- Siyasi müzakirə
- 17:03
- 1 335
“Fransa Cənubi Qafqazda erməni maraqlarını sülh adıyla təmin etməyə çalışır” – Həşim Səhrablı

“ABŞ və Fransa arasında baş tutan bu telefon danışığını, Fransa tərəfindən səmimi bir təşəbbüs kimi və ya problemin hər iki tərəfin maraqlarına və beynəlxalq hüquqa uyğun həllinə yönəlmiş bir niyyət kimi qiymətləndirmirəm. Bu zəngin əsas məqsədi ondan ibarətdir ki, Fransa yenə də erməni tərəfkeşliyi və ermənipərəst mövqeyindən çıxış edir. ABŞ tərəfindən Vaşinqtonda keçirilə biləcək mümkün görüşlərlə bağlı planlar da bunu göstərir. Son günlər mətbuatda yayılan xəbərlərdən də göründüyü kimi, Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü zamanı Fransa, ermənilərin xeyrinə müəyyən addımların atılması niyyəti güdür. Yəni Fransa çalışır ki, əgər Cənubi Qafqazda sülh olacaqsa, bu sülhün nəticəsində Ermənistan tərəfi daha çox imtiyaz əldə etsin”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio ilə Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı baş tutub. Görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması məsələsini müzakirə ediblər.
Siyasi şərhçi bildirib ki, Fransa, Ermənistanın mövqeyi haqlı olsun ya olmasın, Amerika Birləşmiş Ştatlarının vasitəsilə ona əlavə güzəştlər qazandırmağa çalışır.
“Çünki biz bundan əvvəl də Fransa rəhbərliyinin istər ikitərəfli görüşlərdə, istərsə də fərdi ölkə kimi bütün beynəlxalq platformalardakı çıxışlarında və atdığı real addımlarda şahid olmuşuq ki, Fransa hər zaman Azərbaycan əleyhinə mövqe tutub. Onlar üçün Qarabağ problemi sadəcə erməni maraqlarının təmin olunması vasitəsidir. Cənubi Qafqazda sülh onların nəzərində yalnız ermənilərin üstün olduğu və onların formalaşdırdığı status-kvoya əsaslana bilər. Buna görə də bu gün Fransanın mövqeyində hansısa obyektivlik və ya neytrallıq gözləmək real deyil. Bu zəng daha çox Amerika tərəfinə “erməniləri tək qoymayın”, “onlara daha çox üstünlüklər verin”, “daha çox dəstək göstərin” tipli təzyiqlərin formalaşdırılması məqsədi daşıyır. Mən düşünmürəm ki, bu zəng Fransa kimi Amerikanın da təzyiq göstərməsi üçün bir zəmin yaratsın. Lakin ABŞ üçün Cənubi Qafqazda sülh olduqca vacibdir. Xüsusilə də Donald Trampın vasitəçiliyi ilə bu sülhün əldə olunması ABŞ-ın geosiyasi maraqlarına uyğundur. Mümkündür ki, ABŞ Zəngəzur dəhlizi məsələsini də məhz bu sülh fonunda həll etməyə çalışsın. Belə olan halda, onların maraqları da müəyyən qədər təmin oluna bilər. Bu səbəbdən də ABŞ, Fransa və ya digər ölkələrin dediklərindən və təkliflərindən asılı olmayaraq, öz maraqları çərçivəsində hərəkət edəcək. Çünki Amerika Birləşmiş Ştatlarının maraqları bu gün bölgədəki yeni reallıqlara əsaslanır”.
Siyasi şərhçi əlavə edib ki, bu yeni reallıqlar Azərbaycanın formalaşdırdığı status-kvoya əsaslanır:
“Belə ki, beynəlxalq layihələrdə əsas tərəf, Cənubi Qafqazın əsas aktoru məhz Azərbaycandır. Ərazi və tranzit məsələlərində də yenə əsas oyunçu Azərbaycandır. Bu səbəbdən ABŞ artıq münaqişənin beynəlxalq hüquqa uyğun şəkildə tənzimlənməsi və Azərbaycanın maraqlarını qoruyan bir status-kvonun formalaşdırılmasına üstünlük verir. Bu kontekstdə sülh razılaşması da məhz Azərbaycanın təqdim etdiyi çərçivə üzərində qurula bilər. Nəticə etibarilə, Cənubi Qafqazda artıq sabitlik və yeni inkişaf mərhələsi formalaşmaqdadır. Beynəlxalq qarşıdurmalar fonunda bölgəyə kənardan təzyiqlərin və təhlükələrin azalması vacibdir. Bu, regionun rifahına, sabitliyinə və inkişafına xidmət etməlidir. Eləcə də, Cənubi Qafqazın yenidən qarşıdurma məkanına çevrilməsinin qarşısı alınmalıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az