“Azərbaycan informasiya hücumlarına beynəlxalq platformalarda cavab verməlidir” – Tural İsmayılov

“Son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərində baş verən dəyişikliklər klassik diplomatiyanın sərhədlərini aşaraq daha çox informasiya savaşı və ideoloji qarşıdurma müstəvisinə keçid etdiyini açıq şəkildə göstərir. Kremlə bağlı media qurumlarının, politoloji çevrələrin və “yumşaq güc” infrastrukturunun ardıcıl şəkildə Azərbaycan əleyhinə yönləndirilməsi Moskvanın bu münasibətlərdə artıq ənənəvi tərəfdaş yox, nəzarətə meyilli güc mərkəzi kimi çıxış etdiyini göstərir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə son dövrlərdə yeni bir mərhələ başlayıb. Ənənəvi diplomatik rıçaqlardan fərqli olaraq, bu gün informasiya təzyiqi, siyasi manipulyasiya və ideoloji basqılar ön plana çıxır. Kremlə yaxın media resurslarının, ekspert şəbəkələrinin və “yumşaq güc” alətlərinin fəallaşdırılması Moskvanın Bakıya qarşı hibrid müharibə formatında təsir göstərmək niyyətində olduğunu göstərir.

Siyasi şərhçinin fikrincə, bu prosesdə Azərbaycan nəinki passiv müdafiə mövqeyində qalır, əksinə, informasiya suverenliyini təmin etmək məqsədilə yeni yanaşmalar formalaşdırır.

“Dövlət tərəfindən koordinasiya olunan media siyasəti, strateji kommunikasiyalar sahəsində atılan addımlar hibrid təhdidlərə qarşı həm texniki, həm də konseptual cavab imkanlarını artırır. Azərbaycan öz hekayəsini başqasının dililə yox, birbaşa və sistemli şəkildə özü danışır. İdeoloji sahədə isə milli kimlik, tarixi yaddaş və çağdaş siyasi xətt üzərində qurulan müasir “dövlətçi diskurs” açıq şəkildə Moskvanın manipulyativ ritorikasına cavab verir. Cəmiyyətin informasiya müqaviməti gücləndirilir, gənclərin media savadlılığı artırılır, yad təbliğatına qarşı daxili immunitet formalaşdırılır. Lakin müdafiədən hücuma keçmək üçün təkcə reaksiya vermək kifayət etmir. Hücum strategiyası informasiya təşəbbüsünü ələ almaq, beynəlxalq platformalarda Rusiya ritorikasını ifşa etmək, regiondakı digər hədəf ölkələrlə koordinasiyalı media cəbhəsi qurmaqdan keçir. Bunun üçün isə həm texnoloji güc, həm də siyasi iradə artıq mövcuddur. Məsələ bu imkanların düzgün sinxronizasiyası və operativ istifadəsidir. Azərbaycan artıq ideoloji olaraq “kiçik dövlət – böyük ritorika” tələsindən çıxıb. İndi məqsəd bu ritorikanı həm regional, həm də qlobal informasiya müstəvisində çevik, əsaslandırılmış və güclü məzmunla təmin etməkdir. Rusiya informasiya cəbhəsində nə qədər aqressivləşirsə Azərbaycan bir o qədər ağıllı və sistemli davranmalıdır. Çünki bu savaşı təkcə güc yox, həm də məntiq və intizam qazanacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az