- Siyasi müzakirə
- 17:11
- 1 418
Siyasi şərhçi: “ABŞ-ın dəhlizə nəzarət iddiası yalnız Ermənistanla bağlı ola bilər”

“Zəngəzur dəhlizinin açılması məsələsi hazırda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında müzakirə olunur. Zəngəzur dəhlizinin reallaşdırılması böyük ehtimalla İran və Rusiyanın maraqlarından kənar baş tutacaq. Yəni bu prosesdə nə İranın, nə də Rusiyanın mövqeyinə xüsusi önəm verilməyəcək. Bu baxımdan İranın narazılığı və ya Rusiyanın etirazı hazırda ciddi əhəmiyyət daşımır. Ermənistana gəldikdə isə, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinə ABŞ-a bağlı bir şirkətin nəzarət etməsi ehtimalı səhnəarxasında müzakirə olunan əsas məsələlərdən biridir. İran rəsmiləri bu barədə yayılan ilk məlumatları təkzib etsələr də, əslində bu, o deməkdir ki, məsələ bağlı qapılar arxasında ciddi şəkildə müzakirə olunur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, Zəngəzur dəhlizi yenidən regional və beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Dəhlizin açılması ilə bağlı müzakirələr və ABŞ-ın bölgədə fəallaşması yeni suallar doğurur. Xüsusilə dəhlizin ABŞ şirkətinə 100 illik icarəyə verilməsi ilə bağlı iddialar diqqət çəkir. Ermənistan əvvəlcə bu iddianı təkzib etsə də, sonradan belə bir təklifin müzakirə olunduğunu etiraf edib. Azərbaycan isə məsələ ilə bağlı hələlik mövqe bildirməyib. İranın da buna qarşı olduğu qeyd olunur.
Siyasi şərhçi bildirib ki, digər tərəfdən, ABŞ rəsmilərinin bu məsələ ilə bağlı verdiyi bəyanatlar Zəngəzur dəhlizində ABŞ-ın iştirakının real gündəm mövzusu olduğunu göstərir.
“Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın bu məsələyə hələ rəsmi münasibət bildirməməsi doğru yanaşma deyil. Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisində hər hansı xarici ölkənin nümayəndəsi və ya operatoru iştirak etməyəcək. Bu səbəbdən də Azərbaycan üçün məsələ artıq bağlanmış hesab olunur. Digər vacib məqam isə ondan ibarətdir ki, ABŞ, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsini nəzarətə götürmək, daha dəqiq desək, icarəyə götürmək niyyətindədir. Bu baxımdan məsələ ABŞ və Ermənistan arasında həll olunmalıdır. Azərbaycan ərazisinə aid olan hissə isə yalnız Azərbaycan və Ermənistan arasında müzakirə mövzusu ola bilər. Bu baxımdan demək olar ki, məsələ artıq yekun razılaşma mərhələsinə qədəm qoyub. Böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra, Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli – Azərbaycan, Ermənistan və ABŞ arasında hüquqi sənəd imzalanacaq. Bu, onu göstərir ki, bölgədə sülh sazişi imzalanmalıdır. Ermənistan, Azərbaycanın iki əsas şərtini – konstitusiyasında yer alan ərazi iddialarını ləğv etdikdən və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı rəsmi müraciət etdikdən sonra, sülh sazişinin imzalanmasında heç bir maneə qalmayacaq. Beləliklə, Cənubi Qafqazda inkişafın yeni mərhələsinin əsası qoyulacaq və bu prosesə Zəngəzur dəhlizinin açılması da daxildir. Bütün regional iqtisadi layihələr isə bölgə dövlətlərinin və onların tərəfdaşlarının maraqları çərçivəsində reallaşdırılmağa başlanacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az