhədində miqrantlarla bağlı ciddi gərginlik yaranmışdı. Bu, Rusiyanın Avropaya qarşı hibrid təzyiq üsullarından biri kimi qiymətləndirilir. Estoniya da bu kimi qeyri-qanuni keçidlərin və miqrant axınının qarşısını almaq məqsədilə tədbirlər görür. Bu addımlar eyni zamanda Estoniyanın öz müdafiəsini gücləndirmək məqsədi daşıyır. Çünki Estoniyada da belə bir narahatlıq var ki, Rusiya Ukraynadan sonra növbəti hədəf kimi Baltikyanı ölkələrə, o cümlədən Estoniyaya hücum edə bilər. Bu, kifayət qədər ciddi məsələdir. Çünki qeyd etdiyimiz kimi, Estoniya NATO üzvüdür. Belə bir vəziyyət yaranacağı təqdirdə, bu, Rusiyanın NATO ilə birbaşa qarşıdurma riski ilə üz-üzə qalması deməkdir. Məhz bu səbəbdən Hollandiya və Almaniya hərbi kontingentlərinin Estoniyada yerləşdirilməsi NATO çərçivəsində həyata keçirilən tədbirlərdəndir. Bu, eyni zamanda NATO-nun həm öz öhdəliklərinə sadiqliyini, həm də Rusiya üçün ciddi mesaj xarakteri daşıyan addımdır. Yəni, Rusiyaya açıq şəkildə mesaj verilir ki, NATO üzvü olan ölkəyə hücum, NATO-nun sərt reaksiyası ilə qarşılaşacaq və bunun nəticələri Rusiya üçün ağır ola bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az